“Stadnik hamının yerinə güləşəsi deyildi” – Müsahibə
Qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Ağayev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
– Mariya Stadnikin yoxluğu narahatlıq üçün əsas verirdi? Ümumiyyətlə, bu yarışa gedəndə nəticələrlə bağlı gözləntiniz nə idi?
– Avropa çempionatına qədər ölkə xaricində 2-3 təlim-məşq
toplanışı keçdik. Fransada keçirilən “Qran-pri” turnirində qüvvəmizi sınadıq.
Maşanın olmamasına görə narahatlıq var idi. Təbii ki, Stadnik hamının yerinə
güləşəsi deyildi. Ancaq komanda üçün lider dartıcı qüvvədi. Mariya sonuncu
toplanışda bizimlə birgə idi. Elə Buxarestə də gəlib komandadan mənəvi
dəstəyini əsirgəmədi. Bu yarışdan 3 medal gözləyirdim. Onların da “gümüş” və
“bürünc” olacağını proqnozlaşdırırdım. Ancaq hazırlığımız yaxşı keçmişdi. Ona
görə komandaya inamım vardı. Şükürlər olsun, 4 medal – bir qızıl, 3 bürünc qazandıq. Komanda
hesabında 3-cü yeri də tuta bilərdik. Türkiyə ilə bütün göstəricilərimiz eyni
idi. Ancaq iki çəkidə güləşçimiz olmadığından onlar bizi 2 xal qabaqladı.
Uğurlu çıxışımızı federasiya rəhbərliyi də qiymətləndirdi. Minnətdarlığımı
bildirirəm ki, bu yarışa yaxşı hazırlaşmağımız üçün hər cür şərait yaradıldı.
Bu da bizə böyük dayaq oldu. İnşallah, çalışacağıq ki, 2-ci Avropa Oyunlarında
da ən azı bu nəticəni təkrarlayaq.
– Elis Manolovanın çempion
olacağını gözləyirdinizmi? Yarımfinalda dünya və Avropa çempionu Petra Olliyə
qalib gəldi…
– Əlbəttə, ondan uğurlu çıxış gözləyirdim. Çünki keçən il Avropa
çempionatının finalında Olliylə görüş 3:3 qurtardı. Hətta Kaspiyskdə Elisə
qarşı haqsızlıq da oldu. Manolova orda çempion olmalıydı. Yeganə çempionluğu
əvvəldən elə Elisdən gözləyirdik. Finalda 0:4 geriyə düşdü. Ancaq fasilədə ona
tapşırıqlarımızı verdik. Dedik ki, görüş hələ başa çatmayıb, o səndən 3
dəqiqəyə 4 xal alıbsa, sən də bunu bacararsan. Elə də oldu. Toparlandı və
geridönüş edərək qələbə qazandı.
– Bəs bürünc medal qazanan
güləşçilərimizin çıxışı sizi qane etdi?
– Alyona Kolesnik də çempion ola bilərdi. Ona da çox güvənirdim.
1/4 finalda Macarıstan güləşçisiylə qarşılaşmada ilk hissəni 5:0 öndə
tamamladı. Ancaq hesabdakı böyük üstünlüyü qoruya bilmədi. Qadın güləşində belə
şeylər olur. Avropa Oyunlarında ondan çempionluq gözləyirəm. Elmira Qəmbərova
Rusiya güləşçisinə 2:0 qalib gəlirdi. Son dəqiqədə üstünlüyü əldən verdi və
finala çıxa bilmədi.
– Ötən il dünya üçüncüsü olan
İrina Netrebadan da medal gözləyirdik. Ancaq alınmadı…
– Avropa çempionatına az qalmış onun anası dünyasını dəyişdi.
Anasını dəfn edib yarışa gəlmişdi. İrinanı başa düşmək olar. Hər halda, o da
sona kimi mübarizə apardı. Həm də bu dəfə dünya üçüncüsü olduğu 65 kq-da yox,
68 kq-da çıxış etdi. Anasının vəfatının yaratdığı psixoloji duruma görə uğur
qazanmaq mümkün olmadı.
– Bəs digər güləşçilərimizin
çıxışını necə dəyərləndirirsiz?
– Səbirə Əliyeva Keçən il Avropa çempionatında qalib gəldiyi
Macarıstan güləşçisinə uduzdu. Rəqibin üslubunda güləşdiyi üçün məğlub oldu.
Halbuki həmin rəqibə qalib gəlsəydi, finala kimi irəliləyə bilərdi. Tatyana
Varansova ilk mərhələdə dünya çempionuyla qarşılaşdı. O da qalib gəlmək üçün
əlindən gələni etdi. Unutmayaq ki, hələ gənclərdən böyüklərə yenicə keçib.
Yeniyetmə və gənclərdə Avropa ikincisi olub. Onu kənarda qoya bilmərik. Türkan
Nəsirova əvvəllər ukraynalı rəqibinə müqavimət göstərə, xal ala bilmirdi. Amma
bu yarışda 6:2 öndə idi. Son dəqiqələrdə qələbə üçün nəsə çatmadı. Özünəinam
hissinin çatışmaması sözünü dedi.
– Belarusda
keçiriləcək Avropa Oyunlarına qədər planlar necədir?
– Türkiyə yığmasıyla birgə toplanış keçməyi planlaşdırırıq.
Olimpiya kateqoriyası olan 62 kq üçün Elmira Qəmbərova, Tatyana Omelçenko və
Elis Manolova arasında seçim edəcəyik. Mariya Stadnik bərpa olunsa, Minskdəki
məsul yarışda çıxış edəcək. Alyona Kolesnik (57 kq), İrina Netreba (68 kq) və
Səbirə Əliyeva (76 kq) öz çəkilərində mübarizə aparacaq.
– Həmin yarışdan nə
gözləyirsiz?
– Bir dəst medal qazansaq, bunu uğurlu nəticə saymaq olar.
Bizi Facebook-da izləyin