Tərlan Əhmədov: “Dedi sabah Ramiz Mirzəyev gələcək, iclas edəcək, durub onu təriflərsən” MÜSAHİBƏ

Azərbaycanın idman tarixində iz qoymuş xeyli şəxs var. Onların içində kifayət qədər tanınanı da var, tanınmayanı da. Qərara gəldik ki, bu şəxsləri daha geniş təqdim edək, onları daha yaxından tanıdaq. Əvvəlcə ölkə futbolunda yetərincə tanınan Tərlan Əhmədovla başlamaq istədik.

Tərlan Əhmədov Azərbaycan futbolunda kifayət qədər yeri, çəkisi olan bir şəxsdir. Azərbaycan futbol tarixinin rəmzi 11-liyini müəyyənləşdirmək üçün sorğu keçirilsə və bu sorğuda mənim fikrim soruşulsa, heç şübhəsiz, düşünmədən Tərlan Əhmədovu bu heyətə daxil edərəm. Düşünürəm ki, o, bunu haqq edir. Adam karyerası boyunca ölkəmizin aparıcı futbolçularından olub, uzun müddət yığmamızda kapitanlıq və liderlik funksiyasını həyata keçirib.

Müsahibədə Tərlan Əhmədovun həyatına, karyerasına aid bir çox mətləbləri, eyni zamanda, Azərbaycanın futbol tarixində yeri olan bir şəxs kimi, futbolumuzda baş vermiş və baş verməkdə olan hadisələri, işlədiyi futbol adamları barəsində fikirlərini, həmçinin, futboldankənar mövzulara baxışını, düşüncələrini verdiyimiz suallarla öyrənməyə çalışmışıq və xeyli maraqlı cavablar almışıq. Bəzən sual-cavab, bəzən monoloq şəklində olan müsahibəni sizə təqdim edirik. Müsahibə həcmcə böyük olsa da, düşünürəm ki, oxumaq üçün ayırdığınız vaxta təəssüflənməyəcəksiz.

“Orda metronun keçidindəki xanımlara yalvarırdım ki, uşağam, məni pulsuz buraxın”

– Özünüz haqqında məlumat verin. Futbola gəlişiniz, ilk məşqçiniz.

– 1979-cu ildə, o zamankı Əli Bayramlı, indiki Şirvan şəhərində, “Neftçi” İSM-də futbola başlamışam. 1985-ci ildə isə Bakı şəhərindəki İdman Təmayüllü İnternat Məktəbinə (İTM) qəbul oldum. İndiki Bakıxanovda yerləşir. Burda SSRİ yığmasına düşdüm, ordakı bir neçə turnirlərdə ən yaxşı müdafiəçi adına layiq görüldüm. 1989-cu ildə İTM-i bitirdim. Həmin ildə İdman Akademiyasına qəbul oldum. Böyük futbolumun təməli Əli Bayramlı şəhərində, Hafiz Hüseynovun məşqçiliyi altında başlayıb, İTM-də iki məşqçim olub – Rəhman Hacıyev və Ənvər Əliyev.

Bakıya gəlişim necə baş verdi? 1980-ci ildə biz Astarada “Dəri top” turnirində oynayırdıq. Həmin turnirdə İTM-in müəllimləri oyunumu görmüşdülər və demişdilər ki, gəlsə, biz onu qəbul edərik. 1985-ci ildə də gəldim, imtahan verdim, yüksək balla qəbul oldum.

– Ümumiyyətlə, futbolçu kimi yetişməyinizdə xüsusi bir adam varmı ki, ona borclusuz? Bu, məşqçi də ola bilər, adi, futbola aid olmayan adam da… Hansı ki, xüsusi rol oynayıb.

– O, qardaşımdır, böyük qardaşım. Məndən də yaxşı futbolçu olub – İntiqam Əhmədov. 1990-cı ildə, Ruslan Abdullayevin vaxtında bir müddət “Neftçi”yə də cəlb olundu. Amma ayaqlarında, oynaqlarında ağrılar oldu. Bundan sonra məcburən rayona, ata-anamın yanına qayıtdı. Mən isə Bakıda qaldım. O, 1968-ci ildəndir, mən isə 1971. Özü futbola gedirdi, mən də hər gün məhəllə futbolu oynayırdım. Bir gün mənə dedi ki, sənin istedadın var, gəl səni aparım futbola yazdırım. Beləcə, 1979-cu ildə qardaşım məni futbola apardı. Əli Bayramlıda stadionu da ilk dəfə onda gördüm və orda da futbola başladım. Amma qardaşım məndən həm sürətli, həm aqressiv, həm də çox ağıllı futbolçu olub. O da İdman Akademiyasının məzunudur. İdman Akademiyasının komandasında bir neçə turnirdə iştirak edib. Zədə olmasaydı, bəlkə Azərbaycanda 1990-2000-ci illərin əvvəlləri üçün ən yaxşı futbolçulardan biri olardı. Hazırda Şirvan şəhərində, 10 nömrəli məktəbdə idman müəllimi işləyir.

– SSRİ yığmasına necə oldu düşdüz? Biz bilirik ki, bu yığmaya düşmək asan məsələ deyil.

– İTM-də oxuyanda mən, qapıçımız Dmitri Lukoşkin, Ruslan Lukin və Emin Salmanov – biz dörd nəfər 1987-ci ildə iki həftəlik təlim-məşq toplanışına cəlb olunduq.

– Kim gördü sizi, seleksiyaçı?

 – O vaxt seleksiyaçı, yaxud menecer-filan yox idi. Sadəcə SSRİ-nin bütün İTM-lərinin çempionatı keçirilirdi. Gedib Özbəkistanda, Ukraynada və başqa sovet respublikalarında oynayırdıq. Həmin vaxt SSRİ yığmasının məşqçiləri gəlib bütün turnirlərə baxırdılar, seçim edirdilər. O vaxt bizim məşqçilər də öz təkliflərini edirdilər, məsələn, filan futbolçu yığmaya layiqdir. Bu yarışlarda bizim dördümüzü seçmişdilər. Seçilən ərəfədə Eminlə mən İTM-dən, Lukinlə Lukoşkin isə başqa idman məktəblərindən cəlb olunmuşdu. 14 günlük təlim-məşq toplanışından sonra məni çağırmadılar. Digər üç nəfər isə yığmada qalıb oynadılar. 1987-88 mövsümündə 16 yaşlılardan ibarət (1971-ci il təvəllüdlülər) SSRİ yığması Avropa çempionatının final mərhələsinə çıxa bilmədi, Yuqoslaviyaya məğlub olmuşdu.

