“Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq”

Futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan, Serbiya və Lüksemburqa qarşı keçirəcəkləri oyunlardan əvvəl mətbuat konfransı təşkil edib.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:

“Karantin məsələsi həll edildi. İngiltərədəki oyunçuların milliyə gəlməsi üçün hansısa problem yoxdur. Mən hüquq üzrə mütəxəssis deyiləm, amma aydın görünür ki, oyunçular yığmaya gələ bilərlər.

Seçmə mərhələdəki ilk üç oyunumuzun hamısı ölkə xaricində baş tutacaq. Təəssüf ki, ilk görüşümüzü burada yox, İtaliyada oynayacağıq.

Bizi qarşıda olduqca çətin oyunlar gözləyir. Bu, Avropa çempionatına gedən yol kimi asan olmayacaq. Xüsusilə startdakı 3 qarşılaşma həlledici olacaq. Çünki bu görüşlər mundiala vəsiqənin başlanğıcını qoyacaq. Hazırda mənə aktual görünən yeganə məqam budur. Başqa alternativ variant görmürəm. Mayda Avropa çempionatının final mərhələsinə hazırlaşacağıq. Amma həmin turnirin seçmə mərhələ ilə heç bir əlaqəsi yoxdur. Düzdür, sıx qrafikdə oynamalı olacağıq. Amma bəhanə axtarmağın mənası yoxdur. Qarşıda 3 xal qazanmalı olduğumuz oyunlar var. Bunlar qrupdan çıxmaq üçün əsas matçlardır. Heyətdə yeni futbolçular olduğundan bütün diqqətimizi bir yerə cəmləşdirməliyik”.

Qeyd edək ki, Portuqaliya yığması Azərbaycan millisi ilə martın 24-də İtaliyada qarşılaşacaq. Turindəki “Yuventus” stadionunda keçiriləcək matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Bundan 3 gün sonra Belqradda Serbiya yığmasının qonağı olacaq Portuqaliya yığmasını martın 30-da Lüksemburqla da səfər oyunu gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button