Tərlan Əhmədov: “Düzgün yoldayıq”
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. Külək hardasa həm bizə, həm də rəqibə problem yaradırdı. “Turan Tovuz” ilə oyundan sonra komandanın psixoloji durumunu düzəltməyə çalışırdıq. Stabil olmaq üçün ardıcıl bir neçə oyunda qalibiyyət əldə etmək lazımdır. “Şamaxı” üzərindəki qələbə motivasiyamızı artırmışdı. Bu gün var gücümüzü meydanda qoyduq. Komanda müdafiədə həddindən artıq nizam-intizamlı oynadı. İrəlidə yaratdığımız qol epizodlarından yararlanmağa səy göstərdik. Öhdəsindən layiqincə gəldik. Bu gün qazandığımız 3 xal bizə çox vacib lazım idi. Həm turnir cədvəlindəki mövqeyimiz baxımından, həm də qarşıdakı oyunlar üçün. Birinci hissədə hesab böyük də ola bilərdi. Amma 1:2 də normal nəticədir. Kollektivi təbrik edirəm. Komandaya dəstək olan azarkeşlərə təşəkkür edirəm. Çətinliklərimizə baxmayaraq, uşaqlar meydanda əzmkar oynadılar və bu, məni sevindirdi. Düzgün yoldayıq”.
Bizi Facebook-da izləyin