“Elə bir qərar verilməlidir ki, gələcəkdəki futbolçulara da dərs olsun” – Müsahibə
“Sumqayıt”ın futbolçusu İlqar Qurbanovun Komanda.az saytına müsahibəsi:
- “Sumqayıt”ın cari mövsümdəki çıxışını dəyərləndirərdin.
- Mövsümə yaxşı başladıq, pis alınmır. Cavan kollektivdir, komandada 2-3 təcrübəli oyunçu var. Cavan uşaqlar daha çoxdur, bu il yeni oyunçular var, onlar da komandaya uyğunlaşır. Demək olar pis deyil, komanda günü-gündən daha yaxşı olur.
- 2-3 təcrübəli oyunçudan biri də sənsən,amma kifayət qədər şans qazanmırsan.
- Komandaya çox gec qoşuldum. Ona görə, bir az oyunçulardan geri qaldım. Məşqlərim də davam edir. İnanıram ki, yaxın günlərdə şans qazanaram.
- Son turda “Neftçi”yə 1:4 hesablı məğlubiyyətin səbəbini nədə görürsən?
- “Neftçi” də güclü komandadır. Neçə tur idi ki, udurdular. Hücum xətləri güclüdür və əllərinə düşən şansları dəyərləndirdilər. Məğlub olduq, üç xal itirdik. Bunu analiz edib, gələn turlara hazırlaşmalıyıq. Bu, elə bir çempionatdır ki, hamı bir-birindən xal ala bilir.
- “Sumqayıt”la bu mövsüm hədəfləriniz nədir? Bir müddət sonra ölkə kuboku da start götürəcək. Əsas diqqətinizi hansına yönəldəcəksiz?
- “Sumqayıt”ın hədəfi deyəndə ki, bu klub həmişə cavan futbolçulara, yaxşı oyuna üstünlük verib. Stadiona gələn azarkeşləri futbolu biləndir. Buna görə də, həmişə komandadan yaxşı oyun tələb edirlər. Kubokda da nə qədər irəli gedə bilsək, yaxşıdır. “Sumqayıt” ötən il də finalda oynayıb.
- “Sumqayıt” ölkə kubokunun son finalında məhz sənin heyətində olduğun “Qəbələ”yə məğlub oldu.
- Final idi, güclər bərabər olur. Belə oyunlarda favorit olmur, “Qəbələ” də kuboku qazandı.
- “Qəbələ”dən nə üçün ayrıldın?
- İki illik müqaviləm var idi, onun da vaxtı bitdi. “Qəbələ”də çox yaxşı günlərim keçdi, kubok qazandım. Klubun çox yaxşı rəhbərliyi var idi.
- Tək variantın “Sumqayıt” idi?
- Xeyr, tək “Sumqayıt” deyildi, 2-3 komanda da var idi, ancaq qismət bura imiş.
- Dayın oğlu Vaqif Cavadov uzun zamandır klubsuzdur. Səncə, niyə heç bir klub Vaqifə yaxın durmur?
- Səbəbini dəqiq bilmirəm. Bildiyim odur ki, Vaqif klubsuz qalacaq futbolçu deyil.
- Vaqif uzun illər Azərbaycan milli komandasının şərəfini qoruyub, kifayət qədər adından söz etdirib, ancaq indi klubsuzdur. Onun “Sumqayıt”a dəvət edilməsi ilə bağlı rəhbərliyə təklifin olmayıb?
- Xeyr, mən futbolçuyam və belə şeylərə qarışmıram. Amma o, hər klubun ehtiyac duyacağı bir oyunçudur.
- Təkcə Vaqif deyil, Kamran Ağayev də klubsuz qalıb. Özün də kifayət qədər təcrübəli olsan da, “Sumqayıt”da az şans qazanırsan. Vaxtilə adından söz etdirən futbolçular indi niyə klubsuz qalır və ya şans qazanmır?
- Hər oyunçu özünə cavabdehdir. Mən də ümid edirəm ki, yaxın zamanda şans qazanaram.
- Bu mövsüm Azərbaycan Premyer Liqasında hansı klubun çempionluq şanslarını yüksək görürsən?
- Həmişəki kimi (gülür).
- “Qarabağ”? Bu turda “Neftçi” ilə “Qarabağ” qarşılaşacaq. Özün də Ağdam təmsilçisində forma geyinmisən. Səncə, qalib kim olacaq?
- Görünən odur ki, “Qarabağ”ın şansı daha çoxdur. Sərt və yaxşı oyun olacağını düşünürəm.
- “Qarabağ”ın gələn həftə APOEL-lə səfər matçının olması “Neftçi” ilə oyuna təsir edərmi?
- Yox, “Qarabağ” sıx qrafikdə oynamağa öyrəşib. Ona görə də, belə problem yaşamazlar.
- “Qarabağ”ın Avroliqada şansını necə görürsən?
- İnşallah, ikinci yeri tutaraq, qrupdan çıxacaqlar. Fikrim budur.
- 2011-ci ildə Türkiyədən qayıtdıqdan sonra Azərbaycandan kənara çıxmadın…
- Burda işlərim uğurlu alındığından, getmək istəmədim. Buna görə də, əsas üstünlüyümü Azərbaycana verdim.
- Vaxtı ilə Türkiyə Super Liqasında “Beşiktaş”a qol vurmuş İlqarın karyerası nə üçün məsələn, dayısı İsgəndər Cavadov kimi uğurlu alınmadı?
- Karyeramın uğurlu alındığını düşünürəm. Amma dayımdan sonra onun özü kimi futbolçu gəlməyib. Yəqin ki, heç yaxın illərdə də gəlməyəcək.
- Karyerana nəzər salanda, hansısa peşmançılığın varmı?
- Yox, təbii ki. Uğurlu karyeram olub və peşmançılığım yoxdur.
- Bu yaxınlarda Əfran İsmayılovun sosial şəbəkədə mitinqlə bağlı səsləndirdiyi fikirlər çox müzakirə olundu, onu tənqid etdilər. Bu barədə sən nə düşünürsən?
- Bu sualı keçək.
- Bəs “Qarabağ”ın və milli komandanın üzvü Araz Abdullayevin avtomobillə şou göstərməsi necə?
- Hər kəs nə etdiyini özü bilər. Bu haqda bir fikrim yoxdur.
- Uzun müddət Azərbaycan milli komandasının formasını geyinmisən. Yığmanın AÇ-2020-nin seçmə mərhələsində sərgilədiyi oyunu necə dəyərləndirisən?
- Bunu deyə bilərəm ki, sabit oyun yoxdur.
- Səncə, bu nədən qaynaqlanır?
- Bilmirəm.
- Qarşıda Uels və Slovakiya ilə oyunlar var.
- Slovakiya səfəri çətin olacaq, ancaq Uelsdən xal almaq şansımız var. Bu da çətin olacaq.
- 19 yaşadək futbolçulardan ibarət milli komadanın futbolçularının Çexiyada qaldıqları oteldə siqaret çəkmələri haqda nə deyə bilərsən?
- Qəti qərar verilməlidir.
- Məsələn, necə qərar?
- Elə bir qərar verilməlidir ki, gələcəkdəki futbolçulara da dərs olsun. Elə etsinlər ki, bir də belə hal təkrarlanmasın.
- Artıq 33 yaşın var. Karyeranla bağlı planların nədir?
- Hələ oynamağı düşünürəm. Bu gücüm var. Karyeramı bitirdikdən sonra da yəqin elə bu sahədə davam edərəm.
- “Sumqayıt”da az şans qazanmağın qış fasiləsində bu klubdan ayrılmağına səbəb ola bilər?
- Tez təslim olan oyunçu olmamışam. Hər şeyi vaxt göstərəcək. İndi şans qazanmamağım o demək deyil ki, bundan sonra da qazanmayacam. Gələcəkdə şans qazanacağımı düşünürəm, olmasa da, artıq bu barədə düşünəcəm.
- Növbəti turda “Zirə” ilə qarşılaşacaqsız. Oyunla bağlı nə düşünürsən?
- Yaxşı oyun və üç xal.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin