Məşhur sabiq futbolçu tennis turnirində çıxış edəcək
“Mançester Yunayted”, “Atletiko” və Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan Montevideoda (Uruqvay) tennis üzrə “Çellencer” turnirinə çıxıb. O, Federiko Koria ilə qoşa yarışlarda çıxış edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Montevideodakı turnir gil üzərində keçiriləcək və noyabrın 11-də başlayacaq.
Forlan bundan əvvəl Limada (Peru) keçirilən MT-1000 yarışında veteranlar reytinqində dünyanın 45-ci raketka ustası olan braziliyalı Antonio Amara da Silva Filyoya (3:6, 2:6) məğlub olaraq, 1/4 finalda mübarizəni dayandırıb.
Dieqo Forlan 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilib. O, 2011-ci ildə Amerika kubokunun, iki dəfə “qızıl buts”un qalibi olmaqla yanaşı, Uruqvay tarixinin ən məşhur futbolçularından biridir.
Bizi Facebook-da izləyin