Sürətin qurbanı Yazı+Fotolar
İyunun 1-də bütün dünyanın diqqəti İspaniyada idi. Madriddə Çempionlar Liqasının final oyununda “Liverpul”la “Tottenhem” üz-üzə gəlirdi. Amma final matçından əvvəl gələn xəbər diqqətləri İspaniyanın başqa bir şəhərinə – Sevilyaya yönəltdi. Bir çoxunun yaddaşında “Sevilya” və “Arsenal”dakı oyunu ilə qalan Xose Antonio Reyes, keçirdiyi avtomobil qəzasında dünyasını dəyişmişdi…
Xose Antonio Reyes 1983-cü il sentyabrın 1-də İspaniyada dünyaya gəlib. O, futbolçu karyerasına 10 yaşında, “Sevilya”nın aşağı yaş komandalarında oynamaqla başlayıb. Uşaq yaşlarında bu komandada oynamağa həvəs göstərən Reyes, 6 il sonra – 16 yaşında ilk müqaviləsini imzalayır və “Sevilya”nın B komandasında forma geyinməyə başlayır. Karyerasında ilk addımlarını atan Reyes, “Sevilya”da qalmağa davam edir və 2001-ci ildən etibarən əsas komandada çıxış edir.
2004-cü ilədək “Sevilya”da çıxış edən ispan futbolçu, həmin il 17,5 milyon funt-sterlinq müqabilində “Arsenal”a transfer olunur. 2006-cı ildə icarə əsasında “Real”da çıxış edən futbolçu, 2007-ci ildə 9,2 milyon avro qarşılığında “Atletiko”ya keçir. 2008-2009-cu illəri icarə əsasında “Benfika”da keçirən Reyes, 2012-ci ilin yanvarında 3,5 milyon avro qarşılığında doğma klubu “Sevilya”ya qayıdır.
O, 2014-2016-cı illərdə “Sevilya”nın heyətində ardıcıl üç dəfə Avropa Liqasının qalibi olur. 2016-cı ildə “Sevilya”dan ayrılan Reyes, bundan sonra da bir neçə klubun şərəfini qoruyur, Çin liqasında mübarizə aparır. Onun son klubu isə İspaniyanın “Estremadura”sı olub.
Reyes 2017-ci ildə Noelia adlı xanımla ailə həyatı qurmuşdu və cütlüyün bir qızı var. Ölümündən əvvəl həyat yoldaşı Reyeslə 8 illik münasibətləri ilə bağlı sosial şəbəkə hesabından bunları yazmışdı:
“Heç bir şey istəməsəz də, sizə çox şeyi verərlər. Hər kəsin kimlə xoşbəxt olmaq istədiyini başa düşdüm. 8 ilimiz mübarək!”
O, 2003-cü ildən İspaniya millisinin də şərəfini qoruyub. Milli komanda ilə ilk oyununu 20 yaşında keçirən mərhum futbolçu, ümumilikdə 21 dəfə İspaniya yığmasının formasını geyinib. Reyes bu oyunlarda 4 qolla yadda qalıb.
Reyes avtomobillərə olan həvəsi ilə də tanınırdı. Xüsusilə də, sürətli maşınlara. O, sürət həvəskarı idi. Elə bu həvəsi onun ölümünə səbəb oldu. Qəza anında Reyesin avtomobili saatda 237 km sürətlə idarə etdiyi bildirilir…
Aygül Qarayeva
Bizi Facebook-da izləyin