“The Best”: Messi yenə hamını qabaqladı

2022-ci ilin ən yaxşı kişi və qadın futbolçusuna təqdim olunan “The Best” mükafatının sahiblərini açıqlayıb.

Komanda.az xəbər verir ki, mərasim bu gecə Fransanın paytaxtı Paris şəhərində təşkil olunub.

“The Best” mükafatının qalibi Argentina millisinin və PSJ-nin (Frannsa) hücumçusu Lionel Messi elan olunub. O, Kərim Benzema (Fransa, “Real”) və Kilian Mbappeni (Fransa, PSJ) qabaqlamaqla baş mükafata sahib çıxıb.

Qadın futbolçular arasında isə Aleksiya Putelyas (İspaniya, “Barselona”) bu ada layiq görülüb. O da Bet Mid (İngiltərə, “Arsenal”) və Aleks Morqanı (ABŞ, “San Dieqo Veyv”) geridə qoyub.

Argentina yığmasının və “Aston Villa”nın şərəfini qoruyan Emiliano Martines 2022-ci ilin ən yaxşı qapıçısı elan edilib. O, digər iki namizəd Yassin Bunu (Mərakeş, “Sevilya”) və Tibo Kurtuanı (İspaniya, “Real”) qabaqlayıb.

Qadınlar arasında isə İngiltərə yığmasının qapıçısı Meri Erps (“Mançester Siti”) ən yaxşı elan edilib. O, Ann-Katrin Berger (Almaniya, “Çelsi”) və Kristiana Endlerdən (Çili, “Olimpik”, Lion) üstün olub.

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni 2022-ci ilin ən yaxşı baş məşqçisi seçilib. O, ən yaxşı baş məşqçi adı uğrunda mübarizədə italiyalı Karlo Ançelotti (“Real”) və “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiolanı qabaqlayıb.

Qadınlar arasında da İngiltərə millisinin Niderlanddan olan baş məşqçisi Sarina Viqman ötən ilin ən yaxşısı seçilib. O, Sonya Bompastor (Fransa, “Olimpik”, Lion) və Pia Sundxage (İsveç, Braziliya millisi) ilə mübarizədən qalib ayrılıb.

FİFA 2022-ci ilin Puşkaş mükafatının da qalibini açıqlayıb. Amputa futbolu üzrə Polşanın “Varta” klubunun üzvü Martsin Oleksi baş mükafata sahib çıxıb. O, braziliyalı Rişarlison və fransalı Dimitri Payetin vurduğu qolları geridə qoyub.

Gürcüstan yığmasının və İtaliyanın “Kremoneze” klubunun müdafiəçisi Luka Loçoşvili FİFA feyr-pley mükafatını qazanıb. İlin ən yaxşı azarkeşı mükafatına isə Argentina yığmasının azarkeşləri layiq görülüblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button