Tahir Süleymanov Həmzəzadədən narazı qalıb – …dözə bilmədi
Dünən Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” – “Neftçi” görüşü baş tutdu.
Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra oyunun hakimliyi ilə bağlı xeyli iradlar bildirildi. Görüşün baş hakimi Rəvan Həmzəzadə qarşılaşmada hər iki komandanın bir oyunçusunu meydandan qovdu. Onun “Neftçi”nin üzvü Anton Krivotsyuka qırmızı vərəqə göstərməsi, xüsusilə, mübahisəyə səbəb olub.
Keçmiş FİFA referisi Tahir Süleymanovla turun mərkəzi oyununun idarəçiliyi haqda danışdıq. Süleymanov “Azərbaycan derbisi” adlandırılan matçın idarəçiliyindən qətiyyən razı qalmayıb:
“Qış fasiləsindən sonra klublar kimi hakimlər də oyunlara uyğunlaşmalı, optimal formalarını yığmalıdırlar. Nəzərə alaq ki, klublardan fərqli, hakimlər hazırlıq görüşlərindən məhrum idilər. Avstriyalı Fritz Stuxlik Mingəçevirdə diqqəti fiziki və nəzəri hazırlığa yönəltmişdi. İlk tur onu göstərdi ki, fiziki hazırlıqla bağlı ciddi problem olmasa da, nəzəri hazırlıqda, epizodlara birmənalı yanaşmada nöqsanlar kifayət qədərdir. Oyun praktikasının olmaması da ilk turun hakim idarəçiliyində özünü açıq göstərirdi. Nəinki turun, çempionatın mərkəzi görüşünə milli dərəcəli hakimin təyinatı da futbol ictimaiyyətində sual doğura bilər. Yaxşı olardı ki, statusa uyğun üç FİFA referisindən biri “Qarabağ” – “Neftçi” qarşılaşmasına təyin olunaydı. Bununla yanaşı, digər ölkələrdə də belə hallar olur. Bu, hakimlər arasında rəqabətin artmasını, bacarıqlı hakimlərə özlərini yaxşı tərəfdən göstərmələri üçün şans verilməsini təmin edir. Belə addımlara, təyinatlara cavabdehliyi birbaşa məsul şəxslər daşıyır.
Ölkə səviyyəsində “Qarabağ” – “Neftçi” oyununun ağırlıq dərəcəsi yüksək olsa da, rəqiblərin bir-birinə münasibəti, ilk dəqiqələrdən futbolçuların həddi aşmaması hakimlərin işini yüngülləşdirirdi. Bir komanda taktiki olaraq müdafiəmeylli oynayanda, hakimlərin də üzərinə yük az düşür. Əsasən mövqe hücumları olanda, idarəçilik baxımından oyuna nəzarət asanlaşır. Ona görə də, ilk yarıda ciddi problemlər yaşanmadı. İkinci hissədə daha sürətli, açıq futbol başlayan kimi, baş hakim oyunun psixoloji təzyiqinə tam olaraq dözə bilmədi. Anton Krivotsyukun ikinci “sarı”sı bunun nəticəsi idi. Epizodu saxladıqdan sonra dərhal reaksiya vermədən, hakimlik adına çox böyük pauza ilə ikinci sarı, ardınca qırmızı vərəqə göstərildi. Bu tipli taleyüklü oyunlarda belə şablon qərarlar çox ağırdır. Oyunun axarına mane olmadan ən doğru qərar, Antona son şifahi xəbərdarlığın edilməsi idi. Oyun qaydalarında boşluqlar çoxdur. Şablon idarəçiliyə üstünlük verilsə, ümumiyyətlə, qarşılaşmalar sona çatmaya və ya böyük qalmaqallar yaşana bilər. Oyun ərzində Antonun etdiyi kobudluqdan da artıq epizodlar oldu. Baş hakim bu epizodlarda “sarı”ya əl atmırdı. Daboya qarşı dəfələrlə “sarılıq” kobudluqlar oldu. Bəzi hallarda baş hakim güzəştə gedir, bəzilərini isə ümumiyyətlə düzgün qiymətləndirməyərək, oyunu davam etdirirdi. Antona göstərilən qırmızı vərəqəylə bağlı narazılığın əsas səbəbi bunlardır. Eyni, oxşar epizodlara fərqli yanaşma…
Qara Qarayevin “qırmızı”sı haqlı qərar olnaqla yanaşı, hakimlik diliylə desək, sonda balansın qorunması düşüncəsi idi. Yaxşı ki, görüş heç-heçə bitdi və oyuna görə, hər iki komandanı nəticə razı saldı. Əks halda, idarəçiliklə bağlı etirazlar daha çox olardı.
Mərkəzi oyun, ümumilikdə isə tur onu göstərdi ki, hakimlər matçlara tam hazır deyillər. Stuxlikin nəzəri məşğələlərinin davamı növbəti turlarda belə davam etsə, idarəçiliklə bağlı narazılıqlar çox yaşanacaq”.
Bizi Facebook-da izləyin