Stadnik karyerasını davam etdirəcək
Tokio-2020-də fəxri kürsüyə qalxmaqla ilk 4 qat olimpiya medalçımız kimi adını idman tariximizə yazan Mariya Stadnik karyerasını davam etdirmək qərarına gəlib.
Komanda.az xəbər verir ki, qadın güləşi üzrə millimizin lideri bu barədə Dünya Güləş Birliyinin (UWW) saytına açıqlama verib.
Ali qurumun portalında qeyd olunub ki, çoxları 33 yaşlı və 2 uşaq anası olan Stadnikin karyerasını başa vuracağını gözləsə də, Mariya fərqli addım atıb.
Güləşçi davam qərarını belə izah edib: “Düşünürəm ki, nə qədər güləşmək istəyim varsa, mütləq bütün potensialımı göstərməliyəm. Bu qərarımı Tokiodan evə qayıdan kimi verdim. Bütün dostlarım və yaxınlarım mənə inanır. Oğlum karyeramı davam etdirməyimi çox istəyir və mənim güclü olduğumu deyir. 5 qat olimpiya medalçısı olmağı çox istərdim. Hər medal həyat hekayəmin bir parçasıdır. Bu, mənim yolumun bir hissəsidir. Beynəlxalq Olimpiya Komitəsinin bayrağında 5 olimpiya halqası var. Bu üzdən 5 olimpiya medalı qazanmaqla yeni tarix yazmaq istəyirəm.
İl ərzində 4-5 yarışda iştirak etmək mənim üçün ideal göstəricidir. Yeganə məsələ Paris-2024 öncəsi orqanizmimin məşqlərə necə reaksiya verməsidir. 20 yaşdakı enerjimi kompensasiya edə biləcək qədər böyük təcrübəm var”.
Saytda qeyd olunub ki, titullu güləşçinin 2022-ci ildə ilk hansı yarışa qatılacağı bəlli olmasa da, martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında iştirak etməsi gözlənilir.
Xatırladaq ki, Mariya Stadnik London-2012 və Rio-2016-nın gümüş, Pekin-2008 və Tokio-2020-nin bürünc medalçısı olmaqla yanaşı, 2 qat dünya və 8 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi və İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısıdır.
Bizi Facebook-da izləyin