“Sumqayıt”a kim qarğış edib?

“Sumqayıt” Azərbaycan Premyer Liqasının son turunda doğma meydanda “Zirə”yə 0:3 hesabı ilə məğlub olub. Oyundan sonra komandanın baş məşqçisi Vaqif Cavadov deyib ki, kimlərsə “Sumqayıt”ın qol vurmaması üçün dua edib. Sitat:

“Nə qədər çalışırıqsa, top qapıdan keçmir ki, keçmir. Deyəsən, kimlərsə kənardan dua edib ki, “Sumqayıt” qol vura bilməsin. Buradan onlara da “salam” deyirəm”.

Doğrudan da, Cavadovun komandasının 8 oyundur qol vura bilməməsi düşündürücü, narahatedici məqamdır. Bu uğursuzluq, bədlik komandanın özünün zəif performansı, elə baş məşqçinin özünün qələbə qazanmaq, qol vurmaq üçün başını daha yaxşı işlətməməsi ilə əlaqəli ola bilməz. Çox güman ki, doğrudan da, gözü “Sumqayıt”ı götürməyən kimsə (kimlərsə) komandanın qələbəyə, qola həsrət qalması üçün dua edib. Bir sözlə, kimlərsə “Sumqayıt”a qarğış edib, bəddua, oxuyub. Yaxşı, kimlər?

Komanda.az “Sumqayıt”a bəddua oxuyan, qarğış edən şəxslərlə bağlı öz variantlarını təqdim edir. Beləliklə, “Sumqayıt”ın qol vurmaması üçün bəddua oxuyub, qarğış edib:

A) “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin haqsız olaraq məhkəməyə verdiyi “matç.az” saytının baş redaktoru İxtiyar Əsgərov və “sports.az” saytının rəhbəri Anar Şabanoglu;

B) “Sumqayıt”ı “Neftçi”yə dəyişən keçmiş baş məşqçisi Samir Abasov;

C) Komandanın haqqı yeyilən sabiq baş məşqçilərindən istənilən biri;

D) Vaqif Cavadovun orta məktəbdə oxuyarkən əlindən yaxmacını zorla alıb yediyi keçmiş sinif yoldaşlarından biri.

P.S. Əziz oxucu, sənin də əlavən, variantın varsa, bizə yaza bilərsən.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button