Terimlə 12 futbolçunun müqavilə müddəti bitdi

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin İstanbul təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssisin Super Liqa klubu ilə sözləşməsinin müddəti mayın 31-nə qədər idi.

Bu üzdən də o, ötən gün klubun bazasına gələrək bütün əşyalarını yığışdırıb və “Qalatasaray”dan gedib.

Qeyd edək ki, Terimin klubla müqaviləsinin müddəti bitsə də, onun yenidən komandanın baş məşqçi postunda qalması ehtimalı var. Düzdür, indiki prezidenti Mustafa Cengiz bir müddət öncəki açıqlamasında Terimlə çalışmayacağını bəyan etmişdi. Amma Cengizin də prezidentlik müddəti başa çatmaq üzrədir və o, yenidən namizədliyini irəli sürməkdən vaz keçib. Digər namizədlərdən birinin seçiləcəyi halda Terimi baş məşqçi postunda saxlaması istisna edilmir. Təcrübəli məşqçinin taleyinə iyunun 19-da baş tutacaq prezident seçkilərində qalib gələcək yeni prezident və onun müəyyənləşdirəcəyi idarə heyəti aydınlıq gətirəcək.

Fatih Terim 2017-ci ildən “Qalatasaray”ı çalışdırırdı. Bu, onun İstanbul təmsilçisində 4-cü baş məşqçi təyinatıdır. 67 yaşlı mütəxəssis son 3.5 mövsümdə komandanı iki dəfə Super Liqada, bir dəfə Türkiyə kubokunda, bir dəfə də Türkiyə super kubokunda uğura daşıyıb. Bütövlükdə isə o, bu komandanı 8 dəfə Türkiyə çempionu, 2000-ci ildə UEFA kubokunun qalibi edib.

“Qalatasaray”da Terimlə yanaşı, 12 futbolçunun da müqaviləsinin müddəti başa çatıb. Türkiyə mətbuatının yazdığına görə, İstanbul təmsilçisində adları aşağıda qeyd olunan futbolçular iyunun 1-dən etibarən azad agent statusu daşıyırlar:

Rayan Donk, Marselo Saraççi, Ömer Bayram, Emre Taşdemir, Martin Linnes, Şener Özbayraklı, Etebo, Jedson Fernandes, Emre Akbaba, Henri Onyekuru, Halil Dervişoğlu, Arda Turan.

Terim kimi, bu futbolçuların da taleyinin necə olacağı dəqiq bilinmir. Böyük ehtimalla oyunçuların da aqibətinə klubun yeni rəhbərliyi aydınlıq gətirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button