Tennis məşqçisinin ümidinə qalan AFFA
Abdulla İsmayıloğlu
“Həyatın axıntılarından keçmək üçün kimsə sənin yerinə körpü tikə bilməz” (Fridrix Nitsşe)
Alman filosofun müdrik kəlamından fərqli olaraq, AFFA rəhbərliyi Azərbaycan millisini yaşıl meydanlardan üzüağ çıxarmaq üçün körpülər tikmək əvəzinə, onun rüsvayçı tənəzzülünü daha da sürətləndirmək üçün dərin çuxurlar qazmaqdadır. Bunun davamı olaraq ölkənin bir nömrəli komandasının “sükanı arxasında” olduğu müddətdə “dilənçi payı” kimi 1 xal qazanan Canni De Byazini postunda saxladı. Bu azmış kimi, 03.12.2021-ci il tarixdə “İdman Azərbaycan” telekanalının “İdman səhər” verilişinə Byazinin vəzifədə saxlanılmasının zəruriliyindən söz açmaq üçün üç nəfər dəvət edilir. Onlardan ikisi AFFA yönümlü idman jurnalisti, biri isə tennis üzrə məşqçidir. “Saray jurnalistləri”nin dəvət olunması gözlənilən olsa da, futbolla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan tennis məşqçisinin De Byazinin postunda saxlanılmasının vacibliyi ilə bağlı müzakirəyə dəvət edilməsi hansı məntiqə sığır? Gör Azərbaycan futbolunun başında duranlar hansı absurd səviyyələrə qədər eniblər ki, özlərinin yarıtmaz siyasətlərini alqışlatmaq üçün tennis məşqçisini ictimaiyyət önünə çıxarırlar. Dünyanın ən korrupsioner, futbolunun qumarın bir sahəsinə çevrildiyi ölkələrdə də bu cür hala rast gəlinmədiyi halda, AFFA sayəsində Azərbaycanda belə absurd hadisə baş verdi. Görünür, idman telekanalları artıq veteran futbolçuları, mütəxəssisləri, obyektiv idman jurnalistlərini dəvət etməkdən son dərəcə ehtiyat edir. Çünki həmin şəxslər ölkə futbolunun çirkli sulara yuvarlanmasında və Azərbaycan millisinin yaşıl meydanlarda rüsvay edilməsində AFFA-nın necə “memarlıq” etməsini bütün çılpaqlığı ilə seyrçilərə, ictimaiyyətə, xalqa bəyan edəcəklər. Verilişə dəvət edilən jurnalistlərin və tennis məşqçisinin fikirlərinin qısa məzmunu belə idi:
– İndiki şəraitdə başqa bir məşqçi gətirmək məntiqsiz olardı;
– Byaziyə şans verib, yaxşı nəticəyə ümidimizi itirməməliyik;
– Byazini çox qınaq obyektinə çevirməməliyik, ölkə çempionatında cəmi 8 komanda mübarizə aparır və yığmaya da il ərzində cəmi 40 futbolçu namizəd ola bilir;
– Yığmamızın inkişafı üçün ölkə çempionatında klubların sayı artırılmalıdır;
– Futbolçularımızın xarici ölkələrdə legioner həyatı yaşamalarına təkan verməliyik və s.
Bu azmış kimi, sözügedən verilişdə arxa fondakı ekranda icmal olaraq videogörüntülərdə millimizin Belarus yığması ilə yoxlama oyunundakı qələbəsi və Emin Mahmudovun seçmə mərhələdə vurduğu qollar nümayiş etdirilirdi. Sanki bununla AFFA-nın yarıtmaz siyasətini və italiyalı baş məşqçinin seçmə mərhələdəki fiaskolu çıxışını kompensasiya etməyə çalışırdılar. Daha 10 ay müddətində Byazini postunda saxlamaqdansa, ona veriləcək məvacibi özünü məşqçi kimi sübut etmiş, ölkə futboluna və yerli oyunçulara daha yaxından bələd olan yerli məşqçilərə vermək, onlara “yaşıl işıq” yandırmaq olmazdımı? Amma bu gedişlə, AFFA “kardinallar”ı yerli məşqçiləri Azərbaycan millisi kimi yerində saydırıb qocaltmaqda qəti şəkildə qərarlıdırlar. Bütün bu dediklərimdən sonra sanki böyük bir zəfər əldə ediblərmiş kimi AFFA rəhbərliyi və onlara münasibətdə loyallığı ilə diqqət çəkən qurumların, komitələrin rəsmiləri mafiya babaları kimi fərəhlə əyləşib, şəkil də çəkdirirlər. Bu “fərəhlənənlər konseyi”ndə 16 ildən çox ölkənin xarici işlər naziri olan və bu müddət ərzində diplomat kimi Azərbaycan üçün heç bir zəfər qazandırmayan Elmar Məmmədyarov da yer almışdı. Görünür, AFFA rəhbərliyi ölkə futbolunun tənəzzülünü xarici ictimaiyyətin nəzərindən yayındırmaq üçün səriştəsiz eks nazirin təcrübəsindən də faydalanmağı düşünür.
Əsas odur ki, AFFA rəhbərliyinin şəxsi mənafeləri, rifahları çiçəklənsin. Ölkə futbolu tənəzzül etsə, Azərbaycan millisi sürünsə, yerli futbolçular “paslansa” da olar.
Bizi Facebook-da izləyin