“Sürgün” çıxış yolu deyil!

Əmir

Azərbaycan futbolunun çoxsaylı problemləri arasında həmişə ən aktual mövzulardan biri region futbolu və ya regionların futbolsuzluğudur. Bu mövzuda olan tənqidi fikirlərin əsas mövzusunu isə Premyer Liqada region klublarının azlığı (bir qədər kobud desək, yoxluğudur) təşkil edir. “Keşlə”nin Şamaxıya köçməsi, bu komandanın “Şamaxı” adı altında “Neftçi”yə qarşı ilk ev oyununda anşlaq yaşanması regionlarda klubların yaradılması və ya mövcud region klublarının Premyer Liqaya buraxılmasına icazə verilməsi tələblərini bir az da gücləndirib.

Azərbaycan Premyer Liqasında region klublarının təmsil olunması gərəklidir, labüddür və vacibdir. Lakin bu məsələyə “Şamaxı” prizmasından yanaşmaq bir qədər tələsik verilmiş nümunə kimi görünür. Biz hələ Şamaxı əhalisinin keçmiş “Keşlə”ni nə qədər doğma qəbul edəcəyini, öz klubları kimi mənimsəyib-mənimsəməyəcəyini bilmirik. Regionlar kütləvi tədbirlərə, əyləncələrə acdır. Ötən həftə Şamaxıda yaşanmış ajiotajı bununla, həmçinin yerli icra orqanlarının fəaliyyəti ilə bağlamaq olar. Şamaxının əsl azarkeş potensialını isə qarşıdakı turlarda görəcəyik. 25 illik tarixində 4-cü adına qovuşmuş “ağ-qırmızılar”ın Şamaxıda hansı səviyyədə dəstək görəcəyi bir neçə amildən asılı olacaq. Məsələn, bayaq da qeyd etdiyim kimi, şamaxılıların klubu hansı səviyyədə mənimsəməsi, doğma komanda kimi qəbul eləməsi, klubun hansı nəticələri göstərməsi (şübhəsiz ki, qələbələr azarkeşləri daha çox şirnikləndirir), yerli əhalinin ilk oyuna marağının ötəri həvəs yox, daimi əyləncə kimi qəbul edib-etməməsi və s. Gələn oyunlarda Şamaxı şəhər stadionunun tribunalarında 2000 nəfərlik anşlaq yox, 300-500 nəfərlik kiçik qrupla üzləşə bilərik. Sonradan məyusluq yaşamamaq üçün buna hazır olmalıyıq. Şamaxının futbol rayonu olmadığını nəzərə alsaq, bu cür halla rastlaşmağımız gözləniləndir. Nə də olmasa, gözümüzün önündə Premyer Liqada dəfələrlə medallar qazanmış, ölkə kubokunun qalibi olmuş, avrokuboklarda ən uğurlu təmsilçilərimizdən olan “Qəbələ” nümunəsi var. Lakin onu da qəbul etməliyik ki, azarkeş marağının, kütləviliyin hansı səviyyədə olmasından asılı olmayaraq, ölkə futbolunun Abşeron yarımadasından kənara çıxması istənilən halda sevindiricidir.

Məhz bu sevinc son günlərdə (aylarda, illərdə) futbol ictimaiyyətinin bir çox üzvündə Bakının digər klublarının da paytaxtdan kənara köçürülməsi ideyasının güclənməsinə səbəb olub. Amma bu variant nə qədər düzgündür? Paytaxtda təkcə “Neftçi”nin qalması, “Zirə”, “Sabah”, “Səbail”in də “Keşlə” kimi paytaxtdan “sürgün edilməsi” ölkə futboluna doğrudanmı xeyir verəcək? Fikrimcə, yox. Səbəblərini izah edim:

  1. Kütləvi məskunlaşma. Bakı Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də ölkənin ən böyük şəhəri, meqapolisdir. Azərbaycanın 10 milyonluq əhalisinin rəsmi olaraq 1/4-i, qeyri-rəsmi olaraq isə təxminən 1/3-dən çox hissəsi məhz Bakı və ətraf qəsəbələrində məskunlaşıb. Bu qədər böyük əhaliyə malik şəhərdə 4 peşəkar klubun olması nə vaxtdan anormallıq sayılıb? Və ya, sualı başqa cür qoyaq: bu qədər çox insanın yaşadığı şəhərin komandalarını regionlara “sürgün etmək”lə ölkə futbolunun doğrudanmı qazanacağını düşünürsüz? Təkcə “Neftçi”nin futbol akademiyası bütün şəhərdə olan potensiallı uşaqları, gəncləri, yeniyetmələri özündə cəmləşdirə biləcəkmi? Çətin… Bilirəm, bəziləriniz peşəkar klublar olmasa belə, futbol məktəblərinin mövcudluğunun bu balansı qoruya biləcəyini düşünür. Amma peşəkar liqalarda çıxış edən komandaya malik olmayan futbol məktəbləri uşağı, yeniyetməni ancaq müəyyən yaşa qədər inkişaf etdirə bilər. Üstəlik, bu cür futbol məktəblərində, akademiyalarda çıxış edən uşaqların ilk məqsədinin təmsil etdikləri klubun əsas komandasına düşmək olduğunu nəzərə alanda, nə demək istədiyim aydınlaşar.
  1. Xarici təcrübə. Həmişə özümüzə ən yaxın nümunə kimi gördüyümüz Rusiya və Türkiyəyə boylanaq. Bu gün Türkiyə Super Liqasında çıxış edən 20 klubdan 6-sı ölkənin ən böyük şəhəri olan İstanbulu təmsil edir. Rusiyada isə yerli Premyer Liqada ölkənin ən böyük şəhəri və paytaxtı olan Moskva təmsilçilərinin sayı 5-ə bərabərdir (16 komanda arasında). Bu fakt özü də onu göstərir ki, ölkənin ən böyük meqapolisinin yüksək liqada daha çox komanda ilə təmsil olunması tam normal haldır.
  2. Futbol ənənəsi və futbolun kütləviləşməsi. Paytaxtın Premyer Liqada yalnız bir klubla təmsil olunmasının tərəfdarlarının gətirdiyi əsas arqumentlərdən biri, belə olacağı təqdirdə, şəhərin, həm də ölkənin ən köklü klubu olan “Neftçi”yə azarkeş marağının artacağı, oyunlarına daha çox azarkeş cəlb olunması istiqamətindədir. Lakin bu düşüncə yalnız səthi proqnoz olaraq qalır. Heç kim təminat verə bilməz ki, “Sabah”ın, “Zirə”nin regionlara köçməsi “Neftçi”nin stadionunun tribunalarının dolması və ya azarkeş sayının indikiylə müqayisədə artması ilə nəticələnəcək. Tamaşaçı sayından söz düşmüşkən, maraqlıdır ki, bu mövsümdə “Sabah”ın ev oyunlarına orta hesabla 900-dən çox tamaşaçı gəlib ki, bu da, “Neftçi”dən sonra ikinci böyük göstəricidir. Deməli, klubun ev oyunlarını keçirdiyi Masazır qəsəbəsində artıq böyük futbola müəyyən maraq yaranmaqdadır. Həm bu amil, həm də “Zirə” və “Səbail”in təmsil etdiyi qəsəbələrdə kifayət qədər əhali yaşadığını nəzərə alsaq, futbolun kütləviləşməsi baxımından nəinki bu qəsəbələri futbolsuz qoymaq lazımdır, üstəlik, hazırda futbolsuz qalmış və bu sahədə ənənəsi olan Buzovna kimi qəsəbəyə futbolu qaytarmaq olar, həmçinin, Abşeron rayonunun mərkəzi sayılan və 100 mindən çox insanın məskunlaşdığı Xırdalan kimi şəhərdə də stadion tikilməli, peşəkar komanda yaradılmalıdır.
  3. Mənimsəmə. Peşəkar klubun azarkeş potensialı onun ev oyunlarında əsas “silah”ına çevrilir. Bu “silah”dan isə daha çox ənənəsi olan bölgələr istifadə edə bilir. Məsələn, futbol azarkeşlərinə orta statistik bir tovuzlu üçün “Turan”ın, gəncəli üçün “Kəpəz”in, lənkəranlı üçün “Xəzər”in, qusarlı üçün “Şahdağ”ın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Deməli, məsələn, futbol ənənəsinə malik olan bu cür rayonlara köçürüləcək və həmin rayonun adını alacaq “Səbail” yerli futbol ictimaiyyəti tərəfindən doğma klub kimi qəbul edilməyəcək. Məhz bu amili də nəzərə alaraq, həmin rayonlarda vaxtilə mövcud olmuş klubları bərpa etmək və ya hazırda yarımcan halda fəliyyətini davam etdirən köklü klubları dirçəltmək daha ağıllı variantdır, nəinki “calaq klub” təcrübəsini həyata keçirmək. O ki qaldı futbol ənənəsi olmayan və ya yetərincə böyük futbol ənənəsi ilə seçilməyən bölgələrə (Şamaxı variantı kimi), bunun hansı nəticəni verəcəyini proqnozlaşdırmaq çətindir.
    Uzun sözün qısası, 8-i Premyer Liqa, 5-i isə birinci divizionda (düzü, bu divizionun klublarına “peşəkar” sözünün hansı dərəcədə uyğun olduğunu deməkdə çətinlik çəkirəm) olmaqla cəmi 13 peşəkar kluba malik olan ölkədə hansısa bölgədə yerləşmiş klub “artıq” ola bilməz. Regionlarda olan klubsuzluğu, futbol boşluğunu paytaxtdan edilən süni “sürgün”lə əvəz etmək düzgün deyil. Bəlkə də, “Şamaxı” gələcəkdə həmin ərazidə futbolun kütləviləşməsinə təkan verə bilər. Ancaq bu siyasətin paytaxtın digər klublarına şamil edilməsi və süni köçürmənin kütləvi hal alması heç də futbolun kütləviləşməsinə təkan verməyəcək.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button