Super Liqa klubu 4-nü gətirdi, 1-ni yola saldı
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi fransalı yarımmüdafiəçi Arnaud Lusambanı transfer edib. Bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Sonuncu klubu “Amyen”dən azad agent kimi ayrılan futbolçuya görə Fransa təmsilçisinə heç bir təzminat ödənilməyib.
Arnaud Lusamba 2020-ci ildən “Amyen”də çıxış edirdi. O, daha öncə “Nitsa”, “Serkl Brügge” və “Nansi”də də forma geyinib. Lusamba Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Alanyaspor” Niderlandın PSV klubunun sağ cinah müdafiəçisi Yunus Bahadırı da heyətinə qatıb. 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Belçikada dünyaya göz açan sağ cinah müdafiəçisi, bu ölkənin U-16, U-17 və U-19 yığmalarında oynayıb.
Alanya təmsilçisi Fransanın “Olimpik” (Marsel) klubundan Usama Tarqallini, həmçinin “Eyüpspor”dan Erencan Yardımcını da icarəyə götürüb. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi Super Liqa klubunda forma geyinəcək.
Erencan Yardımcı “Qalatasaray”ın yetirməsidir. 20 yaşlı forvard 2021/22 mövsümünün əvvəlindən “Eyüpspor”da çıxış edirdi.
Usama Tarqallin isə Marsel “Olimpik”inin öz yetirməsidir. 20 yaşlı yarımmüdafiəçi Fransa klubunun əsas komandasında da oynamaq şansı əldə edib.
Arnaud Lusamba yeni komandasında 97, Yunus Bahadır 42, Usama Tarqallin 18, Erencan Yardımcı isə 9 nömrəli formanı geyinəcək.
“Alanyaspor” öz oyunçularından Nemanya Milunoviçlə də yollarını ayırıb. Serbiyadan olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Milunoviç 2021/22 mövsümünün əvvəlində “Srvena Zvezda”dan transfer olunmuş və 2 illik müqaviləyə imza atmışdı. O, ötən mövsüm bu komandanın heyətində 27 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yenidən “Srvena Zvezda”ya qayıdan mərkəz müdafiəçisi, daha öncə BATE, “Mladost” və “Borats”da da çıxış edib. 33 yaşlı futbolçu Serbiya yığmasında da 4 oyun keçirib və 1 qol vurub.
Bizi Facebook-da izləyin