1989-cu ildə mən artıq “Neftçi”də, əsas heyətdə oynayırdım. Mərhum Ruslan Abdullayev “Neftçi”yə qayıdışından sonra məni əsas heyətə cəlb etdi və dedi ki, bu uşaq əsas heyətdə oynamalıdır. Mənim o vaxt hələ 18 yaşım tamam olmamışdı. 1989-cu il mövsümünə əsas heyətlə başladım. Biz Moskvada ÇSKA ilə oynayırdıq. SSRİ gənclər yığmasının baş məşqçisi Gennadi İvanoviç Kostılev həmin oyundan sonra mənə dedi ki, yaxın günlərdə Hollandiya yığması ilə seçmə mərhələnin oyunu var, Bakıda olacaq, ora dəvətlisən. Kostılevlə biz 1987-ci ildən bir-birimizi tanıyırdıq. Hollandiya ilə oyunu 90 dəqiqə oynadım, 3:1 hesabı ilə qalib gəldik. Bundan sonra mənim SSRİ yığması ilə həyatım başladı və 1990-cı ilin iyul ayının sonu, avqust ayının əvvəli Macarıstanın Bekeşçaba şəhərində Avropa çempionluğu ilə nəticələndi.

– Baş məşqçinizlə, yaxud həmin dövrdə SSRİ yığmasına cəlb olunan Azərbaycan futbolçuları ilə əlaqəniz var?

– Kostılevlə Moskvada olanda bir-iki dəfə görüşmüşəm. Aldığım məlumata görə artıq çox yaşlaşıb. Lukinlə bir il əvvələ qədər, işlədiyim dövrdə əlaqəmiz var idi. Bildiyim qədəriylə Belarusda hansısa komandada fiziki hazırlıq üzrə məşqçi işləyir. Amma Lukoşkinlə o vaxtdan əlaqəm yoxdur. 1990-cı illərdə köçdü getdi. Onun bir az gözlərində də problem var idi, linza taxırdı. Futbolçu həyatından məlumatımız yoxdur. Emin Salmanovla da ki biz uzun müddət “Qarabağ”da, “Neftçi”də futbol oynadıq, indi tez-tez görüşməsək də, bilirəm ki, “Neftçi”də uşaq futbolunda işləyir.

– Adətən aşağı yaş qruplarından yığmaya düşən futbolçular əksər hallarda sonradan əsas milliyə düşə bilmir, bəzən tanınmış futbolçu ola bilmir, bəziləri hətta bir futbolçu kimi özünü təsdiqləyə bilmir. Bu nə ilə əlaqədardır?

– Bu geniş mövzudur. Mən misallarla bir neçə detala toxuna bilərəm. Söhbət bizim Avropa çempionu olan komandamızın uşaqlarından gedirsə, hamı bir müddət parladı. Hətta mənimlə Ruslan Lukini MDB yığmasına dəvət etmək istəyiblər. Yaxınlarda Boris İqnatyev bu bərədə müsahibəsində danışmışdı. Bizimlə oynayan uşaqlardan Sergey Şerbakov ən istedadlı futbolçu hesab edilirdi. Sonra Portuqaliyaya, Lissabon “Sportinq”inə getdi. Orda da avtomobil qəzasında düşüb onurğa sümüyünü sındırdı və futbolla o dövrdə, gənc yaşında vidalaşdı. Digər futbolçular, ukraynalı Ukraynada, rusiyalı Rusiyada bir müddət parladı. Məsələn, Yevgeni Buşmanov var idi, bizim kapitan. Uzun müddət “Spartak”da, ÇSKA-da aparıcı futbolçulardan oldu, müdafiəçi idi. Ukraynalı futbolçular Aleksandr Pomazun, Yevgeni Poxlebayev, Lvovun “Karpatı” komandasının futbolçusu Vladimir Şaranın adını çəkə bilərəm. Hərə öz ölkəsində bir müddət parladı. Mən bizim uşaqların lazım olduğundan az populyarlıq qazanmasının səbəbini belə izah edərdim ki, bizim vaxtımız keçid dövrünə düşdü.

Söhbət indiki dövrün gənclər yığmasında oynayanların az parlamasından gedirsə, vəziyyət bir qədər fərqlidir. Məsələn, müqayisə üçün deyim ki, mən Əli-Bayramlıdan çıxmışam, atam şəhərlərarası avtobus sürücüsü olub. Anam mən oxuduğum 18 nömrəli məktəbdə xadimə işləyib. Onun ürəyində problem var idi. Dərsdən sonra gedib süpürgəni alıb, özüm süpürüb, ona kömək edirdim. Yəni mən bu cür həyat yaşamışam. Həyatda özüm çətinliklərə sinə gərmişəm. Kimsə bizi əlimizdən tutub aparıb-gətirmirdi. Yeddinci sinifdə, çıxıb Bakıya gələndən sonra da valideynlərim yanımda olmayıb. Mənim imkansızlığım həddən artıq çox olub. İndi avtomobil təkərlərinin içində kamerlər olmur, o vaxt təkərlər kamerli idi. Şəhərin çox yerində küçələrdə kamerlər var idi. Ayaqqabımın altında yırtıq olurdu, həmin kamerdən kəsib qoyurdum ki, ayağım altdan donmasın. Mən “Neftçibaza”ya getmək üçün İTM-dən pulsuz çıxırdım, 129 nömrəli avtobus var idi, minirdim ona, gəlib Qara Qarayev metrosunda düşürdüm. Orda metronun keçidindəki xanımlara yalvarırdım ki, uşağam, məni pulsuz buraxın. Gəlirdim “Gəncliy”ə, ordan çıxıb piyada gedirdim. Yaxud, “Razin”də otururdum “elektriçka”ya, gəlib “28 may”da düşürdüm. Ordan Azadlıq prospekti ilə düz qalxırdım “Neftçibaza”ya. Gedirdim, məşqimi edirdim, bir də həmin yolu qayıdırdım. Mənim yanımda valideynim yox idi. Mən o çətinlikləri yaşadım. O çətinlikləri yaşadığım üçün də hansısa nəticələr əldə edə bildim. İndi isə heç bir uşaq çətinlik görmür. Ona görə də, böyük futbolun astanasına gəlir, lakin bir çox futbolçu kimi bu həddi keçə bilmir. İndiki uşaqların valideynləri yanlarındadır, uşaqlarda bir növ asılılıq var. O çətinliklər ki var, hansı ki, 19 yaşdan sonra ağır məşqlər gəlir, ağır tələblər var, ağır şərtlər var, o şərtlərə artıq çoxu dözə bilmir. 16 yaşında parlayan uşaq sonrakı mərhələdə yükləmələrə tap gətirmir. O uşaqlıq, gənclik dövründə ki çətinlikləri görməli idi, görməyib. Çünki valideyn hər yerə arxasınca gəzib.

“Rusiyada mən bu münasibəti görmədim”

– “Fakel”in saytında, legionerlər barədə məlumatda belə bir yazı ilə rastlaşdım: “Komandamıza gələn başqa bir əcnəbi Tərlan Əhmədov idi. Azərbaycan millisinin müdafiəçisi həmyerlisi Qurban Qurbanovdan fərqli olaraq “Fakel”də kök sala bilmədi və turnirin gedişində komandadan ayrıldı”. Nə baş vermişdi?

– Hər futbolçunun karyerasında eniş, düşüş dövrü olur. Məsələn, məndə Ukraynada daha yaxşı alınıb, nəinki Rusiyada. “Fakel”də müqavilə bağlamışdım, ilk oyunlardan çempionatda oynamağa başladım, amma sonrakı mərhələdə maddi tərəf var idi, hansı ki, mənə ödənilməliydi, o pulu ala bilmirdim. Sonradan ehtiyata düşdüm, yerli futbolçunu oynatdılar, açığı, deyim ki, heç pulumu da ala bilmədim, pulum da qalıb batdı. Təzədən çıxıb gəldim Azərbaycana. Karyeramın bu hissəsində qarmaqarışıqlıq oldu. Bəlkə, özümün də səhvim var idi. Amma ondan sonrakı Ukrayna həyatım daha maraqlı alındı.

– “Volın”da?

– Bəli. Mən gedəndə komandanın üç turdan sonra bir xalı var idi, sonuncu, 16-cı yerdə idi. Bundan sonra yavaş-yavaş xallar toplamağa başladıq. Bir kubok oyunundan başqa, demək olar ki,  bütün oyunları oynadım. Ukraynalıların bizə olan sevgisi, hörməti inanılmazdır. Bizə tamamilə başqa bir yanaşma var. Bizi özləri kimi qəbul edirlər. Hətta bir problemin çıxanda, komanda üzvləri çalışırlar ki, sənin bütün problemlərini həll etsinlər. Rusiyada mən bu münasibəti görmədim. Amma Ukraynada tamamilə başqa bir atmosfer idi. Mən komandada ən yaşlı futbolçu idim. Paltardəyişmə otağına girəndə görürdüm ki, hətta yerli futbolçuların özləri ayağa durur, hörmətlə yanaşırlar. Bəzi söhbətlər, problemlər olanda məni çağırırdılar ki, klubda yaşlı futbolçu sənsən, gəl bir-iki söz de. Ordakı yerlilərin – futbolçuların, tamaşaçıların bizə dəstəyi olmasa idi, əlbəttə, nə mən, nə Samir Əliyev, nə Kamal Quliyev, nə Fərrux İsmayılov yaxşı oyun göstərə bilərdik. Simferepolun “Tavriya” komandasında dörd futbolçumuz var idi, biz də Lutskda dörd nəfər idik. Həm bizə olunan hörmət, həm də özümün göstərdiyim oyun məni əsas heyətin daimi üzvünə çevirmişdi. Orda dayı, əmi yox idi. Məşqçinin də sevimli futbolçusu söhbəti yox idi. Sadəcə olaraq, nəticə verirdik. Bəli, Karyeram Lutskda daha uğurlu alındı, nəinki Voronejdə.

Tərlan Əhmədov “Volın”da – 2004-cü il (ilk sırada, soldan 6-cı)

“Adil Nadirov dedi ki, bu bir xal sizi sonda “yandıracaq”

– Azərbaycan çempionu ola bilməmisiz. Niyə belə alınıb? Düşünmüsüz bu barədə?

– Bilirsiz, bu güləş deyil ki, tək çıxıb məsələni həll edim. Futbol kollektiv oyundur. Dörd dəfə olub ki, son məqamda biz çempionluğu əldən vermişik. “Qarabağ”da oynayanda Masallıda heç-heçə etdik. Allah qəni-qəni rəhmət eləsin, Adil Nadirov dedi ki, bu bir xal sizi sonda “yandıracaq”. Elə də oldu. Sonda həmin o bir xal bizi çempionluqdan elədi. “Neftçi”nin özündə, 2000-ci ildə “Şəmkir”lə “qızıl oyun”da çempionluğu itirdik. “Karvan”da olarkən Tovuzda heç-heçə elədik, “Bakı” çempion oldu. Sonuncusu da AZAL-da baş verdi ki, orda da biz son anda çempionluğu əldən verdik.

Amma “Nefçi”də məşqçi kimi çempionluq yaşadım, Avroliqanın qrupuna düşdük. Bəlkə Allah-taala çempionluğu baş məşqçilikdə verəcək? Məndən başqa, bir neçə tanınmış oyunçu da var ki, Azərbaycan çempionu ola bilməyib. Adlarını çəkməyəcəm. Hər halda, görünür, bu bizim qismətimizə düşməyib. Kimlərinsə, başqalarının qismətinə yazılıb. Hər halda, bunu da həyatda təbii qarşılamaq lazımdır. Həyat özü bir təcrübədir. Futbolçu olanda məşqçilərimin elədiyi səhvləri – onların hamısını təhlil etmişəm – çalışıram ki, öz məşqçi işimdə olmasın.

“Əhməd müəllim deyirdi ki, bu zonada daha effektlisən”

– “Vikipediya”da, barənizdə olan məlumatda siz müdafiəçi olmaqla bərabər, həm də hücumçu kimi göstərilirsiz.

– Bu, səhv məlumatdır. Amma yarımmüdafiəçi mövqeyində oynamışam. İlk dəfə bu zonada məni Əhməd Ələsgərov oynadıb.

– Müdafiəçi və yarımmüdafiəçi: oynadığınız bu mövqelərdən hansı rahatdır?

– Hər ikisi. Mənim oynadığım bu iki mövqenin arasında elə bir ciddi fərq yoxdur. İkisi də demək olar ki, müdafiə rolunu oynayır. Əhməd Ələsgərovun dövründə dörd müdafiəçi ilə oynayırdıq. Mən müdafiənin önündə oynayırdım.Bu zonada həm müdafiə keyfiyyətlərini yerinə yetirirdim, həm də oyun quruculuğunu. Top almağı da bacarırdım, həm də, topla da yaxşı oynayırdım. Əhməd müəllim deyirdi ki, bu zonada daha effektlisən. Rəqib hücuma keçəndə ilk qarşılayan mən və mərhum Aleksey Stukas olurduq. Bunu ona görə belə edirdik ki, müdafiəyə çox güc düşməsin.

– Ümumiyyətlə, Ələsgərov başqa dəyişikliklər də etmişdi. Məsələn, İlham Yadullayevi mərkəz müdafiəçisi olsa da, sağ tərəfdə oynadırdı.

– İlhamı sağ cinah müdafiəçisi oynadırdı, qarşısında da, həmin zonada yarımmüdafiədə Kamal Quliyev idi. Ələsgərov bizi həmin vaxt dördlü müdafiə ilə oynayırdı. Mərkəzdə İqor Getmanla Vladimir Poşexontsev, solda Ədahim Niftəliyev. Onların qarşısında mən oynayırdım.

“Hamı bilirdi Fuad Musayev kimdir”

– Yadıma gəlir ki, Ələsəgərov Yadullayevi sağ cinaha qoyandan sonra keçmiş AFFA prezidenti, mərhum Fuad Musayev baş məşqçini tənqid etmişdi. Necə düşünürsüz, bu, məşqçinin işinə birbaşa müdaxilə deyilmi?

– Ola bilər. Futbolçu olanda biz həmin mövzularda rəhbərliklə, məşqçilərlə ünsiyyətdə olmurduq. Onların qapalı məkanda oturub nə danışdıqlarını bilmirdik. Yadımdadır, o vaxt mən də mətbuatda belə şeylər oxuyurdum. Bilirsiz, futbol bütün idmanların şahıdır. Baxın, 1966-cı ildəki İngiltərə – Almaniya oyunundan bəri Tofiq Bəhramovu bir tərəf ittiham edir, bir tərəf tərifləyir. Amma siz mənə deyə bilərsizmi güləşdə 66-cı ildə hansı hadisə olub? Yaxud, voleybol olsun, əltopu olsun, hansısa başqa idman növü olsun. Hətta 20 il əvvəlki hadisə də yadda deyil. Amma futbolda Zidanın Materatsini başla vurmasının müzakirəsi bu günədək davam edir. Yəni futbol elə bir oyundur ki, ona hamı münasibət bildirmək istəyir. 90 yaşında bir insan da öz fikrini söyləyə bilər, beş yaşında uşaq da. Pelenin bir müsahibəsi var, orda deyir ki, futbol elə bir mərhələyə çatıb ki, hamı oturur futbolu müzakirə edir. Evə girirsən, 70 yaşında nənə deyir ki, ə, buna bax e, verəydi də topu ora. Beş yaşında uşaq da həmin sözü deyir. Çünki o qədər futbola həvəs var, o qədər sevgi, maraq var ki, insanlar da buna fikir bildirmək istəyir. İstər federasiya prezidenti olsun, istər adi bir fəhlə olsun. Hərənin öz fikri var. Fuad Musayev bəlkə də, fikrini başqa cür deyib, amma yazılanlar elə yazılıb.

– Xeyr. Birincisi, Allah rəhmət eləsin, bu öz yerində. Amma hamı bilirdi ki, Musayevdə məşqçinin işinə qarışmaq xasiyyəti var idi. Hətta vəzifəsindən gedəndən uzun müddət sonra da bu xasiyyətindən əl çəkmirdi. 2012-ci ildə, Azərbaycan kubokunun finalında “Bakı”nın “Neftçi”yə 2:0 hesabı qalib gəlib kuboku qazandığı matçda Cəmşid Məhərrəmov parlaq oyun keçirimişdi. O ərəfələrdə Fuad Musayevin mətbuatda müsahibəsi getmişdi. Əslində, keçmiş federasiya prezidenti kimi federasiyanın işini tənqid etməli idi. Bəlkə də, elə bu düşüncə ilə tənqid edirdi. Amma tənqidinin mövzusu bilirsiz nə idi? Niyə Cəmşid Məhərrəmovu yığmaya çağırmırlar? Aydın məsələdir ki, federasiya rəhbərliyi yığmaya oyunçu çağırmır. Burda əslində tənqid hədəfi baş məşqçidir. Amma Musayev özlüyündə elə zənn edirdi ki, federasiyanı tənqid edir.

– Fuad Musayev uzun müddət Bakı şəhər Partiya Komitəsinin baş katibi vəzifəsində işləyib. Hər zaman da xoşlayıb ki, əmrlər versin. Ola bilər futbola keçəndə bu xasiyyət onda qalıb. Özü 80-ci illərdə “Neftçi”nin fanatı olub. Allah qəni-qəni rəhmət eləsin, ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Neftçi”yə baza tikilmişdi. Həmin bazanın tikilməsi, hazır olandan sonra “Neftçi”yə nəzarət onun kurasiyasında olub. O dövrdə Azərbaycanda nüfuzlu şəxs olub. Xoşlayıb ki, hər zaman əmrlər versin, istər futbolda, istər başqa sahədə sözü keçsin. Bəlkə də, o dövrdən onda bu xasiyyət qalmışdı.

Tərlan Əhmədov Azərbaycan millisini Portuqaliya ilə oyuna kapitan kimi çıxarır

– Siz bayaq hər adamın – qocanın da, uşağın da fikir bildirə biləcəyinin mümkünlüyünü dediz. Amma qocanın, uşağın, hansısa sıravi azarkeşin nə deməsinin komanda üçün əhəmiyyəti yoxdur. Amma bir federasiya prezidentinin ağzından çıxan sözün birbaşa komandaya təsiri var. Bir prezident heyəti müəyyənləşdirirsə, onda baş məşqçi nəyə lazımdır? Özünü baş məşqçi elan eləsin…

– O fikirlə razıyam ki, prezident heyəti təyin edirsə, məşqçiyə nə ehtiyac var? Burası da var ki, o, baş məşqçinin işinə qarışıbsa, heyəti təyin edibsə, onda bu, baş məşqçilərin özlərinin zəifliyi olub. Məşqçinin qabağına məqsəd qoyulmalıdır ki, nəticə versin. İşinə isə kimsə müdaxilə etməməlidir. Mən yenə deyirəm, dövrü nəzərə almaq lazımdır. Musayev Bakı şəhərinin birinci katibi olub, sovetlər dövrü bilirsiz ki, vəzifəli şəxslər əmrlər verməyi xoşlayıblar. Bəlkə, bu xasiyyət həmin dövrdən onda qalmışdı. Bəlkə də, istəyirdi ki, onun sözü keçərli olsun. Ona görə də, futbola gələndə məşqçilərin işinə qarışıb.

– Ümumiyyətlə, Fuad Musayev barədə fikrinizi deyə bilərsiz? Sizə, futbola münasibəti, futbolumuzun inkişafında rolunun olub-olmaması barədə.

– Mən o adamdan pislik görməmişəm. Deyə bilərəm ki, çox böyük şəxsiyyət idi. Şəxsiyyət kimi də özünü tanıtmışdı, hamı bilirdi Fuad Musayev kimdir. Həmişə futbolçularla mülayim rəftar edərdi. Bəlkə, məşqçilərlə sərt olardı, amma futbolçularla yox. Ən sevimli futbolçularından biri də mən olmuşam. Hər zaman məni tərifləyib. Müsahibələrində də eşitmişəm. Hətta futboldan gedəndən sonra da tərifləyib: “Tərlan ən yaxşı məşqçilərdən olmalıdır, Tərlan belədir, Tərlan elədir…”. Təkcə mənim yox, bir neçə futbolçunun adını çəkirdi. Məsələn,  bayaq adını çəkdiyiniz İham Yadullayev, Samir Əliyev onun sevimli futbolçularından olub. Amma sərt qərarları da var idi. Futbolçuların elə səhv qərarları olurdu ki, buna görə onları futboldan silirdi. Onda o xarakter də var idi. Məsələn, futbolçu bir klubu dəyişirdi, Musayev deyirdi ki, getməsin ora. Həmin futbolçu qulaq asmayıb getsəydi, bir müddət ona zülm verirdi. Xarakter cəhətdən çox çətin adam idi. Hər adam onunla dil tapa bilməzdi, əsasən də məşqçi heyəti. Futbol üçün ürəyi gedərdi. İldə bir-iki dəfə təlim-məşq toplanışı olardı. Ya Kiprin paytaxtı Nikosiyaya gedərdik, ya da Larnaka şəhərinə. Bəzən də Tallinə, bir neçə turnirə getmişik. Yəni onun futbola böyük sevgisi, məhəbbəti var idi. Amma xarakteri həddən artıq sərt idi.

– Siz dediniz ki, futbolçuları tərifləyirdi, kimə isə pislik edirdi. Bu, federasiya prezidentinin vəzifələri daxilindədir? Məşqçinin sevimli futbolçusu olar da…

– Əlbəttə, razıyam. Məsələn, mən hansısa komandaya keçmək istəsəydim, desəydi ki, keçmə, amma mən ona qulaq asmayıb keçsəydim, məni də “qara siyahı”ya sala bilərdi. Yəni o adam belə xarakterli idi. O, hər zaman xoşlayırdı ki, onun istədiyi, onun dediyi olsun. Amma müsbət tərəfləri də var idi. Futbolun, futbolçuların inkişafı üçün hər şeyə gedirdi. Cavan nəsil var idi – Zaur Tağızadə, Elçin Rəhmanov və Ruslan Musayevi Tallinə göndərmişdi ki, oynayıb praktika qazansınlar. Futbolçuların kənara getməsinə problem yaratmırdı. Deyirdi ki, klub icazə verməsə, mən icazə verəcəm. Belə addımları var idi ki, futbolçular daha çox kənara çıxsınlar.

– Gəlin bu günün prizmasından baxaq. AFFA prezidenti Rövnəq Abdullayev desə ki, filan futbolçu bu klubdan başqasına keçməsin, yaxud, Mahir Emreli Polşaya getməsin, bu, qəribə səslənməz?

– Belə hadisə o dövr üçün qəribə deyildi. Biz sovetdən təzə çıxmışdıq. Həmin vaxt,  inkişaf dövrü, gedişat, proseslər… Qarmaqarışıq bir dövran idi, bilinmirdi kim kimdir, ona görə də, belə qərarlar o vaxtlar qəribə görünmürdü.

“Ələsgərov gəlib soruşdu ki, bunları kim buraxıb?”

– O dövrdə yığmaya çağırılan futbolçulardan biri mənə demişdi ki, Azərbaycan millisi “Tərlanın komandası”dır.

– Oooo, niyə mənim?

– Bəlkə də, nüfuz sahibi olmusuz, ona görə.

– Ola bilər. Mən oynadığım dövrdə, istər klublarda olsun, istərsə də yığmada, futbolçu yoldaşlarıma həmişə kömək etmişəm. Bəli, Fuad Musayevin sevimli futbolçularından biri olmuşam. O cümlədən Nazim Süleymanov da Fuad Musayevin sevimli futbolçularından biri olub.

– “Futbolçu yoldaşlarıma kömək etmişəm” deyəndə, demək istəyirsiz ki, avtoritet olmusuz?

– Bəli. Hər bir komandada avtoritet olur. Avtoritet – yəni sözü eşidilən. Elə ona görə, məni 2001-ci ildə “Neftçi”dən uzaqlaşdırdılar. Kazbek Əliyeviç o vaxt dedi ki, iki qoçun başı bir qazanda qaynamaz. Səni də futbolçular sevir, hörmət edir, məni də, burda mənim sözüm olmalıdır, sənin yox. Ona görə də, birimiz qalmalıyıq.

Meydançada lider futbolçu məşqçinin sağ əli olmalıdır. İçəridə bir lider olmalıdır ki, komandanı idarə eləsin. Əksər klublarda kapitan sarğısı kimə verilir? Oyunu idarə edən, komandanı arxasınca aparan, söz sahibi olan futbolçulara. Məhz o nöqteyi-nəzərdən yığmada sözü keçənlərdən biri olmuşam. Bəlkə də, buna görə, dediyiniz futbolçu elə hesab edib ki, yığma mənim komandamdır. Yox, yığmanın məşqçiləri olub. Mən bütün məşqçilərlə işləmişəm. Əhməd Ələsgərov olsun, Ağasəlim Mircavadov olsun, yaxud Ələkbər Məmmədov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əsgər Abdullayev olsun. Hamısı ilə işləmişəm, heç vaxt da onların sözünün üstünə söz deməmişəm. Onların dediyi qanun olub, meydançada icraya gələndə, artıq biz bir olaraq, bir nəfərin də sözü keçərli olub. Əhməd Ələsgərovun vaxtında, “Neftçi”də çıxış edərkən, bir gün icazəli idim. Qeyd edim ki, Əhməd müəllimin də sevimli futbolçularından biri olmuşam. İcazəli olduğum gün axşam qonşum olan futbolçudan soruşdum ki, məşq necə keçdi? Dedi ki, Əhməd müəllim onunla bir başqa futbolçunu komandadan qovdu. Səbəbini soruşdum, cavab verdi ki, bir az məşqə gecikiblər, ona görə. Səhər durub dedim ki, o biri futbolçuya da xəbər elə, gəlin məşqə. Dedi ki, necə gələk, qovub axı. Dedim sizin işiniz olmasın. Gəldilər, dedim ki, dəyişin əyninizi, çıxın məşqə. Ələsgərov gəlib soruşdu ki, bunları kim buraxıb? Dedim ki, Əhməd müəllim, mən demişəm gəlsin, sizdən də xahiş edirəm ki, qalsınlar. O da dedi ki, hə, sən deyirsənsə, olsun. Bu, bizim bir-birimizə qarşılıqlı hörmətimiz idi. Biz ikimiz də eyni işi görürdük. O, kapitanını digər futbolçuların yanında nüfuzdan düşməsin deyə, aşağılamayıb. Mən də heç vaxt imkan verməmişəm ki, onun nüfuzuna xələl gəlsin. Yəni buna bənzər işlərə görə bəlkə də, “Tərlanın komandası” sözünü işlədiblər. Bu, həm oyunum, həm də qazandığım hörmətin sayəsində olub.

“Vadimə dedim ki, toy gününü təyin elə”

– Mən 1999-2000-ci illərdə iki futbolçuya toy etdirmişəm. Allah rəhmət eləsin, Aqil Paşayev “Neftçi”nin prezidenti idi, iki futbolçunun…

– Adlarını deyə bilərsiz?

– Vadim Vasilyev və Elşən Qənbərov. Həmin vaxt “Neftçi”nin prezidenti olan Aqil Paşayevin qəbuluna getmişəm və xahiş etmişəm ki, Vadim Vasilyev toy etmək istəyir. O dövrdə şadlıq sarayları yox idi. Otellərin restoranlarında toy olurdu. Şadlıq evi bəlkə də, tək-tük ola bilərdi. Aqil müəllim dedi ki, problem yoxdur, toy gününü təyin etsin, gəlsin, qalan hər şey bizlikdir. Vadimə dedim ki, toy gününü təyin elə. Dedi ki, yaxşı, amma Aqil müəllimə de pal-paltar, qızıl-mızıl almalıyam, pul da lazımdır. Dedim heç olmasa, bunu əvvəldən deyərdin ki, mən də  bir yerdə deyərdim. İndi mən təzədən necə deyim Aqil müəllimə ki, Vadimə əlavə bu qədər də pul lazımdır? Nə isə, təzədən gedib dedim ki, toyun günü filan gündür, amma gəlin tərəfə pal-paltar almalıdır, onun üçün də pul istəyir.  Sağ olsun, çıxartdı iki min dollar da pul verdi ki, bunu çatdır Vadimə. Sonra Elşən Qənbərov gəldi. Getdim onun üçün də xahiş etdim. Elşən Qənbərov Özbəkistandan xanım almışdı. Dedi ki, mən də toy etmək istəyirəm, getdim onun üçün də xahiş etdim. Müsbət cavab aldım. Başqa bir futbolçu, daha onun adını çəkməyəcəm, “Neftçilər”də yeni ev almışdı. Mənə dedi ki, evə köçmək istəyirəm, mebelim çatmır, pul lazımdır. Getdim dedim, ona da üç min dollar verdi. Sağ olsun. Aqil Paşayev ən sevdiyim prezident olub. Heç vaxt sözümü yerə salmayıb. Ad günümdə də xüsusi hədiyyələrim gələrdi.

Mən bir kapitan, böyük qardaş, yoldaş, dost kimi bu işləri eləmişəm ki, komanda yoldaşlarımdır, problemləri olmasın. Bir gün də Aqil müəllimdən bir futbolçunun əməkhaqqını qaldırmaq üçün xahiş etdim, qayıtdı mənə dedi ki, ay yetim, özün üçün də bir şey istə. Dedim ki, biz nəticə verərik, onda özünüz nə edərsiz, edərsiz. Dedi, hamı üçün gəlirsən, ağlayırsan, istəyirsən, bir özün üçün də bir şey istə. Dedim, sağ olun, siz mənim üçün yetərincə eləmisiz: evim var, maşınım var, hər şey öz qaydasındadır. Çempion olarıq, nə verərsiz, hər halda mənim üçün xoş olar. Yəni belə hadisələr həyatımda olub. Mən çalışmışam ki, komanda yoldaşlarımın heç nədən problemi olmasın. Futbolçu həyatı həddindən artıq qısadır. Futbolçu əsasən 35 yaşadək futbol oynayır. 35 yaşdan sonra iş tapa bilmir. Amma başqa sahənin işçisi 60 yaşında da öz sahəsində işləyə bilir. Futbolçular karyeralarını bitirdikdən sonra çətin olur. Ona görə bizə deyirlər ki, ömrümüz qısadır. Buna görə də, istəmişəm kimi futbolçuların hər şeyi olsun.

“Bu addımı atdığıma görə də “vurulmalı” idim”

– AFFA-da hakimiyyət dəyişikliyindən sonra yığmaya çağırılmırdız. Bunun səbəbi nə ilə əlaqədar idi?

– Yox, birinci çağırıldım. Onda Ukraynda oynayırıdım. İsraillə oyuna çağırıldım. Həmin oyunun birinci hissəsindən sonra dəyişiklik istədim. Allah Fətulla Hüseynova qəni-qəni rəhmət eləsin. Ukraynadan İsrailə gələndə Ramat Qan şəhərinin stadionunda oyunqabağı məşq etdik. Məşqdən çıxdıq, stadionun içində kafe var idi, mən oturub orda televizora baxırdım. Fətulla Hüseynov gəlib oturdu yanımda, hal-əhval tutdu. Uzun müddət idi bir-birimizi tanıyırdıq. Dedi sabah Ramiz Mirzəyev gələcək, iclas edəcək, durub onu təriflərsən. Dedim nə tərifləyim? 12 il Fuad Musayevlə bir yerdə işlədim, ona tərif etməmişəm, əksinə, gedib nələrsə tələb etmişəm. Mən tərif verə bilmirəm. Dedi: “A bala, bilirəm nə deyirəm. Sənin xətrini övladlarım qədər çox istəyirəm. Nə deyirəmsə, qulaq as”. Dedim mən onu bacarmayacam.

Həmin günü məşqdə də komandaya taktiki məşq keçirilirdi – dördlü müdafiə. Həmin məşqdə mənim yerimi boş saxlayıb ehtiyat oyunçularla məşq keçməyə göndərmişdilər. Məşqin sonuna beş dəqiqə qalmış çağırdılar. Bu hadisədən, üstəgəl Fətulla Hüseynovun sözlərindən sonra artıq bilirdim ki, nə isə olacaq. Oyunda da birinci hissədən sonra (hesab 0:3 idi) dedim ki, məni üzürlü hesab edin, dəyişsəz, yaxşı olar. Dəyişdilər. İkinci hissədə də üç qol vurdular, həmin oyunu 0:6 uduzduq. Getdim Ukraynaya, ordan eşitdim ki, mətbuatda yazıblar Tərlan bilərəkdən oynamayıb. Mənə deyəndə, dedim “Allahları bilsin, özləri bilsin”. Əslində səbəb başqa idi. Bu oyundan bir il öncə, yerli klublar Fuad Musayevə qarşı birləşən vaxt Serbiya və Çernoqoriya ilə oyunumuz var idi. Həmin oyuna ölkə çempionatında oynayan futbolçular getməyəndə mən getmişdim. Mənə demişdilər ki, getsən, klubdan qovulacaqsan. Dedim “Allah ruzimi yetirər, amma bu mənim şərəf, qürur yerimdir, mən necə getməyə bilərəm?” Bu addımı atdığıma görə də “vurulmalı” idim. Kimsə kiminləsə dava edirdi, ortada biz futbolçular cəza çəkirdik. Bəli, İsraillə həmin oyundan sonra uzun müddət yığmaya çağırılmadım.

– Həmin illərə qayıdaq. Yığmanın heyəti elan edilir, amma sizin adınız yoxdur. Bu sizə necə təsir edirdi?

– Əlbəttə, pis. 13 ilə yaxın yığmanın şərəfini qoruyan bir adam özünə qarşı bu cür addımı görəndə necə olar? Həmin vaxt Ukraynada oynayırdım. Kamala, Samirə, Fərruxa təklif gəldi, amma mənə gəlmədi. Artıq bildim ki, burda nə baş verir. Deyim ki, bir müddət həddən artıq ruhdan düşmüşdüm. Açığı, deyim ki, bir həftəyə yaxın özümə gələ bilmədim. Amma sonra öz-özümə fikirləşdim ki, həyat davam edir.

– Necə dözürdüz?

– Dözməli idim. Həyat davam edirdi. Ağır da olsa, kimsəyə büruzə vermirdim, içimdə çəkirdim. 6 ilə yaxın yığmanın kapitanı olmuşdum. Ən çətin dövrü keçmişdik. O çətin dövrü keçəndən sonra sənə qarşı bu cür addım atırlarsa… Deyim ki, içimdə bir ağrı var idi. Bugünkü gündə də hərdən oturub düşünürəm, o dönəm heç vaxt yadımdan çıxmır. Karyeramda ən böyük zərbə də elə ordan başladı. Bundan əvvəl də Kazbek Tuayevin məni “iki qoçun başı bir qazanda qaynamaz” deyib “Nefçi”dən uşaqlaşdırmasının arxasında bəlkə də, elə bu səbəb dururdu. Ramiz Mirzəyev “Neftçi”yə prezident gəldi, bundan sonra məni qovdular. Kazbek Tuayevlə görüşüb ayrılanda məni qucaqlayıb ağladı. Dedim ağlamayın, bilirəm zərbə hardan gəlib. Həmin vaxtdan haqsızlıqlar, zərbələr… Yekunda da gəldi, İsraillə oyundan sonra da məni yığmaya çağırmadılar.

“Bu sirr bizimlə qiyamətə gedəcək”

– Amma bir dəfə çağırdılar.

– Bəli, 2005-ci ildə. Avstriya ilə oyuna.

– Bu necə oldu?

– Onda “Karvan”da oynayırdım, artıq Ukraynadan qayıtmışdım. Yığmanın Bakıda Avstriya ilə, iki gün sonra səfərdə Uelslə oyunu var idi. Həmin vaxt baş məşqçi Vaqif Sadıqov, ikinci məşqçi Allah rəhmət eləsin, Böyükağa Hacıyev idi. Yığmanın Avstriya ilə oyununa qədər bütün müdafiəçilər müxtəlif formada sıradan çıxdı – “sarı” ilə limiti dolduran oldu, “qırmızı” alan oldu, zədəli olan oldu. Avstriya ilə oyuna müdafiəçi tapa bilmirdilər. Mənə gəlib çıxdılar, dedim ki, mən imtina etmişəm. İki ildir məni çağırmırsız, indi durub gəlmisiz? Çox böyük söz-söhbət oldu.

– Düşündüz bu barədə, gedim, ya getməyim?        

– Yox. Edilən haqsızlıqdan sonra gəlib təzədən oynamaq… Bəlkə də, ürəyim içəridə yanırdı…

– Qürurunuza toxunmuşdu…

– Onların, insanların elədiyi hərəkət qüruruma toxunmuşdu. Siz təsəvvür edin ki, illərlə bir yerdə işləyirsiz, bir gün gəlib deyirlər ki, sən bu şirkəti pis günə qoymusan, halbuki, sən şirkətin ağır günündə əlindən gələni etmisən. Məsələn, saytınızda işləyirsiz, ağır dönəm, pulsuzluq dönəmini keçirirsiz, amma sən onu atmırsan, getmirsən, oturursan. Sonra gəlib deyirlər ki, sənə görə bura pis vəziyyətdədir. Bir müddət də keçir, gəlib deyirlər ki, gəl kömək elə də bizə… Bu sizə necə təsir edər?

– Yaxşı təsir etməz.

– Bəli. Adama pis təsir edir. Mənim adıma söz çıxardılar ki, guya İsraillə oyunda bilərəkdən Azərbaycanın uduzmasını istəmişəm. Bundan öncə məni “Neftçi”dən çıxardılar ki, Ramiz Mirzəyevlə Fuad Musayevin davasına görə Tərlan burda olmamalıdır. Fuad Musayevlə kiminsə davası varsa, mən futbolçuya nə aidiyyatı var? Kimsə federasiyaya prezident gəlmək istəyir, onun mənə nə aidiyyatı var? Mən prezident seçmirəm ki? Hansı futbolçu prezident seçkisində səs verir? Kiminsə mənə rəğbəti, hörməti varsa, bunun futbola nə aidiyyatı var? Yaxşı, mən yığmaya bu qədər verdim. Bir çox sağ ol da az idi? Deyərdilər ki, Tərlan müəllim, çox sağ ol, biz artıq heyəti cavanlaşdırırıq. Mən də deyərdim ki, 33 yaşım var, getməliyəm. Nə oldu, 32 yaşımda məni yola salırsız, 34 yaşımda təzədən çağırırsız ki, gəl kömək elə. Mən bu cür rəftarı haqq etməmişdim. Nə isə… Avstriya ilə oyun ərəfəsində Vaqif Sadıqov dəfələrlə yığdı, dedim ki, Vaqif müəllim, xahiş edirəm, çağırma, başqasını tap. Bəzi məmurlarımız var idi, onlar da klub rəhbərliyinə dedilər ki, Tərlanı başa salın, gəlib yığmada oynasın. Sonra özüm də oturdum fikirləşdim ki, bir dəfə mən bu addımı atmışam. Yığmanın dar günündə onu atmamışam – Serbiya və Çernoqoriya ilə oyunda. Hər kim nə edibsə, Allaha tapşırmışam. Allah hər halda hər şeyi görür, ən böyük hakimdir. Fikirləşdim ki, mənim vətənim, torpağım bu adı daşıyırsa, eybi yox, gedərəm. Vaqif Sadıqova zəng vurdum, dedim ki, narahat olma, gələrəm. Gəldim, oynadım.

– Oyuna kapitan kimi çıxmadız.

– Təklif etdilər, dedim ki, yox. İmtina etdim. Səhv etmirəmsə, kapitan Qurban Qurbanov idi. Sarğını verdi, dedim ki, Qurban, istəmirəm, özün çıxart komandanı.

– Çox maraqlıdır ki, Vaqif Sadıqov milli ilə həmin görüşdə rəsmi oyunlarda ilk və son xalını qazandı.

– Ola bilər. Mən statistikaya baxmamışam.

– Həmin dövrdə yığma komandanın oyununa aşağı-yuxarı bələd idik və Avstriya ilə səviyyə fərqinin olduğu aydın idi. Açığı, mən və bir çox insan bu oyunda məğlubiyyət gözləyirdi. Amma həmin oyun 0:0 bitdi. Onların hücumu sanki betona dirənib dayanırdı. Mən özüm üçün həmin oyunu xeyli təhlil etdim ki, necə oldu yığmamız heç-heçə edə bildi? Yalnız bir amilin üzərində dayandım: Tərlan Əhmədov amilinin…

– Boş qapıdan top çıxarmağım yadıma gəlir.

– Yəqin ki, təkcə bu epizod deyil. Liderlik, müdafiəni idarə etmək də ola bilər. Bəlkə də, yığmaya çağırılmadığınız dövrdə yığılıb qalan, xərclənməyən enerji idi ki, bu oyunun sonunadək bəs etdi.

– Ola bilər. Amma iki gündən sonra getdik Uelsə, orda da məni oynatmadılar. Bunun səbəbini açıqlamayaq. Böyük bir səbəbdir və üç nəfər bilir: Vaqif Sadıqov, mərhum Böyükağa Hacıyev və mən. Bu sirr də bizimlə qiyamətə gedəcək.

