Tofiq Bəhramov kafe müdiri rolunda – Ruslar nə demək istəyir?

Rusiyanın “StarMedia” internet kanalında “Qrin-Film” Yaradıcılıq Birliyinin istehsalı olan “Kulinar 2” serialı nümayiş olunur.

Komanda.az xəbər verir ki, serialın rejissoru Andrey İvanov, ssenari müəllifləri Sergey Kuzminıx, İqor Ter-Karapetov, Mixail Kolodinski, Vladimir Kukovyakin və  Robert Rovnikdir.

Serialın təxmini mövzusu belədir ki, Feliks Malinin Sankt-Peterburqda yaşayır. Azsaylı dost və tanışları arasında o, yaxşı adam, daim rəsmi iş səfərlərində olan qapalı biri kimi tanınır. Üstəlik, onun qeyri-adi bir vərdişi var: o, yemək bişirməyi çox sevir və bunu həqiqətən də yaxşı bacarır. Əslində, Feliks Daxili İşlər Nazirliyinin əməliyyat-axtarış bürosunda xidmət göstərir. Xidmət rəhbərliyindən yalnız bir neçə nəfərin onun haqqında bilgisi var. Hər tapşırığa xüsusi bir zövqlə yanaşır, sanki növbəti yeməyini bişirir və hətta hər bir əməliyyata kulinariyaya aid bir ad qoyur. Elə buna görə ona “Kulinar” operativ təxəllüsü verilir. Onun işi – operativ şəkildə daxilə sızaraq, hüquq-mühafizə orqanlarını maraqlandıra biləcək hər şey haqqında məlumatların toplanmasıdır. Cəsurdur, analitik zehnə malikdir, ağıllıdır və tez bir zamanda istənilən ətraf mühitə uyğunlaşa bilir. Bəzən, işində qeyri-qanuni üsullara da əl atmalı olur və rəhbərlik, nəticə müsbətdirsə, buna göz yumur. Və beləcə… davam edir…

Zamanın darmacal vaxtında heç kimin bütün kanalları, kanallarda nümayiş olunan filmlərin hamısını seyr eləmək imkanı yoxdur. Böyük qardaşım Vaqifin bu serial haqqında dediklərindən, bir vətəndaş olaraq narahatlığından sonra bir neçə seriyasını izləməli oldum. İnsafən, pis də çəkilməyib. Amma indiki halda Rusiya istehsalı olan “Kulinar 2” serialının necə çəkilməsi, əhatə etdiyi mövzular bir tamaşaçı olaraq məni az maraqlandırır. Mən sadəcə olaraq, bu vətəni, bu milləti sevən bir insan kimi narahat edən serialda azərbaycanlı obrazının – kafe müdirinin niyə “Tofiq Bəhramov” adlandırılmasıdır. Bu, bir təsadüfdürmü, və ya burda hansısa başqa gizlinlər var…

Kriminal aləmin bəzi məqamlarının gizləndiyi kafenin müdiri Tofiq Bəhramov adlı azərbaycanlı obrazını Leonid Alimov canlandırır. Niyə məhz Tofiq Bəhramov? Tofiq Bəhramovun dünya şöhrətli azərbaycanlı futbol hakimi olduğunu kim bilmir ki… 

Tofiq Bəhramov DÇ-1966-cı ilin finalındakı İngiltərə – Almaniya qarşılaşmasında verdiyi ədalətli qərarı ilə futbol tarixində unudulmaz iz qoyub. İngiltərə yığmasının futbolçusu Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu. Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi. 

Həmin qərar hələ də müzakirə edilir. Texnologiya inkişaf etdikcə, bu qol da zaman-zaman yada düşür və hər dəfə də əksər mütəxəssislər Bəhramovun haqlı olduğunu qeyd edirlər. Amma əfsanəvi hakimin qərarına “mız” qoyanlar da tapılır. SSRİ dağıldıqdan sonra rusiyalı mütəxəssislərin də arasında belələri tapıldı. Dünənə qədər “sovet hakimi”nin verdiyi qərardan qürur duyanlar, onu ədalətli hesab edənlər Tofiq Bəhramovun dünyada azərbaycanlı, müstəqil Azərbaycanın vətəndaşı kimi tanınmasını həzm edə bilmirdilər. Elə ona görə də, fürsət tapdıqca, əfsanəvi hakimi aşağılamağa çalışırlar.  

Müəmmadır: hər şeydən əvvəl və sonra  “kafe müdirinin niyə məhz Tofiq Bəhramov adlandırılması” sualı… Başqa ad tapmadılarmı? Filmin ssenari müəlliflərindən birinin Ter-Karapetov olması rusların da “bəşarət gözü”nü bağlayıbmı? Düşünməyə dəyər… (Kaspi)

Vasif Süleyman

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button