“Sürix” haqda qeydlər – Çox qol görürəm, hocam!
“Qarabağ“ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix” inanılmaz bir mövsüm keçirib, İsveçrə çempionu oldu. İsveçrə çempionatı ciddi böhran yaşasa da, “Bazel” və “Yanq Boyz” həqiqətən kəsərli komandalardır. Amma “Sürix” heç kimin gözünün yaşına baxmadı, sona 4 tur qalmış çempion oldu. Özü də, “Bazel”i səfərdə udaraq. Bir mövsüm öncə liqada güclə qalan komandadan danışırıq.
Düzdür, baş məşqçilərini itiriblər. Andre Breytenreyter “Hoffenhaym”a getdi. Yerinə Franko Foda gəlib. Məncə, “Qarabağ”a ümid verən dəyişiklikdir.
Ümumi götürəndə “Sürix” çox təhlükəli komandadır, dəli kimi hücum potensialı var. Komandada 10 milyon avro dəyərində və İtaliya yığmasına çağırılan hücumçu var: Vilfred Qnonto. Sürəti və topla hərəkəti superdir. “Qarabağ”ın başını çox ağrıdacaq. Açığı, iki və ya üç qol gözləyirəm ondan. Hələ yaxşı ki, Assan Ceesay bu yay “Leççe”yə keçdi, ikisi birdən olsaydı, “köhlən atlar”ın işi inanılmaz çətin olardı. Yəqin ki, hücumun mərkəzində Ayequn Tosin oynayar. Düzdür, Ceesay deyil, amma o da təhlükəlidir.
“Sürix”in hücum gücünü əsas irəli aparan sol cinah yarımmüdafiəçisi Adrian Gerrero ilə, sağda Nikola Boraniyaşeviçdir.
“Sürix”in hücum potensialı yüksək olsa da, müdafiəsi zəifdir və ağırdır. Keçən mövsüm İsveçrə çempionatında 36 oyunda 46 qol buraxıblar. Hər matçda təxminən 1,3 qol – İsveçrə kimi çempionatda çoxdur. Komandanın “dirəy”i Omeragic zədəlidir. Dayaq yarımmüdafiəçisi Dumbiya gedib, digəri – Blerim Cemaili isə yaşlıdır. “Qarabağ”ın hücumçusu İbrahima Vadji bu dəfə “partlatmalıdır”. 60-65 dəqiqə müdafiənin nəfəsini kəsib, Ramil Şeydayevə şərait hazırlamalıdır.
“Qarabağ”da cinah oyunçularının müdafiədəki işi kritikdir. Belə baxıram ki, yenə Elvin Cəfərquliyev və Marko Veşoviç olacaq cinahlarda. Çünkü onların müdafiədəki qabiliyyəti Toral Bayramov və Abbas Hüseynovdan yaxşıdır. Kadi Borges və Abdullah Zubir də çox işləməli olacaq. Yaxşı vaxtlarındakı Xayme Romeronun yeri idi bu oyunlar… “Sürix” Filip Ozobiçə uyğun rəqibdir.
“Qarabağ” üçün belə rəqiblərlə oynamaq rahatdır əslində. Müdafiədə oturmur və çox boşluq verir. Əsas odur ki, 180 dəqiqə ərzində müdafiədə səhvlər minimum olsun.
Bizi Telegramda izləyin
Vüsal “Aydın” Qəmbərov
Bizi Facebook-da izləyin