Super Liqada koronavirus şoku
Türkiyə Super Liqasında koronavirusa yeni yoluxma halları qeydə alınıb.
Komanda.az xəbər verir ki, “Yeni Malatyaspor”un bir futbolçusu koronavirusa yoluxub.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkiyə mətbuatına əvvəlcə bu komandanın 6 futbolçusunun COVİD-19 infeksiyasına yoluxduğu iddia olunurdu. Məhz bununla əlaqədar açıqlama yayan klub həmin xəbərləri təkzib edib. Klubun yaydığı məlumata görə, hazırda bu komandada yalnız bir futbolçuda koronavirus aşkarlanıb. Adı açıqlanmayan həmin oyunçu karantinə alınıb və həkim nəzarəti altındadır.
“Hatayspor”la “Alanyaspor”da da bir futbolçunun koronavirus testi müsbət çıxıb. “Alanyaspor”da aşağı yaş qrupları üzrə komandalarda forma geyinən bir futbolçu ilə klub işçisilərindən birinin də koronavirus testi müsbət çıxıb.
“Göztəpə”də isə 4 futbolçunun infeksiyaya yoluxduğu müəyyənləşib. Bununla da İzmir klubunda koronavirusa yoluxanların sayı 6-ya çatıb.
“Dənizlispor”da isə klub prezidenti Əli Çətinin koronavirus testi pozitiv çıxıb. O, ev şəraitində karantində olduğunu bildirib.
Qeyd edək ki, əvvəlki günlərdə Super Liqanın digər klublarında da koronavirusa yoluxanların olduğu açıqlanmışdı.
Bizi Facebook-da izləyin