Super Liqa klubundan daha 3 transfer
Türkiyənin “Qaziantepsor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq sözügedən klub rusiyalı qapıçı Yuri Lodıgini, malili yarımmüdafiəçi Süleyman Diarranı və polşalı hücumçu Bartlomey Pavlovskini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Lodıgin Yunanıstanın “Ksanti” klubunun yetirməsidi. 2013-cü ilə qədər bu klubun şərəfini qoruyan 29 yaşlı qolkiper həmin il “Zenit”ə transfer olunub. Bu ilin əvvəlində isə Sankt-Peterburq təmsilçisi onu Yunanıstanın “Olimpiakos” klubuna icarəyə vermişdi. Lodıgin Rusiya milli komandasında 11 oyun keçirib. Rusiyalı qolkiper “Qaziantepspor”la 2 illik müqaviləyə imza atıb.
24 yaşlı Diarra Malinin “Bamako” klubunun yetirməsidi. O, daha sonra “Vidad” və “Uypeşt” klublarında çıxış edib. Mali yığmasının da şərəfini qoruyan yarımmüdafiəçi 2017-ci ildən Fransanın “Lans” klubunun uğurları üçün çalışırdı. Diarra Türkiyə klubu ilə 3 illik müqavilə bağlayıb.
27 yaşlı Pavlovski peşəkar karyerasına “Yagelloniya”da başlayıb. 2013-cü ildə “Vidzev”ə keçən vinger elə həmin il İspaniyanın “Malaqa” klubuna icarəyə verilib. 2014-cü ildə Qdanskın “Lexiya” klubu ilə müqavilə bağlayan futbolçu 2017-ci ildən “Zaqlebie”də forma geyinirdi. O, bu komandanın heyətində son mövsümdə 34 oyuna çıxıb, 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Pavlovski də “Qaziantepspor”la 3 illik müqaviləyə imza atıb.
Bizi Facebook-da izləyin