Yaşının saxtalaşdırılması şübhəsi olan Rahid Əmirquliyevdən “Komanda”ya açıqlama
“Səbail”in futbolçusu Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə” ilə matçda (1:2) iştirak edərək, çempionatda 422-ci oyununa çıxıb və bu göstəricidə mütləq rekordçu olub.
Azərbaycan milli komandasının da sabiq üzvü olan yarımmüdafiəçinin çempionatda debütü 2003/2004 mövsümünə təsadüf edib. Hazırda 32 yaşı olan Rahid hesablamalara görə, Premyer Liqada 13 yaşında debüt edib. Əmirquliyevin belə yaşda debüt etməsi maraqla qarşılanıb. Onun yaşının saxtalaşdırılması şübhəsi yaranıb.
Əmirquliyev məsələ ilə bağlı Komanda.az saytına açıqlama verib. O, 13 yaşından “Şahdağ”da çıxış etməyə başladığını deyib:
“13 yaşımdan “Şahdağ”da çıxış etməyə başlamışam. Bu yaşda əsas liqada çıxış edən futbolçular az olur.
422 oyun sayına gəlincə, onu deyə bilərəm ki, bu, Azərbaycan futbolunda bir tarixdir. Heç vaxt təsəvvür etməzdim ki, çempionatda bu qədər oyun keçirərəm, hətta ən çox oyun keçirən futbolçu olaram. Bu saya çatmışam. Bu, mənim üçün çox xoşdur. Əlavə motivasiyadır ki, daha çox oynayıb, matç sayını artırım”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin