Tarixin ən möhtəşəm dünya çempionatı?! – Yazı+Fotolar

Vüsal “Aydın” Qəmbərov

Tarix yazmaq, tarixə adını yazdırmaq… Bəşər övladının ən böyük arzularından, xəyallarından biri… Alınmadığı anlarda belə, heç olmasa, tarixə şahidlik etmək… 8 il əvvəl FİFA Rusiya və Qətəri DÇ-yə ev sahibi kimi seçəndən bəri tarix gözümüzün önündə yazıla yazıla-yazıla gəldi. Tarix bir ərəb ölkəsinin dünya çempionatı kimi mötəbər bir turniri keçirməyindən narahat olduğu üçün hər cür hoqqa çıxardanları da yazdı, “istemem, sağ cebime koy” deyib, turnirdə qalib olmaq üçün özünü dağıdanları da… Tarix səhrada keçirilən DÇ-ni də yazdı, hamını təəccübləndirərək, bizə ən möhtəşəm şounu təqdim edənləri də… Və təbii ki, bu siyasi səs-küydən daha artığını… Messinin dünya çempionluğunu, tarixin yaddaşına köçürülən saysız-hesabsız rekordları, möhtəşəm futbolu, bir-birindən gözəl qolları, VAR-ları və daha nələri…

İcazənizlə, son bir ayımızı futbolla canlandıran və rəngləndirən Qətər çempionatını sizin üçün xülasə edək. İmkan daxilində hər mövzudan danışmaq istəyirik, ona görə də, çayınızı, kofenizi süzün, hətta çərəzinizi də qoyun böyrünüzə və getdik…

Messi

Tarix bir və ya bir neçə futbolçunun ulduzlaşdığı turnirlər, çempionatlar, lap elə DÇ-ləri çox görüb. Kroyffun DÇ arzusunu ürəyində qoyan 1978, Rossinin həbsdən çıxıb gəlib İtaliyanı çempion etdiyi 1982, Krişitano Ronaldonun hələ də gözümüzün önündən çəkilməyən “məşqçiliyi” (2016), 1998-2002 arasında cəmi 36 oyuna çıxsa da, Braziliyanı 5-ci çempionluğuna aparan Ronaldo, 1986-da təvazökar heyət ilə arzusuna çatan Maradona, Zidanın Fransası vs. Amma heç bir turnir bir futbolçunun bu qədər kölgəsində qalmamışdı. Bir az paradoksal səslənsə də, tarixin ən möhtəşəm DÇ-lərindən birini izləsək də, Messi fiquru, onun DÇ həsrəti, dünyanın onun üçün bu titul arzusu turniri üstələdi. Hətta turnir özü özünü elə tənzimlədi ki, Messinin çempionluğu önündəki maneələr bir-bir aradan qalxdı. Və axırda Messinin də dediyi kimi, “Tanrı bu kuboku ona hədiyə etdi”. Futbolun əfsanəsi “beşt”ini də geyinib, öz möhtəşəm karyerasının məntiqi sonuna doğru addımını atdı. Hələ oynayacaq, amma bundan sonra bir idmançı kimi heç bir titul əskiyi olmadan.

86, 94, 98, 2014, yoxsa 2022 ölçülməsi mümkün olmayan, uzağı anket edib insanların qavrayışını öyrənə biləcəyimiz bir məqamdır. Görəsən, Qətər çempionatı nə qədər maraqlı oldu? Belə bir reytinq varsa, 2022 tarixdəki digər turnirlər arasında harada dayanır? Şəxsən mənim dərk edərək izlədiyim 8-ci mundial oldu. 1994 və 98, sonra isə 2014 çox gözəl keçmişdi. Daha stajlı azarkeşlər 1986-nı çox tərifləyir. Həqiqətən, çox qüvvətli heyətlərin və maraqlı oyunların olduğu bir turnir idi, söz yox. Təkrar edirəm ki, bu, bəzən nisbi, bəzən isə fərqli meyaların təsiri altında formalaşan, bir az da subyektiv məsələdir. Amma bir fakt var ki, 172 qolla Qətər mundialı tarixin ən bol qollu DÇ-si oldu. Özü də, finalın əlavə vaxtındakı 1:1 sayəsində köhnə rekord – 171 rəqəmi arxada qalmış oldu. Çox qol hər şey demək olmasa da, çox şey deyir…

Tarixin ən möhtəşəm DÇ-si idi, ya deyildi, mübahisə etmək olar, amma tarixin ən maraqlı mundial finalını izlədiyimizi əminliklə deyə bilərəm. Özü də, 70-ci dəqiqəyə çatanda “bu Fransa niyə belə edir?” deyib deyinərkən, hətta hərdən əsnəyərkən, oyunda elə dönüş yarandı ki, son saniyələrə qədər gözümüzü qırpa bilmədik. Finala bundan layiq sonluğu heç Ceyms Kameron düşünə bilməzdi ki, futbolun şeyxi Messi və vəliəhdi Mbappe düşündülər və tətbiq etdilər.

Rekordlar, rekordlar

Təbii ki, hər DÇ bizə yeni rekordlar xatirə qoyub gedir. Amma hafizəmi bir az qurdalasam da, beləsini gördüyümü xatırlamıram. Ən çox qolun vurulduğu DÇ Messini 5 turnirdə ötürmə edən, Ronaldonu isə qol vuran ilk futbolçu kimi tarixin yaddaşına köçürdü. Adlarına layiq şəkildə… Amma məncə, “rekordlar” paraqrafını ən yaxşı anlamağımız üçün 3 faktı xatırlamaq lazımdır: Manuel Noyer 19-cu DÇ matçına çıxaraq, mundiallar tarixində ən çox oyun keçirən qapıçı olmuşdu ki, Lloris Tunislə oyunu buraxsa da, finala qədər çataraq, 20-ci oyununu keçirdi və eyni rekord bir turnirdə ikinci dəfə qırıldı.

Messi isə elə həmin oyunda DÇ-nin mütləq rekordunu Lotar Matteusun əlindən aldı – 26 oyun. Bu bilirsiz nə deməkdir?

Qətərdəki dünya çempionatı futbolun son 20 ilinə iz qoymuş böyük futbolçuların sonuncu mundialı oldu. Onların adlarını burada sıralamaq mümkün deyil hətta. Nəinki fərdlər, Belçikanın “qızıl nəsli” mundial vasitəsilə bizimlə vidalaşdı. Xoş vida olmasa da…

Məni ən sevindirən vidalardan biri şübhəsiz, Luka Modriçin boynunda bürünc medalla getməsi oldu.

Bu turnirdə sadalamadığım bir çox başqa rekordlar da qırıldı. Onsuz da çoxundan xəbərdarıq. Hələ danışası çox sözümüz var, davam edək…

Mərakeş, Yaponiya... Elə bu?

Elə bir dünya çempionatı yoxdur ki, sürprizlərlə bizi təəccübləndirməsin və təbii ki, eyni zamanda, böyük yığmalardan hansılarsa azarkeşlərini məyus etməsin. Bu çempionatı maraqlı edən şeylərdən biri bu mövzudakı əlahiddəlik oldu. Məyusluqları çox saya bilərik, amma turnirdə cəmi bir vacib sürpriz oldu. O da Afrika tarixinin ilk yarımfinalçısı Mərakeş. Ərəblərin qüruru, “Atlasın aslanları” nə 2002-dəki Koreyaya, nə 2004-dəki Yunanıstana, nə 2018-dəki Rusiyaya bənzəmədi. Çempionatı izləyən heç kim onların bəxt sayəsində buralara gəlib çıxdığını deyə bilməz. Mərakeş turnirin ən ağır qrupundan rəqiblərindən qol buraxmadan, lider çıxdı. “Rəqiblərindən” deyirəm, çünki Kanada ilə oyunda qol buraxsalar da, onu Aguerd öz qapılarına vurmuşdu və hesab artıq 2:0 idi, məsələ həll edilmişdi. İspaniya və Portuqaliya isə “pley-offda Mərakeş əlimizdən canını qurtardı” deyə bilməzlər, çünkü heç biri Mərakeşi üstələyə bilmədi.

Bir də, Yaponiyanın İspaniya və Almaniyanın qrupundan lider çıxıb, mini sürpriz etməsini qeyd etməliyəm. Amma orda İspaniyanın şübhəli məğlubiyyəti… Lənət şeytana… Asiyalılar bir az da qabağa getsəydi, onları da tərifləyərdik.

Məyusluqlar isə bundan qat-qat çox oldu. Almaniya və Belçikadan danışım, yoxsa Mərakeşin “şikarlar”ı İspaniya və Portuqaliyadan? Bəlkə, Braziliyanı xatırlayıb, “əcəb oldu” deyək?

Bəli, çempionata güclü və iddialı gələn çox idi. Amma güclü Fransaya uduzan İngiltərə və iki finalçıdan başqa, bütün nəhənglər ümidləri doğrultmamaqla yadda qaldı. Futbolun gedişatına baxanda, bundan sonra adətən belə olacağını gözləmək olar. İndi isə bu turnirdən bizə qalan xatirələri sıralayaq və sonra keçək turnirin “ən”lərini seçməyə…

Diqqət çəkən məqamlar

Təbii ki, beləsi çox oldu. Bəzilərini qeyd edək. Amma hardan başlayacağımı dəqiq bilmirəm. Görək nə VAR, nə YOX…

  • VAR artıq 3-cü böyük turnirdə hakimlərin köməyində idi. Futbolda hakimlərin işinin nə qədər ağır olduğunu bu texnologiya bir daha göstərir. Bu qədər insan, bu qədər kamera, amma bəzən elə epizodlar olur ki, hakim özü bir neçə saniyə ərzində qərarı öz yozumu əsasında verməli olur. Yoxdur mükəmməllik! Hətta 1-2 oyunda yarı-avtomatik offsayd sisteminin biabırçı oyundankənar qərarları bizə dedi ki, texnologiya da səhvlər edə bilir.
  • Adam bilmir hər şeyə rəğmən, bu tirniri Qətərə verən FİFA-nı, acgözlüyünə salıb rüşvətlə mundial keçirən Qətəri qınasın, yoxsa paxıllığına güc gələ bilməyən, propaqanda edən qərb ölkələrini qınasın. Amma bu möhtəşəm turnirdə stadionları boş görmək ağrılı idi. Hətta ən taleyüklü pley-off oyunlarında belə. Tribunalarda gözəl görüntülər var idi, amma boşluqlar ürək ağrıtdı. Bununla yanaşı, mütləq demək lazımdır ki, Qətər təşkilatçılığın öhdəsindən artıqlamasıyla gəldi. Heç bir təşvişə ehtiyac yox imiş.
  • Bir inanan müsəlman kimi, bu səviyyədə turnirdə “Quran” oxunması, İslama hörmət göstərilməsi şəxsən xoşuma gəldi və bir az düşünəndə, tarixdə ilk olduğunu deməliyik.
  • Mərakeşin uğuru, Seneqalın Ekvadoru üstələyib pley-offa çıxmasının üzərinə Tunis, Səudiyə Ərəbistanı və İran da vəsiqəni əlavə etsəydi, əminliklə deyə bilərdik ki, Ərəbistan yarımadası müsəlmanlara düşdü. Amma…
  • İlk qış çempionatına hamı eyni hazırlıqla gəlməmişdi. Xüsusilə, orta yaş üstü və klubunda çox oynayan futbolçularda qəribə yorğunluq var idi. Amma pley-offdan sonra bu məsələ bizə mane olmadı və sürət bərpa oldu.
  • Bir az bu siyahıya yad gorünə bilər, amma mütləq qeyd etməliyəm. Oyun qurucu hücumçu-yarımmüdafiəçi kimi çıxış edən Antuan Qrizmann həm indiyə qədər öyrəşmədiyimiz funksiyanı mükəmməl yerinə yetirdi, həm də turnirin gizli qəhrəmanı oldu.

