“Çempionat bərpa edilsə, bu, mayın sonu və ya iyunun əvvəlindən tez olmayacaq” – Müsahibə
“Səbail”in futbolçusu Aleksandr Rıbka Ukrayna mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, “Zbirna” nəşrinə danışan 33 yaşlı qapıçı, Azərbaycandakı karantin vəziyyəti və Premyer Liqanın bərpası haqda bunları deyib:
- Karantin olmasaydı, doğum gününüzdə – aprelin 10-da “Səbail”in heyətində oyuna çıxacaqdızmı?
- Karantin olmasaydı, aprelin 10-da çempionatda oyunumuz var idi. Daha əvvəl doğum günümdə oyun olduğunu dəqiq xatırlamıram. Deyəsən, bir dəfə olmuşdu. Ukraynada Kiyev “Dinamo”su ilə səfərdə “Şaxtyor”la qarşılaşmışdıq. Matç 2:2 hesabıyla bitmişdi. Oyundan sonra doğum günümü dostlarımla restoranda qeyd etmişdik.
- Ukrayna milli komandasındakı ilk iki oyununuz yadınızdadırdmı?
- Əlbəttə, Oleq Bloxin olanda Estoniya ilə matçda debüt etmişdik. 2:0 hesabıyla qalib gəldik və penaltini qurtarmışdım. Sonra Almaniya ilə yoxlama oyununda 3:3 hesablı heç-heçə etdik.
- Azərbaycanda karantin necə gedir?
- Kiyevlə daim əlaqə saxlayıram. Buna əsasən deyə bilərəm ki, Azərbaycanda karantin rejimi daha sərtdir. Evimizin həyətində bir mağaza var, problemsiz ora gedə bilərsiniz. Bazara getmək lazımdırsa, xüsusi nömrəyə mesaj göndərməli və cavab olaraq SMS icazəsi almalısınız. Artıq iki dəfə SMS-dən istifadə etmişəm. Dostlarımın yoldaşları deyirlər ki, şəhərdə tıxaclar olur. Bəzən maşınları dayandırıb, evi tərk etmək icazəsi olub-olmadığını yoxlayırlar. Sonradan problemlə üzləşməmək üçün SMS göndərmək daha yaxşıdır.
- Daha hansı məhdudiyyətlər tətbiq olunur?
- Mağazaya yalnız maska, əlcək taxıb əllərinizi antiseptiklə təmizləməklə gedə bilərsiniz. Karantin yeni başlayanda gəzinti meydançasında gəzib, basketbol oynamaq mümkün idi. İndi hər kəs üçün küçəyə çıxmaq qadağası var. Kiyevdə deyirlər ki, Obolonski sahili boyunca qaça bilərsiniz. Burada belə genişlik imkanı yoxdur.
- Azərbaycanda koronavirusa yoluxma çoxdur?
- Statistikaya inanmıram. Bu, istənilən ölkəyə aiddir. Yoluxmaları həddən artıq da qiymətləndirmək olar, az da. Azərbaycanda xəstələr azdır, səlahiyyətli qurumlar virusun yayılmaması üçün bütün tədbirləri görüblər.
- Yəqin ki, digər futbolçulara nisbətən qapıçılar üçün evdə məşq etmək asan deyil.
- Evdə bacardığımı edirəm. Ancaq təbii ki, bu, kifayət etmir. Məşqçilər proqramları qurur, onları icra edirik. Hər şey futbolçunun peşəkarlığından asılıdır.
- Karantin rejimi başlamazdan əvvəl Ukraynaya getmək imkanınız yox idi?
- Klubla əlaqə saxladım, deyildi ki, çempionat tezliklə bərpa edilə bilər və ya ən azı məşq edəcəyik. Bu üzdən qalmalı oldum.
- “Səbail”də futbolçuların maaşlarının azaldılması ilə bağlı söhbət olmayıb?
- Xeyr, bu hələ müzakirə olunmayıb.
- Çempionatı davam etdirmək mümkün olacaq?
- Bizim cəmi 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa edilsə, bu, mayın sonu və ya iyunun əvvəlindən tez olmayacaq. UEFA çempionatı sona çatdırmadan çempion və mükafatçıları təyin edən ölkələrin Avropa yarışlarında yerlərini itirə biləcəyini açıqladı. “Qarabağ”, “Neftçi” kimi klublar üçün avrokubokda iştirak etmək yaxşı maddi köməkdir. Buna görə də, buradakı hər kəs çempionatın bərpasında və oynanılmasında maraqlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin