“Tiflisdə qələbə qazanmağa çalışacağıq”
“Qəbələ”nin baş məşqçisi Zaur Həşimov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Yaxşı komandaya qarşı oynadıq. Meydanda göstərdilər ki, bu gün üçün optimal formadadılar. Əbəs yerə deyil ki, yerli çempionatda 1-ci yerdədilər. Davit Volkov zədəli idi, yeni qoşulanlar da var idi. Sıfırdan yeni komanda qurmuşuq. Meydanda yaxşı oynadıq deyə bilmərəm. Məğlubiyyət istənilən halda ağırdı. Evdə ilk oyunda bu hesabla uduzmaq daha ağırdı.
- Qalib gəlmək üçün plan nə idi?
- Bütün qol imkanlarımız hücum paslarından sonra oldu. Son zərbələrə görə qol vura bilmədik.
- Ülvi İsgəndərlinin əvəzinə başqasını meydana buraxa bilməzdizmi?
- Ülvi yaxşı formadadı. Məşqlərdə də özünü yaxşı göstərir. Sadəcə bu gün onu əvəz etmək üçün sadəcə, Kristian var idi. O da tam hazır deyil.
- Volkov meydandan çıxandan sonra sizə etiraz etdi.
- Volkov bizimlə 2 həftə məşq edib. Təlim-məşq toplanışında zədələndi. Sadəcə, son yoxlama oyununda 90 dəqiqə meydanda olmuşdu. Etirazı normaldı. Oynamaq istəyinə görə etiraz etdi. Böyük etiraz olmadı.
- Cavab qarşılaşmasında nəyə ümid edirsiz?
- Futboldu. Rəqibi bu gün daha yaxşı tanıdıq. Üstün tərəflərini də gördük, zəif tərəflərini də. Biz də ora uduzmaq üçün getməyəcəyik. Qalib gəlməyə çalışacağıq.
- Mövcud heyətlə Premyer Liqada hədəfləriniz nə olacaq?
- Bu gün bu, komandanın optimal vəziyyəti deyil. Çempionatda daha yaxşı komanda görəcəyik. Konkret hansı hədəflər var, bilmirəm.
- Bu nəticəni rəqibin açıq futbolu ilə əlaqələndirmək olarmı?
- Onların bu oyunu hazırlıqlarına görədi. Ən əsası da, çempionatlarının davam etməsi və uzunmüddət bir yerdə oynamasıdı. Onların meydanda etdiklərinə baxsaq, görünürdü ki, məşqçi nə istəyirsə, futbolçular da meydanda onu edirdi.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin