Sürətli, kobud, etibarlı Yazı+Fotolar
O, uzun illərdir “Real”ın şərəfini qorumaqla, bu klubun azarkeşlərinin böyük sevgisini qazanıb. Bəzən meydandakı oyunu, bəzən də aqressiv davranışları sayəsində diqqət mərkəzinə düşür. Rəqib azarkeşlərin isə ona münasibəti birmənalı deyil. Onu dünyanın ən yaxşı mərkəz müdafiəçisi sayanlar da var, kobud oyununu ön plana qoyanlar da. Məsələn, onun Çempionlar Liqasının final matçında “Liverpul”un hücumçusu Məhəmməd Salahla mübarizə zamanı rəqibini zədələməsi uzun zaman müzakirə olundu. İngiltərə klubunun azarkeşləri Serxio Ramosu misirli futbolçunu qəsdən zədələməkdə ittiham edərək, ünvanına təhqirlər yağdırdılar.
Serxio Ramos 30 mart 1986-cı ildə Sevilyada dünyaya gəlib. Uşaq yaşlarından buğa döyüşlərinə böyük maraq göstərən Serxio, bu idmanı izləməyə və maraqlanmağa başlayır. Amma valideyinləri təhlükəli olduğu üçün onu matador döyüşlərindən uzaqlaşdırmağa çalışır. Özünün də dediyi kimi, böyük qardaşının sayəsində futbolla məşğul olmağa başlayır:
“Uşaqlıqda fərqli xəyallarım vardı. Hər zaman buğa döyüşü ilə məşğul olmaq istəyirdim, amma anam mənim üçün narahat olurdu. Böyük qardaşımın məsləhəti ilə daha az təhlükəli olan futbolu seçdim”.
Futbol karyerasına 1996-cı ildə “Sevilya”nın aşağı yaş qrupunda oynayaraq başlayır. 2003-cü ildə bu klubun ikinci komandasında forma geyinmək fürsəti əldə edir.
Nəhayət, 2004-cü ildə “Sevilya” ilə karyerasının ilk peşəkar müqaviləsini imzalayır. Əvvəllər sağ cinah oyunçusu olaraq meydana çıxan futbolçu, sonralar müdafiənin mərkəzində oynamağa başlayır.
2004-2005-ci illəri “Sevilya”da keçirən Ramos üçün artıq Avropanın nəhəng klubları qapının ağzını kəsdirməyə başlamışdı. Öz mövqeyindəki etibarlı oyunu ilə diqqətləri cəlb edən futbolçu, İspaniya nəhəngi “Real”la müqavilə imzalamaq qərarına gəlir. Və elə həmin gündən də “Real”ın şərəfini qoruyur.
2005-ci ildən İspaniya milli komandasında da forma geyinən Serxio, yığma ilə birlikdə 2010-cu ildə dünya çempionatının, 2008 və 2012-ci illərdə Avropa çempionatının qalibi olub.
Ramos meydanda istedadı qədər, aqressiv hərəkətləri ilə də diqqət mərkəzinə düşür. Bəlkə də, elə bu xüsusiyyət onun mənfi cəhətidir. “Real”da oynayandan bəri təxminən 25-ə yaxın qırmızı vərəqə alaraq, meydandan qovulub. Bundan başqa, La Liqada ən çox qırmızı vərəqə alan futbolçu olaraq, antirekord müəllifidir.
Bir çox futbolçu kimi, o da döymələrə olan həvəsi və sevgisi ilə tanınır. “Sevilya”da oynayarkən 32 və 35, İspaniya millisində isə 19 nömrəli forma geyinən futbolçu, bu rəqəmləri barmaqlarına döymə elətdirib.
Ramos artıq uzun illərdir “Real” forması geyinsə də, onun atası Jose Ramos tam bir “Mançester Yunayted” fanatıdır. 2013-cü ildə “Real”la MY qarşılaşanda, Serxio atasının İngiltərə futboluna olan sevgisini də açıqlamışdı:
“Atam lap əvvəllərdən futbol izləyirdi. Mən uşaq olarkən dediyi bir söz var idi: “Oğlum, Etik Kantonanı izləməlisən”.
Serxionun böyük qardaşı Rene də futbolla əlaqəli biridir. O, Serxionun futbolçu karyerasını yönəldən əsas fiqurdur. Amma əlbəttə, son sözü həmişə ata Ramos deyir.
“Buğa” ləqəbli futbolçunun Miriam adında bacısı da var.
“Real”ın kapitanı atlara olan sevgisi ilə də tanınır. Onun Əndəlüs atlarının çoxluq təşkil etdiyi bir ferması da var.
Serxio Ramos müasir futbolda çox lazım olan sürətiylə də fərqlənməyi bacarır. İspaniyanın “Marka” nəşri FİFA-nın rəsmi statistikalarına istinad edərək, 2015-ci ildə Ramosun dünyanın ən sürətli futbolçularından biri olduğunu yazmışdı.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin