Tərlan Əhmədov: “Allaha yalvarıram ki, onlara heç nə olmasın”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransına bunları söyləyib:

“Açığı, hava şəraitinə görə meydanda futbol adına yaxşı nəsə görəcəyimizə elə də inam yox idi. Oyunçularıma sadəcə, mübarizə aparmaq lazım olduğunu bildirmişdim. Kim səhv etsəydi, kim qol vursaydı, bu, həlledici olacaqdı. Düzgün oynamaq lazım idi. Etiraf edim ki, “Səbail” bu gün daha istəkli idi, daha aqressiv görünürdü. Fikrimcə, bu cür havada belə nəticəni qənaətbəxş saymaq olar.

Sezar Meza Kolli çox texnikalı futbolçudu. Amma tək o yox, digərləri də istədiyimiz oyunu nümayiş etdirə bilmədilər. Bəlkə də Lorenso Frutos Azərbaycanda belə hava şətaiti ilə ilk dəfə üzləşir. Eləcə də Flores. Onlar üçün belə küləyin olması təəccüblüdü. Gələcəyə ümidlə baxmalıyıq. Getdikcə hava şəraiti daha sərt olacaq. Kuboku da nəzər alsaq, qış fasiləsinədək hələ 6 oyun var. Belə hava şəraitinə ilk növbədə psixoloji cəhətdən hazır olmalıyıq.

12 aparıcı futbolçumuz var. Gecə-gündüz yalvarıram ki, onlara heç nə olmasın. İstər-istəməz qalan 6 oyunda hər şey baş verə bilər. Hətta indi oyunu gücləndirəcək futbolçu tapmaqda çətinlik çəkirik. Bu üzdən qış fasiləsində mütləq heyətə bir neçə yeni futbolçu cəlb etməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button