Super Liqa klubundan daha iki transfer və bir yeni müqavilə

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Macarıstandan olan yarımmüdafiəçi Kevin Varqa, həmçinin Bosniya və Herseqovinadan olan mərkəz müdafiəçisi Oqnen Vranyeşi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Varqa 2, Vranyeş 3 illik müqaviləyə imza atıb.

Kevin Varqa Super Liqanın digər təmsilçisi “Kasımpaşa”dan transfer olunub. 26 yaşlı futbolçu 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. Bu ilin əvvəlində isə yarımüdafiəçi İsveçrənin “Yanq Boyz” klubuna icarəyə verilmişdi. Macar futbolçu əvvəllər vətənində “Debretsen”, “Balmazuyvaroş” və “Siqand” klublarının da formasını geyinib. Macarıstan yığmasında 10 oyun keçirmiş futbolçu 1 qol vurub.

Oqnen Vranyeş isə Yunanıstanın AEK (Afina) klubundan gəlib. 32 yaşlı futbolçu əvvəllər “Borats”, “Srvena Zvezda”, “Napredak”, “Şerif” (Tiraspol), “Krasnodar”, “Spartak” (Vladiqafqaz), “Elazığspor”, “Qaziantepspor”, “Sportinq” (Xixon), “Tom” (Tomsk), “Anderlext” və “Şarlerua”da da oynayıb. Təcrübəli futbolçu Bosniya və Herseqovina yığmasında 38 oyun keçirib.

“Hatayspor” daha öncə Erce Kardeşler, Rayan Aabid, Musa Çağıran, Burak Yılmaz, Cengiz Demir, Koray Yağcı və Kaan Kanakı da heyətinə qatmışdı. Yeri gəlmişkən, Hatay təmsilçisi portuqaliyalı yarımmüdafiəçisi Ruben Ribeyro ilə də yeni müqavilə bağlayıb. 35 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb.

Ruben Ribeyro 2020-ci ildən “Hatayspor”da çıxış edir. O, geridə qalan mövsümdə meydana çıxdığı 31 oyunda 2 qol vurub. Təcrübəli futbolçu əvvəllər “Leyksoeş”, “Penafiel”, “Beyra-Mar”, “Pasuş de Ferreyra”, “Rio Ave”, “Jil Visente”, “Boavişta”, “Sportinq” (Lissabon) və “Əl-Əyn” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button