Sənan Qurbanov “Qəbələ”yə məğlubiyyəti şərh etdi
“Keşlə”nin baş məşqisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bu oyuna ciddi hazırlaşmışdıq. Müdafiədə buraxdığımız səhvlər məğlubiyyətə səbəb oldu. İkinci hissədə bir neçə qol imkanımız oldu, amma yararlana bilmədik. Səhvləri analiz edəcəyik ki, futbolçular bunları təkrarlamasınlar. Futbolçuların özünəinamı qaytarması çox vacibdir. Bunun üçün bir qələbə lazımdır. Bu gün alınmasa da, bizim işimiz axıra qədər mübarizə aparmaq və oyunçuları inandırmaqdır. Uzun müddət “Qəbələ”də işləmişəm. Ancaq hazırda “Keşlə”yə rəhbərlik edirəmsə, “Qəbələ” mənim üçün keçmişdə qalıb. Bizə bu gün uduzmamaq lazım idi, təəssüf ki, bunu reallaşdıra bilmədik. Artıq növbəti görüşlərə baxacağıq”.
Qurbanov futbolçuların matçda bir-birlərinə tez-tez irad bildirməsinə də aydınlıq gətirib: “Yeni komandaya gələndə sistem dəyişikliyi baş verir. Bu, futbolçular arasında bir qədər anlaşılmazlığa yol açır. Çalışacağıq ki, bu hallar bir daha təkrarlanmasın. Oyunçulara bir-birlərinə söz atmaq ixtiyarı verilmir. Bütün bunlar qarşıdakı günlərdə yoluna qoyulacaq. Futbolçular başa düşməlidirlər ki, meydançada danışmaq yox, futbol oynamaq lazımdır. Bundan öncəki matçların görüntülərinə baxanda görmüşəm ki, ikili mübarizələrdə məğlub olanda komandanın vəziyyəti çətinləşir. Həm “Kəpəz”lə, həm də “Qəbələ” ilə görüşdən əvvəl bunu oyunçulara göstərirdik ki, gərək təkbətək mübarizələrdə uduzmayaq, epizodlardan uzaq olmayaq. Bacardıqları qədər əllərindən gələni etdilər. Əsas odur ki, əlimizi yanımıza salmamalı, işimizi davam etdirməliyik”.
Bizi Facebook-da izləyin