Super Liqa klubundan Liqa 1 təmsilçisinə
Türkiyənin “Antalyaspor” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”dən icarəyə götürdüyü hücumçu Enzo Krivelli ilə müqaviləyə xitam verib.
Fransadan olan 26 yaşlı futbolçu bu mövsümün əvvəlində icarəyə götürülmüşdü. O, bu komandanın heyətində meydana çıxdığı 14 matçda qol hesabını aça bilməyib.
Krivelli “Başakşəhər”ə 2019-cu ildə “Kan”dan transfer olunmuşdu. O, 2019/20 mövsümündə İstanbul klubu ilə Türkiyə çempionluğuna sevinib. “Başakşəhər” “Antalyaspor”dan ayrılan fransalı hücumçunu yenidən icarəyə göndərib. O, ölkəsinin “Sent Etyen” klubuna keçib. Liqa 1 təmsilçisi hücumçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.
“Antalyaspor”un digər futbolçusu Erkan Eyibil isə bundan sonra karyerasını Almaniyada davam etdirəcək. Super Liqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini “Ştutqart”a icarəyə verib. O, bu mövsümün sonuna kimi bu klubun uğurları üçün çalışacaq. Almaniyada dünyaya göz açan türk əsilli Eyibil, bu mövsüm Antalya təmsilçisində cəmi 3 oyuna çıxıb.
Bizi Facebook-da izləyin