“Beş il qabağı fikirləşmək bir az düz çıxmır” – Müsahibə
“Sumqayıt”ın və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüqar Mustafayevin Komanda.az saytına müsahibəsi:
- Azərbaycan kubokunun finalının Keşlə ilə oyunu (1:2) haqda fikirlərini deyərdin. Məğlubiyyətə səbəb nə oldu?
- Əvvəla onu deyim ki, mən karyeramda ilk dəfə idi kubokda final oynayırdım. Həqiqətən, ürəkdən bu kuboku qazanmaq istəyirdim, amma qismət olmadı, üzüldüm. Lakin hər işdə bir xeyir var və belə məsləhət imiş. Qısaca, onu deyə bilərəm ki, sanki rəqib bizdən bir az daha istəkli idi. Onlar kuboku daha çox istədi. Biz də istəyirdik, ancaq bizim istəyimiz yetərli olmadı. “Keşlə”ni təbrik edirəm.
- Çempionatda bürünc medal qazanaraq, avrokuboklara vəsiqəni təmin etmişdiz. Bu səbəbdən komandada arxayınlıq yaranmışdı?
- Xeyr, bürünc medalın da, kuboku qazanmağın da öz yeri var. Hər bir halda, Allaha şükürlər olsun.
- Geridə qalan mövsümü necə dəyərləndirərdin?
- Həqiqətən, məncə, son illərin ən maraqlı, gərgin, həyəcanlı mövsümü oldu. Bizim üçün də maraqlı və uğurlu mövsüm keçdi. Allahın izniylə “Sumqayıt” həm kubokun finalına çıxdı, həm də klub tarixində ilk dəfə çempionatda mükafatçılar sırasına düşdü və komanda yeni yaradılan Konfrans Liqasına vəsiqə əldə etdi.
- “Sumqayıt”la müqavilənin müddəti bitib. Nə düşünürsən?
- Klubla müqaviləm başa çatıb. Hazırda milli komandanın toplanışındayam. Toplanış bitdikdən sonra klubla aramızda olan məsələlərə aydınlıq gələcək. Haqqımızda xeyirlisi nədirsə, o olsun.
- “Zirə” əvvəlcə Təmkin Xəlilzadə, sonra da komanda yoldaşın Mehdi Cənnətovla müqavilə imzaladı. Növbəti sən ola bilərsən?
- Onlar üçün xeyirli və uğurlu olsun. Mənim müqaviləm başa çatsa da, “Sumqayıt”la danışıqlar gedir. Qarşıdakı günlərdə hər şey bəlli olacaq.
- Təkliflər yerli klublardandır, yoxsa ölkə xaricindən də nəsə var?
- Yox, qardaşım, hazırda rəsmi olaraq hansısa təklifim yoxdur.
- “Sumqayıt”dakı çıxışını necə qiymətləndirirsən?
- Mövsüm ərzində komandamın uğur qazanması, yaxşı nəticə əldə etməsi üçün əlimdən gələni artıqlamasıyla etməyə çalışdım. Bunu nə qədər bacara bildim, bilmirəm. Bunu məşqçilər və azarkeşlər qiymətləndirərlər.
- Vüqar, son mövsümdə uğurlu oyun sərgiləyərək, Azərbaycan milli komandasına da dəvət aldın. Belə davam etsən, beş il sonra özünü harda görürsən?
- Belə deyim, heç kim heç nədən sığortalanmayıb. Kimin başına nə gələcək, bilmirsən. Beş il qabağı fikirləşmək bir az düz çıxmır. Bu gün olduğumuz yerdə canla-başla çalışmalıyıq.
- Azərbaycan milli komandasının Türkiyə, Belarus və Moldova ilə yoxlama oyunları haqda nə deyə bilərsən?
- Bu matçlar seçmə mərhələdəki oyunlara hazırlıq məqsədi daşıyır. İnkişafımız üçün bu oyunlar çox önəmlidir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin