Tərlan Əhmədov: “Məğlub da ola bilərdik”
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 15-ci turunun “Şamaxı” (1:1) ilə oyunu ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Əhmədov matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Şamaxıya üç xal üçün gəlmişdik. Çalışırdıq ki, məsələni birinci hissədə həll edək. İlk yarıda daha rahat oynayırdıq, qol epizodları yaradırdıq. Amma bundan istifadə edə bilmirdik. İkinci hissədə də imkanlarımız var idi. Maraqlı, mübarizəli oyun oldu. Sona yaxın əsəblər tarıma çəkilmişdi. Bu gün bir xal qazandıq, iki xal da itirdik. Məğlub da ola bilərdik. Çünki “Şamaxı”nın qol şansları yaranmışdı. Oyunun taleyini ilk yarıda həll edə bilərdik. Əlimizdə olan futbolçulardan maksimum istifadə etdik. Zədəlilərimiz hələ yeni qayıdıb. Tam heyətlə meydana çıxa bilmirik. Əvəzetmələrdə çətinlik çəkirik. Komandamın oyunu 70 dəqiqə məni məmnun etdi. Hücumda yaratdığımız qol epizodları bəlkə də, çempionatda yaradılan ən çox qol epizodları idi. Bir xala və mübarizəyə görə, futbolçularıma təşəkkür edirəm”.
Baş məşqçi komandasının oyundan sonra məşq etməsinə də aydınlıq gətirib:
“Bu, cəza deyildi. Sabah komanda üçün istirahət günüdür. Dekabrın 4-də “Sumqayıt”la oyunumuz olacaq. Oynamayan futbolçular məşq edirdi, digərləri üçün də bərpa məşqi idi. Yəni yüngülvari məşq oldu”.
Bizi Facebook-da izləyin