“Tərlan Əhmədov məşqdə və oyunlarda “Mançester Siti”nin baş məşqçisi kimi olur” – Müsahibə
“Kəpəz” klubunun hücumçusu Şuaybu Abdullahinin Komanda.az saytına müsahibəsi:
- Bu ilin yayından “Kəpəz”də çıxış edirsiz. Gəncə şəhərinə uyğunlaşa bilmisiz?
- Bəli, artıq Gəncə şəhərinə uyğunlaşmışam. Yerli əhali olduqca yaxşıdır. Bu şəhərdə yaşamaq çox gözəldir.
- Gəncəylə yaxından tanış ola bilmisiz? Şəhərdə daha çox haralarda olmağı xoşlayırsız?
- Əslində, çox yeri tanımıram. Stadionumuzun ətrafını çox bəyənirəm. Burada atmosfer həqiqətən, əladır.
- Azərbaycana gələndən bəri hansı şəhərlərimizi yaxından tanımaq imkanınız olub?
- Paytaxt Bakı şəhərini tanıyıram, orada olmuşam. Bakı da yaşamaq üçün çox yaxşı yerdir.
- Azərbaycana gələnə qədər hansı klublarımızı tanıyırdız?
- “Qarabağ” klubunu tanıyırdım.
- Turnir cədvəlinin son pillələrində qərarlaşmısız. Uğursuzluq zolağından çıxa bilməməyinizin səbəbi nədədir?
- Mövsümün əvvəlində altı matçda uduzduq. Bundan sonra komandada çoxlu dəyişikliklər oldu. “Kəpəz” indi heç bir komanda ilə qarşılaşmaqdan qorxmur. Biz istənilən rəqiblə üz-üzə gəlməyə hazırıq. Ümid edir və inanıram ki, hər şey daha da yaxşı olacaq.
- Baş məşqçi Tərlan Əhmədovla münasibətiniz necədir?
- Baş məşqçimiz bütün oyunçularla mehriban davranır. Lakin məşqdə və oyunlarda “Mançester Siti”nin baş məşqçisi kimi olur.
- “Kəpəz”in Premyer Liqanı tərk etmək təhlükəsi var. Bu barədə nə düşünürsüz?
- Premyer Liqadan ayrıla bilmərik. Elitada qalmaq üçün əlimizdən gələni edəcəyik. Mən buna inanıram.
- Azərbaycanda uzun müddət oynamağı düşünürsüz, yoxsa gələcəyə dair başqa planlarınız var?
- İndi sadəcə yalnız oyunuma köklənmək istəyirəm. Daha çox qol vuraraq komandama kömək etməyi düşünürəm.
- Artıq Qətərdə dünya çempionatı başlayıb. Hansı milli komandaya azarkeşlik edəcəksiz?
- Argentina millisinə azarkeşlik edəcəm.
- Nigeriya 2006-cı ildən sonra ilk dəfə dünya çempionatından kənarda qaldı. Bunun səbəbi komandanın oyununda olan problemlər idi, yoxsa bəxtsizlik amili?
- Bu, uğursuzluq idi. Abujada (Nigeriyanın paytaxtı) uduzduq. Çox qəribədir. İnana bilmirəm.
- Necə düşünürsüz, “Kəpəz” azarkeşlərinin sevgisini qazana bilmisiz?
- Daha çox qol vurmaq üçün əlimdən gələni edəcəm ki, azarkeşlərin sevgisini qazanım. Allah böyükdür və bizə hər zaman nəzarət edir. Məndən öncə nəyin yaxşı, nəyin pis olacağını Allah bilir.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin