Super Liqa klubu milli üzvü ilə gücləndi

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı müdafiəçi Uroş Spayiçlə Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Tunay Torunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rusiyanın “Krasnodar” klubundan transfer olunan 28 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Serbiya yığmasının da üzvü olan Spayiç, 2018-ci ildən “Krasnodar”da çıxış edirdi. O, ötən mövsümü “Feyenoord”da icarədə keçirib. Bu mövsüm Rusiya klubunda 11 oyuna çıxan futbolçu 1 qol da vurub. O, daha öncə “Srvena Zvezda”, “Sopot”, “Tuluza” və “Anderlext” klublarının da formasını geyinib.

Tunay Torun isə 5 illik fasilədən sonra “Kasımpaşa”ya qayıdıb. O, 2014-2017-ci illər aralığında da bu klubun uğurları üçün çalışıb. Son olaraq “Fatih Karagümrük”də forma geyinmiş 31 yaşlı vinger, bu mövsüm 14 oyuna çıxıb. Almaniyanın “Hamburq” klubunun yetirməsi olan Tunay, bu ölkədə “Herta” və “Ştutqart”ın da uğurları üçün çalışıb. Türkiyə millisinin sabiq üzvü ölkəsində “Başakşəhər”, “Bursaspor” və “Rizəspor”un da formasını geyinib.

“Kasımpaşa” bu transferlərlə yanaşı, danimarkalı hücumçusu Nikolay Yorgensen və mərakeşli yarımmüdafiəçisi Nabil Dirarla da yollarını ayırıb. Bu mövsümün əvvəlindən Türkiyə klubunda çıxış edən Yorgensen, meydana çıxdığı 15 oyunda 838 dəqiqə oynayıb, 2 qol vurub. Nabil Dirar da bu mövsümün əvvəlində “Fənərbaxça”dan “Kasımpaşa”ya transfer olunmuşdu. 35 yaşlı futbolçu cəmi 6 oyuna çıxıb, 251 dəqiqə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button