“Superkubok matçı Azərbaycanda olsa, sevə-sevə oynayarıq”
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça” ilə Türkiyə superkuboku uğrunda oyunun Azərbaycanda keçiriləcəyi ilə bağlı iddialara münasibət bildirib.
Komanda.az xəbər verir ki, bu ilin martında Bakıda “Qarabağ”la xeyriyyə matçında (2:1) qarşılaşdıqlarını xatırladan 50 yaşlı mütəxəssis burada da çox sayda azarkeşlərinin olduğunu söyləyib:
“Superkubok matçı Azərbaycanda olsa, sevə-sevə oynayarıq. Təbii ki, oradakı azarkeşlərimizlə birlikdə superkubok sevinci yaşamaq istəyərik. Amma bu, inzibati məsələdir. Hər hansı müraciət olarsa, klubumuz lazım olanı edəcək. Hələlik görüşün harada oynanılacağı bəlli deyil”.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyası qarşılaşmanın 2023/24 mövsümünün qış fasiləsində oynanılacağını açıqlayıb.
Bizi Facebook-da izləyin