Taksi sürücüsü, siqaret və “Səbail”
Rəşad Ergün
İşə tələsirəm. Bayaqdan neçə taksi gəlib keçib, hamısı da dolu. Bir neçə dəqiqə də keçir, nəhayət, arxa oturacaqlarında iki xanımın əyləşdiyi bir taksi düz qarşımda dayanır. Urra! Sevinirəm və sevinc içində bayaqdan mənim kimi taksi gözləyənlərdən daha cəld tərpənirəm, sürücünün yanındakı oturacağa əyləşirəm. Oturan kimi əlimi təhlükəsizlik kəmərinə uzadıram. Orta yaşlı, gözündə gün eynəyi olan sürücü üzünə təbəssüm verib soruşur:
- Neynirsən?
Mən də özümü gülümsəməyə məcbur edirəm: - Heç nə, kəməri taxmaq lazımdır.
Bu dəfə sürücünün üzündəki təbəssümü narazılıq əvəz edir: - Əmoğlu, sən kəməri taxsan, gərək mən də taxım, rədd elə getsin.
Yenə gülümsəməyə məcbur oluram: - Təhlükəsizliyim üçün, həyatım üçün lazımdır.
Kəməri taxıram və üzünü turşudan sürücü də eyni şeyi edir.
Bizim ölkəmizdə qanunlar, qaydalar insanlar üçün deyil. Daşlar, kağız, metal parçaları üçündür. Bir ara avtomobillərdə təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə qarşı az qala müharibə elan olunmuşdu, insanlar, xüsusən də sürücülərin çoxu kəmər taxmağa məcbur qalmışdı. Amma sürücülər və sərnişinlər təhlükəsizlik kəmərlərinə zorla da olsa öyrəşməmiş, o “müharibə” dayandı. İndi yenə kefi istəyən təhlükəsizlik kəməri taxır, kefi istəməyən taxmır. Azərbaycanın yol polislərinin canı sağ olsun, onlar da öz kefləri üçün yaşayır və işləyir…
20 yanvar metrostansiyasının piştaxtaların olduğu, şıdırğı alverin getdiyi keçidi var. Orda keçiddə divarlara “Burda siqaret çəkmək qəti qadağandır!” plakatları yapışdırılıb. Amma… Hər kəs siqaret çəkir, satıcılar da, alıcılar da, keçiddən keçib gedənlər də. Sanki divarlara “Burda siqaret çəkmək qəti qadağandır!” yox, “Burda siqaret çəkməyənin ölüsünə, dirisinə…” yazılıb.
Hə, yoldaşlar, bizim ölkəmizdə qanunlar, qaydalar insanlar üçün deyil, daşlar, kağız, metal parçaları üçündür. Daşın, kağızın, metal parçalarının üzərinə qadağalar yazılır, biz isə onları görməzdən gəlirik, vəhşicəsinə pozuruq.
Əslində, dünən vay xəbəri yayılan “Səbail”lə giriş edəcəkdim yazıya. Artıq bilirsiz çoxunuz, bir neçə gün əvvəl Avropa Liqasında Rumıniya klubu iki oyun keçirmiş bu komanda dağılır, futbolçuların çoxu gedir, çünki rəhbərlikdən onlara maliyyə probleminin olduğunu deyiblər. Hə, hə, yazıya qara xəbəri yayılan “Səbail”lə giriş etməyi düşünürdüm. Sonra fikrimdən daşındım, guya “Səbail” dağılsa nə olacaq, dağılmasa nə olacaq? Öz həyatı üçün təhlükəsizlik kəməri taxmayan, qadağan olunmuş yerdə kütləvi şəkildə siqaret tüstülədərək başqalarının sağlamlığını vecinə almayan, keçidləri qoyub, kenquru kimi yolun təhlükəli hissələri ilə tullana-tullana gedən, yaşıl işığı gözləməyib, qırmızıda keçən, qayda-qanun hərləməyən adamlar üçün qaydalara-qanunlara tərs gələn bir klubun – “Səbail”in dağılıb-dağılmaması nə qədər əhəmiyyətlidir ki?
Bizi Facebook-da izləyin