“ƏN”lər

Xülasə edərək deyim ki, turnirin ən yaxşı oyunçusu, qapıçısı və gənc oyunçusu kimi Messi, Martinez və Fernandesin seçilməyi ədalətli idi. Sadəcə, Martinesin o hərəkətinə görə mükafatı “Komanda şəklində” ondan alıb, Livakoviçə veririk. Bir də, buraya ən yaxşı məşqçi kimi Mərakeşin çalışdırıcısı Valid Reqraquini əlavə edək.

Oyunçu: Messi

Qapıçı: Livakoviç

Gənc oyunçu: Fernandes

Məşqçi: Reqraqui

Qızıl anı: Turnirdəki bir hərəkət, bir an olaraq ən həlledici məqam final matçının son saniyələrində Emiliano Martinezin Kolo-Muaninin qüvvətli zərbəsini çıxarması oldu. Şəksiz və şübhəsiz! O epizod Argentinanın çempionluğa gedən yolunu açdı.

Qolu: Braziliyanın bu turnirdən bəlkə də, yeganə xoş xatirəsi Riçarlisonun serblərə vurduğu “qayçı zərbə” oldu. Turnirin ən gözəl qolu nominasiyasında rəqibi yoxdur.

Məyusluğu: Kimlərsə bunun Almaniya olduğunu deyə bilər, amma gəlin, Belçikanı seçək. Çünkü xüsusilə, Xorvatiya ilə son oyunda Romelu Lukaku qapıçı meydançası daxilində 4 dəfə sadə vəziyyətlərdən qol vura bilmədi və beləcə, xorvatları Yaponiya ilə oyuna göndərdi. Kevin de Bruynenin “qocayıq, ona görə alınmır” söhbəti isə mundialın duzu-bibəri oldu.

Zarafat mövzusu: …və ya ürək xəstəliyi səbəbi. Lautaro Martines. Hələ də inana bilmirəm ki, DÇ boyunca Argentinanın hədəfə gedən yolunu bağlamaq üçün (qeyri-iradi) hər şeyi edən Lautaronun 75 milyon avro bazar dəyəri var.

Kəşfi: 2014-ün Xames Rodriqesi kimi DÇ-lər bir çox futbolçuları bizə tanıdıb. Bu dəfə də oldu belələri, amma deyərdim ki, çox olmadı. Təbii ki, Livakoviç mütləq o sıradadır. Amma mənim seçimim Xuilan Alvares oldu. Hətta Lionel Skaloni belə, deyəsən, onu Qətərdə kəşf etdi.

Feyr-pley mükafatı: Mərakeşli hakim İsmail Əlfəthin Kamerunun hücumçusu Vinsent Abubakara formasını çıxarmasına görə ikinci “sarı” və dolayısıyla, qırmızı vərəqə göstərdikdən öncə onu təbrik etməsi və üzr istəməsi. Tarix belə gözlə mənzərəni də yazdı…

Ən yaxşı “11-lik”:

Dominik Livakoviç (Xorvatiya) – Teo Hernandes (Fransa), Yosko Qvardiol (Xorvatiya), Romeyn Saiss (Mərakeş), Nahuel Molina (Argentina) – Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Bruno Fernandes (Portuqaliya) – Kilian Mbappe (Fransa), Olivye Jiru (Fransa), Lionel Messi (Argentina)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button