Tahir Gözəl: “İrəlidə bizi daha böyük uğurlar gözləyir”

“Əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.

Komada.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bolqarıstanda “Ludoqorets” klubuna əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

O, Azərbaycan çempionunun uğurlarının davamlı olacağına inandığını vurğulayıb:

“İlk növbədə bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu matç hamımız üçün çox stresli, çox gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür. Biz bu qarşılaşmada sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümunəsi idi. Bu gün iradə günü idi! Bu məqamda Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda formalaşdırdığı üçün bir daha təşəkkür etmək istəyirəm”.

Tahir Gözəl onları qarşıda daha çətin və məsuliyyətli oyunlar gözlədiyini diqqətə çatdırıb:

“Bunu başa düşürük. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Pley-offa vəsiqə qazanmaq böyük uğurlara doğru atılan addımdır. Başda cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörməti səfirlərimiz – Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin matçdan sonra centlmenlik göstərən “Ludoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün, sadəcə, bir addımdır. İrəlidə bizi daha böyük uğurlar gözləyir”.

“Qarabağ” pley-offda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələcək. “Köhlən atlar” ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button