“Sumqayıtda heç bir azarkeşin “niyə uduzdun” deməyə haqqı yoxdur” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Oyunumuzda nələrin alınıb-alınmadığını indi deyə bilmirəm. Futbolçuların üzərinə getmək doğru olmaz. Çox üzgündürlər. Qələbə qazanmaq istəyirdilər. Planlaşdırmadığımız bir məğlubiyyətlə üzləşdik. Növbəti oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq.

Tribunalar boş idi. Bu, bizim futbolun problemidir, şəhərlərə bölməyək. Amma bir az sərt olacam. Həmişəki kimi kimlərinsə xoşuna gəlməyəcək. Fan klubumuza təşəkkür edirəm. Deyəcəklərimin onlara aidiyyatı yoxdur. Bu gün Sumqayıtda heç bir azarkeşin ixtiyarı yoxdur desin ki, niyə “Kəpəz”ə uduzdun. Bu ixtiyarın sahibi olmaq üçün gəlib komandanı dəstəkləmək lazımdır. Açılış matçında stadion dolu idi. Deməli sən bura futbolçulara, komandaya görə yox, müğənnilərə görə, Hissə görə gəlmisən. Get otur evində bax. Futbolçulara, komandaya nəsə demək istəyirlərsə, gəlsinlər stadionu doldursunlar. Açılış oyununda dəstəklərini göstərdilər. Gəlməyəcəklərsə, onlara görə uduzmayacağıq, özümüzə görə oynayırıq. Dünənə kimi stadion davası edən insanlar var idi. Bu cür stadion tikilib. Onlara görə oyunun vaxtını dəyiş ki, vaxt uyğun olsun. Oyuna 200 nəfər gəlir. Heç kimin danışmağa ixtiyarı yoxdur. Mən bunu bir sumqayıtlı kimi deyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button