– Avstriya ilə oyun yığmada son oyununuz idi. Bəs ilk oyunu xatırlayırsız?

– Gürcüanidə, Gürcüstan yığmasına qarşı. 3:6 hesabı ilə uduzduq. Bir müddət sonra Gəncədə onları 1:0 udduq. Həmin oyunda 18-ci dəqiqədə mənim qabırğam sındı.

– Amma razılaşın ki, ikinci oyundakı heyətdə gürcülərin Avropada oynayan ulduzları yox idi.

– Aydın məsələdir, amma gürcülərin həmin Avropa ulduzları olan heyəti ilə biz 2000-ci ildə Bakıda 0:0 oynadıq.

– Yerli hakim və bərbad gündə olan meydançanı xatırlayıram həmin oyunda.

– Peşəkar hər yerdə, hər şəraitdə oynamağı bacarmalıdır. Rusların bir sözü var: “Yaxşı rəqqasa heç nə mane olmur”.

“Neftçi”də ən yaxşı oyunlarımızı Əhməd Ələsgərovun dövründə oynamışıq”

– Yığma komandada işlədiyiniz məşqçiləri sıralasaq, birinci yerə kimi qoyardız?

– Əhməd Ələsgərovu. Bunu hər zaman demişəm. O həm şəxsiyyət idi, həm pedaqoq idi, futbolçu ilə həm dost idi, həm qardaş idi. Onun bu keyfiyyətləri Əsgər Abdullayevdə də var idi. Ən yaxşı nəticəni biz Əsgər Abdullayevin vaxtında vermişik.

– Amma oyun baxımından Ələsgərovla Abdullayevin komandası fərqlənirdi.

– Əlbəttə. Fərqli sistemlər, fərqli tələblər var idi. Bir insanın etdiyini ikinci insan təkrarlaya bilməz. Mən onların oxşarlığını oynatdıqları oyuna görə yox, futbolçularla rəftarı, komandadaxili yaratdıqları atmosfer baxımından deyirəm. Bəli, tələb etdikləri futbol tamamilə başqa idi.

– Sizə elə gəlmirmi ki, Azərbaycan Ələsgərovun potensialından istifadə edə bilmədi. O, daha çox iş görə bilərdi.

– Bəlkə də, 60-cı, 70-ci, 80-ci illərdə daha çox xeyir verə bilərdi. Bizim dövrümüzdə artıq yaşlı vaxtları idi. Yəni əvvəlki Əhməd Ələsgərov üçün deyirdilər ki, o bazaya girəndə futbolçular əsirmiş. Hətta deyilənə görə, yeri gələndə futbolçunu da döyürmüş. Amma bizim dövrümüzdə elə deyildi.

– Bəlkə, sizinlə bu şəkildə kobudluq etməməsi, zəifləmə yox, onun bir məşqçi kimi inkişafı olub?

– Ola bilər. Bəlkə də, yanaşmasında özü dəyişiklik etmişdi. Düşünübmüş ki, həddən artıq sərt olmaq düzgün yanaşma deyil. Məsələn, mən 2009-cu ildən məşqçi işləyirəm. İldən ilə öz işimdə dəyişikliklər edirəm və hesab edirəm ki, bu dəyişikliklərim irəliyə doğru addımdır. Ola bilər ki, Əhməd müəllimdə də olan dəyişiklik zəifləmə yox, irəliyə doğru addım idi. Əhməd Ələsgərovun iki dənə eynəyi var idi: biri şəffaf idi, digəri isə çəhrayı rəngdə idi. O, çəhrayı rəngli eynəyi taxanda həmin gün bazada kimsə onun gözünə görünə bilməzdi. Hər adamda bir “priçina” tutub danlayırdı. Bir gün axır soruşdum ki, Əhməd müəllim nədir bu? Dedi “Əsəbi olanda çəhrayı rəngdə olan eynəyi taxıram ki, gözlərimi görməsinlər. Həmin vaxt həddən artıq aqressiv oluram”. Bir də görürdün, ən adi bir şeyə ilişdi: “Bu nə yerişdir, yeriyirsən?”, “Bu nə geyimdir geyinmisən?” Aləm dəyirdi bir-birinə. Məşqə çıxırdıq, aqressiv… Dünənki Əhməd Ələsgərovdan əsər-əlamət yox idi. Amma futbolçunu vurmaq yox idi. Artıq tamam başqa yanaşma idi. Biz Portuqaliya ilə Bakıda 1:1 oynadığımız oyundan əvvəl, konfrans zalında Gimarayeşdə 0:7 hesabı ilə uduzduğumuz oyunun kasetini qoydu. Əvvəlcə azarkeşlərin səsi ilə baxırdıq, sonra səsi azaltdı. Bundan sonra bizə dedi ki, görürsüz, sanki öz çempionatınızın oyunudur. Sizi qorxudan, həyəcanlandıran o səs-küy olub.

Biz “Neftçi”də ən yaxşı oyunlarımızı Əhməd Ələsgərovun dövründə oynamışıq. Oynadığımız futbol tamamilə başqa idi. Zövq alınası futbol oynayırdıq. Portuqaliya ilə oynadığımız oyun, “Srvena Zvezda” ilə, ölkə çempionatında “Kəpəz”lə… O mənim üçün məşqçi kimi ideal insan idi. Həm pedaqoq idi, həm sanki qardaş idi, dost idi, hərdən də elə olurdu ki, sanki səninlə düşməndir. Amma o düşmənçiliyi çox qısa çəkirdi. O insan elə edirdi ki, həm insanda qorxu yaradırdı, həm məhəbbət. Bilirdin ki, qarşındakı şəxsiyyətdir.

“Həddindən artıq qorxu altında saxlayırdı futbolçuları”

– Yığmaya Azərbaycanın bütün tanınmış məşqçiləri rəhbərlik edib, amma bir nəfərdən başqa. Bu bir nəfər Ruslan Abdullayevdir. Çox maraqlıdır, niyə?

– Bilmirəm, vallah. Bəlkə də, yığmaya özü baş məşqçi gəlmək istəməyib.

– Onunla işləmisiz?

– Bəli. “Neftçi”də və “Turan”da.

– Necə məşqçi idi?

– Məşqçi kimi deyim ki, çox güclü, savadlı məşqçi idi. Amma xarakterində futbolçularla problemi var idi. Çətin xarakterli idi. Həddindən artıq çox tələbkar idi. Həm nizam-intizam, həm oyun barəsində. Həddindən artıq qorxu altında saxlayırdı futbolçuları. Futbolçular stress altında olurdu. Biri mən özüm. “Turan”da bir müddət işləmişik. Elə onun dövründə Vidadi Rzayevlə mən tərk etdik oranı. Aramızda söz-söhbət oldu, ona görə də uzaqlaşdıq ordan.

Söhbətləşdi: Vüqar Məmmədov

(davamı olacaq)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button