“Sumqayıt”ın baş məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu ikisi şərti olmaqla beş oyunluq cəzalandırıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin “Zirə”yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın 6-cı turunun matçında hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılması səbəb olub.

Abasova üç ay sınaq müddəti təyin edilib. “Gənclik şəhəri” təmsilçisi isə buna görə 4000 manat ödəməli olacaq.

Əlavə olaraq, qonaqların azarkeşləri meydana kənar əşyalar atdığı üçün “Sumqayıt” 800 manat cərimələnib.

Komitə “Zirə” fanatlarının da eyni hərəkətinə görə paytaxt klubuna 800 manat cərimə kəsib. “Qartallar”ın futbolçusu Pyer Zebli birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəza alıb, klub isə 1500 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button