Super Liqa klubu Loik Remi ilə vidalaşdı
Türkiyənin “Rizəspor” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Loik Remi və Natan Monzanqo ilə vidalaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Loik Remi 2020-ci ilin avqustundan “Rizəspor”da çıxış edirdi. O, geridə qalan müddət ərzində Super Liqa təmsilçisində bütövlükdə 28 oyuna çıxıb. 35 yaşlı forvard bu görüşlərdə 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransalı futbolçu daha öncə “Olimpik” (Lion), “Lans”, “Nitsa”, “Olimpik” (Marsel), KPR, “Nyukasl”, “Çelsi”, “Kristal Pelas”, “Las Palmas”, “Xetafe” və “Lill” klublarının da formasını geyinib. Təcrübəli forvard Fransa yığmasında meydana çıxdığı 27 oyunda 7 qol vurub.
Natan Monzanqo isə bu mövsümün əvvəlində, 2021-ci ilin sentyabrında Fransanın “Amyen” klubundan bir illik icarəyə götürülmüşdü. Lakin 20 yaşlı müdafiəçi Super Liqa təmsilçisində cəmi bir oyunda forma geyinib. Türkiyə kuboku çərçivəsində 77 dəqiqə “Rizəspor”un formasını geyinən futbolçu, Super Liqada ümumiyyətlə şans qazanmayıb.
Bizi Facebook-da izləyin