
“Gedib Elxanın əlindən su içən insanlar indi mənim adıma söz çıxarırlar” – MÜSAHİBƏ
Azərbaycan millisinin sabiq kapitanı, “Neftçi”nin və “Kəpəz”in keçmiş baş məşqçisi Tərlan Əhmədov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Ölkə çempionatı sona yaxınlaşır. Cari mövsümü necə dəyərləndirirsiz?
– Çempionatın bitməsinə iki tur qalıb, çempionumuz, ikinci pillənin sahibi bəllidir. Burda sadəcə, ola bilər ki, 4-cü yerdə dəyişiklik olsun. Bir də, Premyer Liqanı tərk edəcək komanda bəllidir. Bundan sonrakı iki tur formal bir şeydir. Əsas oyun kubokun finalıdır. Çempionat oyunları artıq o qədər də böyük bir önəm daşımır, formal oyunlar olacaq. “Neftçi” tutduğu yerdə qalacaq. Burada bir məsələ var ki, “Turan Tovuz” son iki oyunu məğlub olsa, “Sabah” da eyni qaydada qalib olsa, nəsə dəyişiklik ola bilər. Amma ümumilikdə, yenə də demək olar ki, hər şey bəllidir. Bir şeyi də deyim ki, “Qarabağ”la “Zirə”dən başqa, digər komandaların oyunları o qədər də ürəkaçan deyil. Hamımız düşünürdük ki, Kurban Berdıyev “Turan Tovuz”a dəvət olunanda böyük bir rəqabət olacaq, çempionatımızda baxımlı futbola şahidlik edəcəyik, daha mübarizəli oyunlar görəcəyik. Vasili Berezutski də “Sabah”a gələndə dedik ki, maraqlı oyunların şahidi olacağıq, əcnəbi məşqçidir, hər halda, cavandır, Rusiya futbolunun yetirməsidir. Berdıyev UEFA Çempionlar Liqasının 1/4 finalına qədər gedib, komandası “Nou Kamp”da “Barselona”nı məğlub edib… Məsələ burasındadır ki, gözlədiyimizin əksi oldu. “Turan Tovuz”un ifasında ümumiyyətlə, normal futbol görmədik, qış fasiləsindən sonra orada nə baş verdiyini biz ümumiyyətlə bilmədik. Otto Conun gedişi, qış fasiləsinə qədər Tural Bayramlının, Xəyal Nəcəfovun meydançadakı uğurlu çıxışı və qış fasiləsindən sonra bu futbolçulara ümumiyyətlə önəm verilməməsi, ehtiyatda saxlanılması… Yeni gələnlərə daha çox şans verilməsi və komandanın uğursuzluq zolağına düşməsi, hətta mən deyərdim ki, autsayderlərə məğlub olmaları… Komandanın “Kəpəz”ə məğlub olması, evdə “Səbail”lə heç-heçə oynamaları, “Sumqayıt”a məğlubiyyət, səfərdə xal itkisi… Komanda autsayderlərlə oyunlarda çox xal itkisi ilə üzləşdi. Yeni gələn oyunçular ümidləri doğrultmadı. Komandaya dəvət olunan iranlı, dağıstanlı futbolçular, Rəhim Sadıxov, Orxan Əliyev, yəni, bu futbolçuların heç biri ümidləri doğrultmadı. Amma ümidləri doğruldan, qış fasiləsinə kimi xallar, qələbələr qazandıran futbolçular var idi. Orxana, Rəhimə ödənilən məvacib Otto Conun komandada saxlanımasına xərclənsəydi, daha keyfiyyətli, uğurlu olardı. Ümumiyyətlə, komandanın oyunu, cəlb olunan futbolçular ümidləri doğrultmadı. Komanda getdikcə daha bərbad futbol oynayır. “Turan Tovuz”un qışdan sonra oynadığı futbol ümumiyyətlə, heç kimə bəlli deyil. Berdıyevin özü də dəfələrlə bunu deyib, amma hər halda, məşqçi işi ortada görünmür. Məşqçinin nə etmək istədiyi, futbolçularla hansı taktiki sxem üzərində çalışmaq istədiyi bilinmir. “Sabah” da o cümlədən, komanda kubokun finalına çıxıb, amma ümumi götürsək, o şəraitlə, alınan futbolçularla, o heyətlə 5-ci sıralarda qərarlaşmamalıdılar.
“Neftçi”nin o vəziyyətdə olması… Mən deyərdim ki, çempionluğa iddialı olmasa da, mükafatçılar sırasına düşəcək heyəti var idi. Amma təəssüflər olsun ki, komandada nə baş verdiyini biz bilə bilmədik. Komandanın oyunu demək olar ki, sıfır vəziyyətindədir. Komanda “Turan Tovuz”, “Sabah” kimi, autsayderlərlə oyunlarda xallar itirdi. Və deyim ki, “Neftçi” bu il ümidləri ümumiyyətlə doğrultmadı. “Qarabağ”la “Zirə” sabit oyun nümayiş etdirdi.
“Araz-Naxçıvan” qış fasiləsindən sonra hələ də özünə gələ bilmir. Komandada nə baş verir, oyunçular zədəlidir, amma yenə də… Yəni, yuxarıda adlarını çəkdiyim komandalar “Qarabağ” və “Zirə” ilə mübarizə aparmağa qadir olduqları halda ümumiyyətlə, sönük futbol oynayırlar, sürət deyiləcək bir şey yoxdur. Sadaladığım komandalar çox ləng futbol oynayır. “Qarabağ” və “Zirə”ni çıxmaq şərtilə qalan komandalar çox ləng, monoton futbol oynayır. “Turan Tovuz” daha çox standart vəziyyətlərə ümid edir. Hesaba alınacaq-alınmayacaq – bu vəziyyətdədir. “Araz-Naxçıvan” həmçinin. Komanda 33 oyunda 33 qol vurub. Demək olar ki, hər oyuna bir qol. Bir qol yetərlidir ki, komanda ya qalib gəlsin, ya heç-heçə eləsin. “Araz-Naxçıvan” ikinci pillədə məskunlaşdığı halda çox absurd xallar itirdi. O cümlədən “Turan Tovuz”, ikinci, üçüncü pillədə olarkən xoş olmayan xallar itirdi, autsayderlərə məğlub oldular.
“Şamaxı”, “Sumqayıt”, “Kəpəz”, “Səbail” kimi komandalar haqda danışmaq artıq aşağı-yuxarı eynidir. “Səbail” artıq birinci dövrənin ortalarından bəlli idi ki, Premyer Liqadan düşmə təhlükəsi ilə üzləşəcək. Sponsorun uzaqlaşması, komanda daxilindəki söz-söhbətlər istər-istəməz uğursuzluq zolağını qaçılmaz etdi. Mən o vaxtı demişdim ki, Premyer Liqada qalma uğrunda mübarizə üç komanda arasında gedəcək. Bunlar “Sumqayıt”, “Kəpəz” və “Səbail” idi. Sonrakı mərhələlərdə artıq “Səbail”in düşəcəyi yavaş-yavaş dəqiqləşirdi. Görünürdü ki, komandada işlər düzgün getmir. Komanda oyun baxımından nə qədər normal futbol oynasa da, futbolçuların motivasiyası çox aşağı səviyyədə idi. Oyunçuların göstərməli olduqları performans, komanda udmaq üçün nə etməlidir – yəni, bunlar görünmədiyi üçün də komandanın düşəcəyi bəlli idi. Bundan əlavə, yuxarıda adlarını sadaladığım komandaların ifasında heç bir irəliləyiş, heç bir xoş oyun görmədik. Bəli, çempionatın əvvəlində qələbələr oldu, “Qarabağ”ın başı qarışıq idi. Ağdamlılar çempionatın əvvəlinə demək olar ki, hər zaman çətin, ağır başlayır, bütün fikirləri, diqqətləri avrokuboklarda olur. Belə olan halda da, “Turan Tovuz” “Qarabağ”la matçlarda qalib gəldi. Komanda daha sonra evdə “Kəpəz”ə 2:5 hesabı ilə uduzur, Bakıda yenə “Qarabağ”ı məğlub edir. Otto Conu saxlaya bilmirlər, ümidləri doğruldan oyunçular qalır kənarda, yeni gələnlər bir işə yaramır. Nə “Turan Tovuz”da, nə “Sabah”da lider oyunçunun olmaması, “Neftçi”də Emin Mahmudovun uzun müddət zədəli olması komandanın oyununa təsirsiz ötüşmədi. “Neftçi”də bir neçə futbolçu var ki – ikisinin adını çəkim: Yuri Matias, Höccət Haqverdi – komandanın məğlubiyyətlərində ən böyük pay sahibidirlər. Buna misal olaraq, son oyunda bu iki futbolçu yox idi, komanda səfərdə “Turan Tovuz”a qalib gəldi. Yəni, komandaları daha çox təhlil etmək olar, amma hər biri oynadıqları oyuna görə turnir cədvəlində öz yerlərini tutublar. Bəzi oyunlarda kiminsə haqqına girilib, o başqa məsələ, ümumilikdə, hər biri öz oyununa görə mövqeyindədir.

– Ölkə kubokunun finalında komandaların şanslarını necə qiymətləndirirsiz? “Sabah”ın “Qarabağ” qarşısında şansı var?
– Kubok matçı bir oyundan ibarətdir, burda şanslar hər zaman bərabər olur. Bəli, “Qarabağ”ın oturuşmuş heyəti var, komanda artıq çempiondur. Ağdamlılar son oyunlarda çempion adını qoruyub saxlayaraq, ona önəm verərək qələbələri sıralayır. Qurban Qurbanovun komandası istər ki, kuboku da qazansın, yenidən qızıl dubl etsin. Bunun üçün də böyük şansları var. “Sabah”ın da tarixində ilk dəfə kuboku qazanmaq şansı var ki, bir matçdan ibarət oyuna çıxacaq. Çempionatla kubok oyununun fərqli psixologiyası, yanaşması var. Bir oyundan ibarətdir, revanşı yoxdur. Bu oyunda mütləq bir qalib olacaq. Ona görə də heç kim səhv etmək istəməyəcək. Ola bilər ki, finalda edilən bir səhv komandanın məğlubiyyəti ilə nəticələnsin. Ona görə də, belə oyunlarda psixoloji yanaşma tamamilə fərqli olur. Final matçında futbolçuların motivasiyası, istər-istəməz oyunqabağı həyəcan və sair, oyunçularda təzyiq yaradır. Və psixoloji cəhətdən, görürsən ki, futbolçular bir oyuna bütün varlıqlarını qoyurlar. Ona görə də, bu oyunda şanslar bərabərdir. Burda hər bir komanda qalib gəlmək gücünə malikdir. Eyni səviyyədə olan komandalardır – düzdür, oyun baxımından fərqli olsalar da – mən deyərdim ki, heyət sarıdan eynidilər. Fərqli cəhətin biri də odur ki, “Qarabağ” daha çox topa sahib olur, amma “Sabah”da görürük ki, komanda daha çox əks-hücumlara üstünlük verir. Və bu baxımdan da, düşünürəm ki, kubok oyunu çox maraqlı olacaq.
– Mövsüm bitmək üzrədir. Sizə hansısa klubdan təklif göndərən, “gəl işlə” deyən yoxdur?
– Hələ ki, heç kim təklif göndərməyib. İstər yeni mövsümdə Premyer Liqaya yeni gələnlərdən, istərsə də köhnələrdən, heç bir komandadan təklif göndərən yoxdur. Ümumiyyətlə, bu günə kimi heç bir təklif yoxdur. Olarsa, dəyərləndirərik, oturub qarşılıqlı söhbət edərik. Komandanın strategiyasını, qarşıya qoyulan məqsədlər, görüləcək işlər – yəni, ondan sonra bu haqda danışarıq. Amma bu günə, bu saata, bu dəqiqəyə qədər mənə heç yerdən təklif yoxdur.
– “Sumqayıt”da baş məşqçi postu boş qalıb. Təklif olsa, işləmək istərsiz?
– “Sumqayıt”da Vaqif Cavadovla qarşılıqlı razılıq əsasında yollar ayrılıb, məlumatım var. Təbiidir, həyatda baş verə biləcək proseslərdən biridir. Elə olub ki, biz də nəticə vermişik, amma müqaviləmizin müddəti uzadılmayıb. Heç yerdən qovulmamışam, sadəcə olaraq, baş məşqçi kimi işlədiyim klublarda müqavilə şərtlərim artırılmayıb. Məndən xahiş olunub ki, komandaları düşdüyü çətin vəziyyətdən çıxarım və mən də bunu bacarmışam. Komandaları hətta mükafatçılar sırasına gətirib çıxarmışam. Bu hallar “Neftçi”də, “Keşlə”də baş verib. “Kəpəz”də iki il qabaq məndən xahiş olundu, yalvarıldı ki, komandanı Premyer Liqada saxlayım, çünki artıq 6 turdan sonra xalları sıfıra bərabər idi və biz də bunu bacardıq. Çempionatın sonuna 4 tur qalmış komanda Premyer Liqada yerini təmin etdi və hətta 5-ci pilləyə də şansımız var idi. Ordakı proseslər, dəstək normal olsaydı, komanda həmin ili 5-ci, 6-cı pillədə də başa vura bilərdi.
Bundan başqa, hələ ki, heç bir təklif yoxdur, olarsa, dəyərləndirərik. Əlbəttə, hardansa təklif gəlsə, ona uyğun da işləmək arzusundayıq. Yəni, biz işimizi görürük, futbol oynamışıq, bu həyatı yaşayırıq, futbolla nəfəs alırıq. Ömrümüzü futbola həsr etdiyimiz kimi, bunun bütün proseslərini oxumuşuq ki, futbolumuza bir xeyrimiz olsun. Mənim yetişdirdiyim futbolçular da var, hansı ki, gündəmə, Premyer Liqaya gətirdiyim cavan oyunçular olub. “Kəpəz”də də olub. Təəssüf ki, Gəncə komandasında həmin futbolçuları mənə görə komandadan uzaqlaşdırıblar. Hətta Mahir Həsənli U-21 yığmasında oynadığı halda komandadan uzaqlaşdırılıb, həmçinin, Arzu Atakişiyev var, birinci dəstəyə göndərilib.
Hər bir halda, hansısa təklif yoxdur. Sumqayıt ölkəmizin gənc şəhəridir, sənaye şəhəridir və orada insanların futbola daha çox marağı, sevgisi var. Orada yaradılan şərait yüksək, mükəmməldir. Təklif olarsa, dəyərləndirib, baxıb, orada gözəl bir komanda formalaşdırmaq olar.
– Vaqif Cavadov, Cavid Hüseynov kimi gənc məşqçilər Premyer Liqa klublarında duruş gətirə bilmədilər. Təcrübəli mütəxəssis kimi onlara məsləhətiniz nə olardı?
– Məşqçilik karyerasına başlayanda cavan oluruq, hamımızın səhvləri, çətinliklərimiz olur. Hər halda, Vaqif Cavadovla Cavid Hüseynov da Pro kateqoriyasını oxusunlar, alsınlar. Ondan sonra futbolun incəliklərini artıq yavaş-yavaş biləcəklər. Heç kimə durub burdan öyüd-nəsihət, tövsiyə vermək istəmirəm. Hər bir futbolçunun, məşqçinin həyatında eniş də, yoxuş da var, qalxmaq da var, düşmək də olur. Çətin anlar, hansısa təzyiqlər var. Bunların hamısı ilə yaşaya-yaşaya, işləyə-işləyə qarşılaşırsan. İstər “Səbail”də Elvin Məmmədov olsun. Əsas odur ki, savada yiyələnmək lazımdır. Pro kateqoriyasını oxumaq vacibdir. İncəlikləri bilmək, xaricdə bir neçə klubda təcrübə keçmək lazımdır. Bunların hamısını keçəndən sonra artıq Premyer Liqada nəticələr gələcək. Birdən-birə həyatda heç nə qurulmur, olmur. O cümlədən də bizim cavan məşqçilərimiz, hamısı hər şeyi səbrlə qəbul etməlidir, təmkinlə bu işləri görməlidirlər. Təzyiq hər zaman olacaq. Hətta nəticə versəz belə, təzyiq olacaq. Yəni, bu, ictimai iş olduğuna görə buna səbrlə yanaşmaq lazımdır. Deyilənlərə o qədər də fikir verilməməlidir. Hər zaman yaxşı iş görən insanlar haqqında pis olan nəsə deyilir. Bunları təbii qarşılamaq lazımdır. Mən özüm bunların hamısını yaşaya-yaşaya gedirəm. Onlara bir tövsiyəm olardı ki, kənardan deyilənlərin heç birinə fikir verməsinlər. Dünya artıq elə bir vəziyyətə gəlib çatıb ki, düz işləyən insanlar kənarda qalır, saf olanlar tapdalanır. Yəni, o baxımdan da, dürüst olmaq, işə mükəmməl yanaşmaq lazımdır. Zaman gələcək, bizim bu sadaladıqlarımız öz yerini tapacaq, sonra gələn cavan məşqçilərimiz daha gözəl nəticələr əldə edəcək.
– Keçmiş komandanız “Kəpəz” haqda nə deyə bilərsiz? Oyunlarını izləyirsiz?
– “Kəpəz”in qarşısına qoyulan məqsəd Premyer Liqada qalmaq idi. Azər Bağırovun da qarşısına bu tələb qoyulmuşdu. Komanda Premyer Liqaya çıxdığı ilk mövsümdə məni dəvət etdilər. Yaşar Vahabzadə ilə yollar ayrıldı və mən onu əvəz etdim. Komandaya 3-4 futbolçu cəlb etdim və həmin oyunçularla biz yavaş-yavaş bütün məsələləri həll etdik. Həmi il də Premyer Liqada qaldıq. Keçən il də eyni, bu il də eyni hal. Yəni, komanda artıq hər il Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Sponsor gəlmirdi, dəvət olunsalar da heç kim yaxın durmurdu. Komandada nələr baş verir, hansı təzyiqlər olur, məşqçi dəyişiklikləri, yetərli nəticə verən məşqçilərin hamısı gəlir-gedir… İstər-istəməz, komandada bir strategiya var ki, ancaq Premyer Liqada qalsın. Amma mən düşünürəm ki, “Kəpəz” Premyer Liqada qalmaq üçün oynamamalıdır. Hansı bir şəraitdə olsa belə, komanda artıq uğurlu nəticə üçün oynamalıdır. Düşünürəm ki, üç mövsüm artıq “Kəpəz”ə yetərlidir ki, Premyer Liqada qalmaq üçün mübarizə apardı, bundan sonra komandaya normal şərait qurulmalı, normal sponsor cəlb olunmalıdır. “Kəpəz” artıq mükafatçılar sırası üçün mübarizə aparmalıdır. Komandaya əcnəbi futbolçular cəlb olunursa, deməli, normal büdcəsi, vəsaiti var. Komandada 15-ə yaxın əcnəbi futbolçu varsa və gəlib-gedirsə, düşünürəm ki, artıq strategiyanı dəyişməlidirlər. Oyunlarını da izləmişəm, komanda oynayır, qarşısında heç bir təzyiq yoxdur, mübarizəsini aparır. Azər Bağırov gələndən sonra komanda daha maraqlı oyunlar sərgiləyir. Sadəcə olaraq, komandanın yüksək yerlər uğrunda mübarizə aparması üçün başqa strategiya seçilməlidir, fərqli yanaşma olmalıdır.

– Maliyyə vəziyyəti yaxşı olmayan komandanı çətin durumdan çıxaran baş məşqçini göndərib, sponsor tapılandan sonra əcnəbi çalışdırıcı gətirmək doğrudur?
– Bilirsiz, bu artıq Azərbaycanda tendensiyaya çevrilib. Hətta nəticə versən, mükafatçılar sırasına düşsən, şərlənib göndərilirsən. Həmçinin, həmişə demişəm, bizim yerli məşqçilərə qarşı bir antipatiya, “soyqırım” var. Çətin vəziyyətdə olanda yalvarırlar, çağırırlar, amma yaxşı vəziyyət olan kimi artıq bizi bəyənmirlər. Əcnəbi məşqçi gətirirlər, nəticə olmur, başqa bir əcnəbini dəvət edirlər. Uzun illərdir ki, federasiyada (AFFA) Fuad Musayevdən sonra üç prezident dəyişib: Ramiz Mirzəyev, Rövnəq Abdullayev, Rövşən Nəcəf. Yəni, demək olar ki, Ramiz Mirzəyevin dövründə Tərlan Əhmədova təzyiqlər oldu. Elxan Məmmədovun (AFFA-nın keçmiş baş katibi), Rövnəq Abdullayevin dövründə də təzyiqlər davam etdi. Komandalardan qovuldum, çıxarıldım. Elxan Məmmədovun dövründə deyildi ki, Tərlan Əhmədov Ramin Musayevin adamıdır deyə, mənə iş verilmədi, qovuldum, üstümə şərlər atıldı. Sözüm onda deyil, indi də həmin tendensiyadır, yenə də mən işsizəm, yeni rəhbərlik gəlib, futbolun səviyyəsini qaldırmaq istəyirlər, Premyer Liqamızı harasa çıxarmaq istəyirlər. Bilmirəm, xarici bir firma ilə müqavilə bağlanır ki, futbolumuzun inkişafı üçün hansısa bir proqram yazılsın. İllərlə Tərlanın dedikləri, Tərlan Əhmədovun vurğuladıqları orda da öz əksini tapıb, elə bil ki, biz bunları demirdik. Elxan Məmmədovun dövründən işləyən insanlar yenə də işləyir. Amma yeni bir tendensiya yaranıb ki, indiki rəhbərlikdə təmsil olunan şəxslərdən biri çıxıb deyir ki, Tərlan Əhmədov Elxan Məmmədovun adamıdır, ona görə iş verək. Gedib Elxanın əlindən su içən insanlar indi mənim adıma söz çıxarırlar. Nə oldu, qardaş, Rövnəq Abdullayevin vaxtında da, indiki prezidentin zamanında da işləyən şəxslər yenə də iş başındadır, amma nə o dövrdə, nə də indi bizə dəstək var. İndi də mənim adıma söz çıxarırlar. Mən o adamlara təklif də göndərmişəm ki, qardaş, mənimlə görüş, görüm nə məsələdir? Hansı haqla siz məni “Elxan Məmmədovun adamı” təyin edirsiz ki, məhz onun dövründə işsiz qalan mən idim! İstər “Neftçi”dən çıxarıldığım dövrdə – necə məktub gedib, hara gedib, nə gedib, nə yalan məlumatlar verilib – ondan sonra keçdim başqa bir kluba, orda nəticə verib çıxarıldım. İki il işsiz qaldım. Gəncəyə getdim, orda da Əli adlı bir şəxs – hansısa vəzifə sahibi idi – mənə yaxınlaşıb dedi ki, “Elxan Məmmədov mənə dedi ki, biz onu göndərdik ki, getsin Gəncədə baş çıxarsın, bu getdi 360 dərəcə oranı da dəyişdi”. Yəni, bu sözlərin hamısını 2021-ci ilin oktyabrında Elxan Məmmədova demişəm. Mənə necə təzyiqlər edilib, necə futboldan çıxarıblar, hansı şərtlər, proseslər olub, hamısını özlərinə demişəm və onların hamısını qəbul edib ki, hə, bu proseslər olub. Sözümü ona gətirirəm ki, yerli mütəxəssislər nəticə verəndə rəhbərlər tərəfindən sanki qısqanclıq yaranır. Ona görə də, maliyyə yaxşı olanda daha çox əcnəbi gətirirlər. Əcnəbi niyə gətirilir, səbəbi nədir? Nəticə verməsə belə, onlara böyük hörmət var. Hətta zaman olub ki, klub rəhbəri əcnəbi futbolçunun yeni doğulmuş uşağının üzərini örtük kimi dollar parçasıyla örtüb. İndi siz təsəvvür edin ki, azərbaycanlı oyunçunun uşağı dünyaya gəlib, həmin futbolçunun övladına min dollar bəxşiş veriblər. Yəni, bunları ona görə deyirəm ki, bizim yerliyə yanaşamamız tamamilə fərqlidir, yəni, biz futbolumuzu inkişaf etdirə bilmirik. Yaxşı olanda heç kimə lazım olmuruq, elə ki vəziyyət çətin olur, bizi dəvət edirlər. Çünki əcnəbi maliyyə aşağı olanda, şəraitsiz yerdə işləmək istəmir. Heç biri istəməz də, fikirləşər ki, əşi, mənim nəyimə lazımdır gedim Azərbaycanda futbol klubunu qaldırım. Amma o bizim üçündür ki, istəyirik klublarımız inkişaf eləsin. Hətta ağır dönəm olsa belə, biz özümüzü fəda edirik ki, futbolumuz, komandalarımız yaşasın. Əcnəbilərə sadəcə olaraq madiyyat lazımdır. O cümlədən də, bizim bəzi klublarda yerli mütəxəssislərə yanaşma tərzi tamamilə fərqlidir. Və bu baxımdan da, düşünürəm ki, Azər Bağırov qalıb komandada işləməlidir, onun gördüyü iş normaldır, hər şey yüksək səviyyədədir, klub ona dəstək olmalıdır. Əcnəbi mütəxəssis gətirilsə, artıq demək ki, azərbaycanlı məşqçilərə qarşı “soyqırım” var. Bir neçə il bundan əvvəl demişəm, yenə də sözümün arxasındayam, biz əcnəbi mütəxəssislərin verdiyi nəticəni versək, bizi ümumiyyətlə futboldan uzaqlaşdırarlar. Ona görə də, düşünürəm ki, bu, yanlış yanaşmadır, yanlış strategiyadır, yanlış sistemdir, biz özümüz özümüzə dəyər verməliyik. Bizim savadlı mütəxəssislərimiz də var. Hər halda, görürsüz ki, adlı-sanlı veteran futbolçularımızın hamısı kənarda qalıb. Nazim Süleymanov, Vidadi Rzayev, Samir Ələkbərov, deyək ki, Tərlan Əhmədov, Mahmud Qurbanov, Arif Əsədov, yəni, bu adları hələ çoxalda da bilərəm. Hətta bizdən yaşca böyük olanlar da heç bir yerdə, heç bir klubda təmsil olunmur. Hətta savadlı olduğumuz halda heç bir işə yaxın buraxılmırıq. Və bu baxımdan da, düşünürəm ki, artıq kıublarda da strategiya dəyişilməlidir. Federasiya da artıq veteran futbolçularla iş birliyi yaratmalıdır. Veteran futbolçuların sədri Oqtay Abdullayevlə bir neçə veteran futbolçu görüşüb söhbətlər etməlidir. Futbolun inkişafına hansı tövsiyələr olunmalıdır, bunlar danışılmaldır. Yəni, bizim də tövsiyələrimiz var, bu baxımdan, demək istəyirəm ki, bizə hələ ki, dəyər, üstünlük verilmir, ancaq çətin durumda yada düşürük. Yaxşı olanda heç kimə lazım olmuruq. Həmçinin, istərdim ki, Azər Bağırovun bu gün işinə yüksək səviyyədə qiymət verilsin.
– Yeni mövsümdən legioner limitinin ləğvi bəzi yerli futbolçuları narahat etməyə başlayıb. Buna münasibətinzi bilmək maraqlı olar.
– Mən bunu demişəm, yenə də təkrarlayıram, 12 futbolçu bir kluba 85 min manata başa gələcək. Deyək ki, “Qarabağ” “Sabah” la oynayırsa və yaxud da, “Sabah” “Neftçi” ilə qarşılaşırsa, heç biri gətirib 4 və ya 5 yerli futbolçu oynatmayacaq. Hətta bəlkə də, biz heyətin hamısını elə əcnəbi görəcəyik. Ola bilər, Emin Mahmudov kimi azərbaycanlı futbolçunu meydançada görək. Amma cavan nəsildən heç kimi görməyəcəyik. Ona görə də, bu, yerli futbolçuların komandadan uzaqlaşdırılması deməkdir. Yerlilərin meydanda görünməsi ola bilər ki, əvəzləmələrdə olsun. Mən əvvəldən deyirdim ki, bütün dünyada, çox ölkələrdə var ki, limit yığışdırılır, ancaq onların qarşısında şərt var ki, yerli futbolçu oynadacaqsansa, sənə mükafat verilir. Yox, sən ümumiyyətlə yerli oyunçu oynatmırsansa, federasiya tərəfindən sənə cəza da, cərimə də tətbiq olunur. Və ona görə də “Real” və başqa klublar – bu, İspaniyada da, İtaliyada da var – pul itirmək əvəzinə qazanmağı üstün tutub, yerli futbolçulara daha çox üstünlük verirlər. Yerli oyunçulara üstünlük verirlər ki, həm yığma səviyyəsində, millinin oyunçusu olanda nə qədər mükafat verilir, 21 yaşa qədər olan oyunçunu meydana buraxanda nə qədər mükafat verilir – yəni, bunların hər birinin ayrı-ayrı mükafatları var. Yox, oynatmayanda əlbəttə ki, sənə cəza verirlər. Ona görə də, heç kim pul itirmək deyil, qazanmaq istəyir. Bu baxımdan, bu proses olmalıdır. Mən düşünürəm ki, çox futbolçuların yolu kəsiləcək, həddindən artıq çox oyunçu itirəcəyik. Ola bilər ki, hər klub 1-2 futbolçu ərsəyə gətirsin, amma yetərincə olmayacaq. Və onlar harada oynayacaq ki, Avropa klublarına satılsın, Avropya çıxarılsın? Yəni, bu proseslər dediyim kimi, ürəkaçan deyil. Mətbuatda görürsən ki, hansısa futbolçu ilə filan klub maraqlanır, amma ortada heç nə yoxdur. Mətbuatda oxuyuruq, sonra görürük ki, sadəcə olaraq reklam xarakterlidir, hansısa menecerin ucuz reklamıdr.
Bu gün də bəziləri deyir ki, Azərbaycanda futbolçu yoxdur, məşqçi yoxdur. Azərbaycanda yetərincə istedadlı futbolçu var, onları peşəkar səviyyəyə gətirib çıxarmaq üçün yetərincə məşqçilərimiz də var. Sadəcə olaraq, bizdə normal dəyər yoxdur, o futbolçulara qiymət verilmir, düz-əməlli menecerlərimiz yoxdur ki, Avropaya çıxan futbolçumuz olsun. O baxımdan, düşünürəm ki, bir çox futbolçuları itirəcəyik. Və futbolumuza, xüsusən də, millimizin oyunlarına böyük zərbələr dəyəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



