Super Liqa klubundan daha 3 transfer

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, tarixində ilk dəfə Super Liqada mübarizə aparmaq hüququ qazanan bu klub “Beşiktaş”dan ayrılan mərkəz müdafiəçisi Enzo Rokonu, İngiltərənin “Hall Siti” klubundan Erik Lixayı və son mövsümü “Antalyaspor”da keçirmiş Aatif Şaheşuheni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin futbolçularla imzalanan müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Enzo Roko peşəkar karyerasına “Universidad Katolika” klubunda başlayıb. Çili yığmasının üzvü “Elçe”, “Espanyol”, “Kruz Azul” klublarında da forma geyinib. 28 yaşlı futbolçu 2018-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışırdı.

Erik Lixay peşəkar karyerasına ABŞ-ın “Çikaqo Fayr” klubunda başlayıb. 31 yaşlı futbolçu sonralar “Aston Villa”, “Linkoln Siti”, “Leyton Oriyent”, “Lids”, “Nottingem Forest” klublarında da forma geyinib. ABŞ yığmasında da oynamış müdafiəçi, 2018-ci ildən “Hall Siti”də idi.

Şaheşuhe 2012-ci ildən Türkiyədə çıxış edir. 34 yaşlı hücumçu bu ölkədə “Sivasspor”, “Fənərbaxça”, “Rizəspor” klublarının da uğurları üçün çalışıb. Fransada anadan olsa da, əslən bağlı olduğu Mərakeş yığmasının formasını geyinmiş təcrübəli futbolçu, karyerası ərzində “Rasinq Paris”, “Sedan”, “Nansi” klublarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button