Super Liqa klubundan 2 yeni transfer

Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Kadir Seven ilə uruqvaylı Ramon Ariası heyətinə qatıb.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Hər ikisi mərkəz müdafiəçisi olan bu oyunçulardan Ariasla 1 illik müqavilə imzalanıbsa, türkiyəli futbolçu ilə sözləşmənin müddəti bilinmir. Amma “Orduspor”dan transfer olunan 19 yaşlı oyunçu üçün Girəsun klubunun 216 min avro ödədiyi bildirilir. “Karabükspor”un yetirməsi olan gənc müdafiəçi 2021-ci ilin yayından “Orduspor”da çıxış edirdi.

“Penyarol”dan gələn Arias isə azad agent kimi heyətə cəlb olunub. 30 yaşlı futbolçu bu ilin yanvarından sözügedən klubda çıxış edirdi. Müdafiəçi daha öncə “Defensor Sportinq”, “Puebla”, “LDU Kito”, “Əl-İttifaq” və “San Lorenso” kimi klublarda da çıxış edib, Uruqvayın gənclərdən ibarət yığmasının formasını geyinib.

“Girəsunspor” yarımmüdafiəçisi Hamidu Traoreni isə Serbiyanın “Partizan” klubuna satıb. Malidən olan 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Serbiya klubu bu transfer üçün Girəsun təmsilçisinə 700 min avro ödəyib.

Hamidu Traore 2021-ci ilin yayından Türkiyə klubunun uğurları üçün çalışırdı. O, bu komandada 34 oyuna çıxıb, 2 qola imza atıb. O, daha öncə bu ölkədə “Adana Dəmirspor”, “Karabükspor” və “Elazığspor” klublarının da formasını geyinib. Yarımmüdafiəçi Mali yığmasında da 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button