“Sumqayıt”ın futbolçusu Ayxan Abbasov kimi cəza çəkməyə hazırdır – Müsahibə

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayevin Komanda.az saytına müsahibəsi:

  • Premyer Liqanın son turunda “Keşlə”yə uduzduz – 1:3. Məğlubiyyətin səbəbləri nələrdir?
  • Bu ilin son turu idi, istəyirdik ki, qələbə ilə fasiləyə yollanaq. Amma alınmadı. İstəyimiz baş tutmadı, əksinə, uduzduq. Evdə oynayırdıq, azarkeşlərimizi sevindirmək istəyirdik. Necə oyun idi ki, qələbəyə həsrət idik. Açığı, məğlubiyyətə səbəb gətirə bilmirəm. Ümid edirəm ki, düşdüyümüz bu vəziyyətdən çıxarıq.
  • Komanda çempionatda ilk dövrəni 7-ci sırada bitirdi. Geridə qalan 14 turda komandanın çıxışını necə qiymətləndirirsən?
  • Mövsümün əvvəlində kimə desəydilər ki, belə olacaq, heç kim inanmazdı. Futbolun yaxşı və xoş tərəfləri olduğu kimi, belə tərəfləri də var. Açığı, komanda olaraq çox məyusuq.
  • 4-cü sırada yer alan “Zirə” ilə aranızda 10 xallıq fərq var. Mövsümün sonuna qədər bu fərqi aradan qaldırmaq və avrokuboklara vəsiqə qazanmaq çətin olmayacaq?
  • Düzünü danışsaq, çətindir. Amma hər şey ola bilər.
  • Öz çıxışını necə qiymətləndirirsən? Uğursuz nəticələrə görə günahkar kimdir, futbolçular, ya məşqçilər?
  • Bu nəticələrdən sonra heç kəs öz oyununu yaxşı dəyərləndirə bilməz. Demək ki, mən də nəyisə düzgün etmirəm, nəsə çatmır. Günahkar hamımızıq. Necə ki, uğur qazananda hamının uğuru olur, məğlubiyyət də belə. Uğursuzluqda hamının günahı ola bilər. Yenə də vurğulamaq istəyirəm ki, ən böyük günah futbolçulardadır.
  • Uğursuz nəticələrə görə baş məşqçiniz Ayxan Abbasov klubdan ayrıldı. Görünən odur ki, uğursuzluğun cəzasını baş məşqçi ödədi…
  • Ayxan müəllimin bu klubun və bizlərin üzərində haqqı çoxdur. Onun burada gördüyü işlər danılmazdır. Səmimi deyirəm, uğursuzluqda futbolçuların da payı olduğu üçün mən də belə cəzanı çəkməyə hazıram!
  • “Sumqayıt” son mövsümlərdə uğurlu çıxışı ilə fərqlənirdi. Heyəti kasad olsa da, çempionatı yuxarı sıralarda bitirir, avrokuboklara vəsiqə əldə edirdi. Qısası, bu mövsüm komandanın belə eniş yaşamasının səbəbini nədə görürsən?
  • Açığı, ağlımıza da gəlməzdi ki, belə olar. Bəlkə də, buna inanmadığımız üçün özümüzü bu vəziyyətə hazırlaya bilmədik. Lakin Ayxan müəllim mövsümün əvvəlindən bizi buna hazırlamağa çalışırdı. Ötən mövsüm yaxşı nəticə əldə etdik. Bəzi klublara əməlli baş ağrısı olduq. Deyirdik ki, bu mövsüm bütün komandalar bizə qarşı daha ciddi olacaq və vəziyyət çətin olacaq.
  • “Qara zolaq”dan çıxmaq üçün nə etmək lazımdır?
  • Hər birimiz özümüzü təhlil edib, səhvlərimizə baxmalıyıq. Üç həftə vaxtımız var. İndiyə qədər etdiyimiz səhvləri qışdan sonra təkrarlamamalıyıq və çalışmalıyıq ki, müsbət nəticələr əldə edərək, komandanı bu vəziyyətdən çıxaraq.
  • Qış transfer pəncərəsi dövrü yaxınlaşır. Mövsümün sonuna qədər burada qalacaqsan, ya yaxşı təklif olsa, dəyərləndirəcəksən?
  • Mövsümün sonuna qədər müqaviləm var. Haqqımda xeyirlisi nədirsə, o da olsun.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button