Talesiz “Qəbələ”nin taleyi necə olacaq?

Bu gün “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun tutduğu vəzifədən istefa verməsi xəbəri çoxu üçün gözlənilməz oldu. Əslində, Heydərovun 2006-cı ildən rəhbərlik etdiyi “Qəbələ”dən ayrılacağı xeyli əvvəldən məlum idi. Amma indi yox, mövsüm başa çatdıqdan sonra. Ola bilsin, bu istefanı gözlənilməz edən də məhz budur – mövsüm başa çatmamış reallaşması.

Tale Heydərovun atası, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı xəbərlər artıq çoxdan mətbuatın manşetlərini bəzəyirdi. Heydərovun nəzarətində olan müxtəlif obyektlərlə vidalaşdığı xəbərlərə çevrilib, mətbuatda çıxırdı. Elə buna görə də, Tale bəyin “Qəbələ”dən ayrılacağı ehtimal olunurdu.

İndi isə əsas sual budur: “Qəbələ”nin taleyi necə olacaq? Artıq sosial şəbəkədə əyalət komandasının da “Səbail”, “Neftçi”, “Kəpəz”, “Sumqayıt”, “Keşlə” kimi AFFA-nın nəzarətinə keçəcəyi ilə bağlı narahatlıq əks etdirən fikirlər səslənir. Qəbələ təmsilçisi də AFFA-nın “cib klubu”na çevrilə bilərmi? Mümkündür. Amma Komanda.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ” ilə bağlı daha real olan variant komandanın “Zirə” kimi, hakimiyyətə yaxın qüvvələrin nəzarətində olacağıdır. Yəni komanda hakimiyyətə yaxın bir şirkətə, quruma tapşırılacaq. Və ya “qırmızı-qaralar”ın hansısa nazirliyə həvalə oluna biləcəyi ehtimalı da var. Ehtimallar arasında komandanın AFFA-nın nəzarətinə keçəcəyi yoxdur.

“Qəbələ” son illərdə Azərbaycan futbolunu Avropada uğurla təmsil edən klublardan biri olub. Ən vacibi, bu komanda hazırda Premyer Liqada təmsil olunan yeganə rayon komandasıdır! Ümid edək ki, “Qəbələ”nin taleyi ilə bağlı qərar verəcək insanlar bütün bunları nəzərə alacaq, bu komandanı da AFFA-nın “cib”indən asılı vəziyyətə salıb, daha bir rüsvayçılığa imza atmayacaqlar.

P.S. Klubun ümumiyyətlə, fəaliyyətini dayandıracağı haqda xəbərlər də yayılmağa başlayıb.

Komanda.az  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button