Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”
Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, klub rəsmisi öncə oyunla bağlı danışıb:
- Rəqib qapalı oynayırdı. Onların məqsədi bəlkə də penaltilərə getmək idi. İlk qoldan sonra oyun açıldı. Əsl ləzzəti mən orda aldım. Gözəl oyun alındı, “Qarabağ” əla çıxış etdi. Yeni futbolçulardan da razıyam. Güclü “Qarabağ” görürəm. Uğurlu oyun alındı. Bütün komanda yaxşı çıxış etdi. Abdullah Zubirin oyunu ilə adamın lap ürəyi açıldı.
- Son dəqiqələr daha ürəyinizcə oldu?
- Bəli. Onlar çox qapalı oynayırdı. Qoldan sonra açılmaq məcburiyyətində qaldılar. Qapalı oynayan komandaya qarşı hücum etmək və fürsət yaxalamaq çətin olur. Oyun ilk qoldan sonra başladı.
- 2-ci mərhələdə Latviyanın “Riqa”, yoxsa İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşmaq istəyirsiniz?
- İrlandiyaya getmək məncə, xoş olardı. Hər iki komanda ilə oynamağa hazırıq. Bizim üçün fərq etmir. Mənə görə, “Dandolk”la qarşılaşacağıq.
- Qarşınıza Çempionlar Liqasında nə hədəf qoymusunuz?
- Türkiyəli mütəxəssis Taceddin Doğan akademiyamızda koordinatordu. “Qarabağ”da gənc futbolçular yetişdirmək üçün bura gəldi. Bu gün meydanda üç azərbaycanlı oyunçu var idi. Gələcəkdə daha çox yerlilərə üstünlük verməyi arzu edirəm. Taceddin Doğanın bizimlə olması çox mühüm və sevindirici xəbərdi. Yaxşı futbolçularımız var. Yeni transferimiz Maqaye Qeye son dəfə “Osmanlıspor”da oynayıb. Məncə, xeyirli olacaq. Uyğunlaşmaq üçün vaxt lazımdı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odu ki, yeni oyunçuları komandaya tez uyğunlaşdırsın. Allah ona kömək olsun.
- Yeni transferlər komandanı irəli aparmaq üçün kifayətdi?
- Uyğunlaşma tez olsa, kifayətdi. Adaptasiya üçün çox tezdilər. Yeni oyunçular görək, “Qarabağ”ın oyun sisteminə nə qədər vaxta uyğunlaşacaq. Bu da Qurban Qurbanovun işidi. İnanıram ki, yaxşı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin