Tahir Süleymanov: “Yenidən xaricə üz tutulsa, məntiqsizlik olar” – MÜSAHİBƏ
AFFA bir neçə gün əvvəl Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollarını ayırıb.
Şimşək 2022-ci ilin yayından Hakimlər Komitəsinin sədri postunu tuturdu və bu müddətdə hakimlikdə yaşanan problemlərə görə az tənqid edilməmişdi.
Keçmiş FİFA hakimi Tahir Süleymanovla AFFA-nın Barış Şimşəklə vidalaşması mövzusunda danışdıq:
– Tahir bəy, bildiyiniz kimi, AFFA Barış Şimşəklə yollarını ayırıb. Sizcə, doğru qərardırmı?
– Doğru qərardır! Mövsüm ərzində ilk turlardan hakim idarəçiliyi ilə bağlı narazılıqlar sona kimi davam etdi, klubların haqlı bəyanatları, məşqçilərin, azarkeşlərin etirazları ilə yadda qaldı. Yalnız yeni AFFA rəhbərliyi hakimlik sektorunu tam nəzarətə götürdükdən sonra oyunlarda nisbi keyfiyyət dərəcəsi yüksəldi, referilər daha məsuliyyətli olmağa çalışdılar. VAR-a Avropanın aparıcı futbol ölkələrindən hakimlərin dəvəti müsbət effekt verdi, 4 komandanın avrokuboklara 3 yer uğrunda mübarizəsinə psixoloji olaraq müsbət təsir göstərmiş oldu. Taleyüklü oyunlarda səhvlər olsa da, çox ciddi etirazlar yaşanmadı. Artıq hiss olunurdu ki, çempionat bitdikdən sonra Barış Şimşək yola salınacaq.
– Bəs, sizcə, AFFA Hakimlər Komitəsinin yeni sədri kim olmalıdır? Və ya, yenə əcnəbi olmalıdırmı?
– Öncə AFFA strukturunda çox güclü və obyektiv nəzarət sistemi, mexanizmi yaradılmalıdır. Azərbaycan hakimlik məktəbi dünya çapında tanınır. Çox az ölkə dünya çempionatı, olimpiya oyunları, UEFA, qitələrarası kubok finallarında hakim təmsilçiliyi ilə öyünə bilər. Yerli potensial yox deyil, yerli mütəxəssislərə üstünlük verilməsinin tərəfdarıyam. Son 5-6 ildə əcnəbilərə güvənildi və heç bir effekt vermədi, əksinə, hakimlik sektoru daha bərbad hala salındı. Yenidən xaricə üz tutulsa, məntiqsizlik olar. Son illərdəki seçimlər istər AFFA, istərsə beynəlxalq dərəcəli hakimlərimiz üçün dərs olmalıdır. Birlik nümayiş etdirilməli, intriqalardan uzaq olmalı, qarşılıqlı inam yaradılmalıdır. Belə olarsa, işlər düzgün aparılarsa, əcnəbilərə ehtiyac olmaz.
– Keçmiş hakim kimi sizə bu post təklif olunsa, razılaşarsız?
– Mənim mövqeyimi federasiya rəhbərliyi, beynəlxalq dərəcəli həmkarlarım, maraqlananlar bilir. Bu mövzuda mətbuata qısa açıqlamalar da vermişəm və yenidən fikir bildirmək, məsələyə qayıtmaq istəmirəm.
Rəşad
Bizi Facebook-da izləyin