“Sözün düzü, bu oyunda xal qazanmaq elə də inandırıcı görünmür” – Müsahibə

Azərbaycan milli komandası martın 21-də AÇ-2020-nin seçmə mərhələsində ilk oyununa çıxacaq. Rəqib isə Avropanın ən güclülərindən olan Xorvatiyadır. Milli komanda xorvatlara qarşı hansı futbolçularla mübarizə aparacaq, bu oyundan nə gözləyək? Bütün bu suallarla bağlı bir neçə gün əvvəl yığmanın baş məşqçisi Nikola Yurçeviçin köməkçisi təyin olunan Arif Əsədova müraciət etdik:

– Təyinatınızla bağlı fikirləriniz necədir? Belə bir təklif gözləyirdiz?

– AFFA-dan məşqçilik təklifi gəldi. Açığı, bunu heç gözləmirdim. Çünki məndən əlavə 3-4 namizəd də var idi. Baş məşqçi Yurçeviçlə görüşdük, danışdıqdan sonra məni köməkçi məşqçi kimi təyin etdilər.

– Azərbaycan millisinin AÇ-2020-nin seçmə qrup mərhələsində şanslarını necə dəyərləndirirsiz?

– Çox çətin qrupa düşmüşük. Son dünya çempionatının 2-cisi Xorvatiya ilə eyni qrupda mübarizə aparacağıq. Bu qrupdan çıxmaq çox da real görünmür. Ancaq meydana çıxıb mübarizə aparıb, xal və xallar qazanmağa çalışacağıq. Seçmə mərhələdə belə komandalarla birgə mübarizə aparmağın müsbət tərəfi var. Bu görüşlər vasitəsilə özümüzə təcrübə qazana bilərik. UEFA Millətlər Liqasında qrupdakı rəqiblərimiz bu səviyyədə güclü deyildilər. Amma qrupda mübarizəni dayandıraraq, AÇ-2020-yə getmək şansımızı azaltdıq.

– Millətlər Liqasında millinin uğursuz çıxış etməsinin səbəbini nədə görürsüz?

– Təəssüflər olsun ki, qrupdan çıxa bilmədik. Bu barədə açığı, bir şey deyə bilmərəm. Çünki mən də sizin kimi seyirçi olmuşam. Uğursuzluğun səbəbini baş məşqçi daha yaxşı bilərdi. Bunun səbəbini mən bilmirəm. İndi AÇ-2020-nin seçmə mərhələsindəki oyunlarla təcrübə qazanaraq, 2020-ci ildəki Millətlər Liqasında daha yaxşı çıxış etmək istəyirik. Millətlər Liqasındakı uğursuzluqdan sonra komandada ruh düşkünlüyü yaranıb. Çalışacağıq ki,  bunu aradan qaldırıb, yaxşı komanda formalaşdıraq.

– Azərbaycan millisi iki həftə sonra AÇ-2020-nin qrup mərhələsinin ilk matçında Xorvatiya yığması ilə qarşılaşacaq. Ancaq millinin heyəti hələ açıqlanmayıb…

– Baş məşqçi gec təyin olundu. Buna görə, hazırlıq üçün vaxtımız az qalıb. Ancaq baş məşqçi Yurçeviçlə istər Azərbaycan Premyer Liqasında, istərsə də xarici klublarda oynayan yerli futbolçular haqda müzakirələrimiz olub. Kifayət qədər məlumat toplamışıq. Premyer Liqanın növbəti iki turunun oyunlarını izlədikdən sonra heyəti açıqlayacağıq.


– Eddi İsrafilov böyük gözləntilərlə milliləşdirilmişdi, ancaq son vaxtlar yığmaya dəvət olunmur. O yenidən yığmaya dəvət ediləcəkmi?

– Eddinin komandası İspaniya Sequndasında çıxış edir. İsrafilov da, bu mövsüm davamlı olaraq, əsas heyətdə meydana çıxır. Tək Eddi deyil, Rüfət Dadaşov, Dəniz Yılmaz, Dmitri Nazarov kimi futbolçuları da yaxından izləyirik. Onların bütün statistik məlumatlarını toplayırıq.

– Yurçeviçlə müzakirələrinizdən sonra təxmini heyəti formalaşdırmısızmı?

– Təbii ki, müəyyən futbolçular var, onları düşünürük. Beynimizdə müəyyən komanda qurmuşuq. Amma son iki turu da izlədikdən sonra daha dəqiq heyəti müəyyən edəcəyik.

– Milli komandada qapıçı mövqeyinə kimi düşünürsüz? Əvvəlki oyunlarda “çərçivə”ni qoruyan Kamran Ağayev hazırda yaxşı formada deyil, komandası “Keşlə” də autsayderdir…

– Qapıçılar haqda da lazımlı məlumatları toplamışıq. Qapıçılarla iş üzrə məşqçi Dmitri Kramarenko özü də bu işə nəzarət edir. Baş məşqçi Yurçeviçlə müzakirələrdən sonra tam heyət qurulacaq, kimin qapıda olacağına baş məşqçi özü qərar verəcək.

– Xorvatiya ilə görüşdə Azərbaycan milllisindən hansı nəticəni gözləmək olar?

– Xorvatiyanı hamı tanıyır, hansı gücdə komanda olduğunu yaxşı bilir. Deyirlər ki, Xorvatiya ikinci heyətlə çıxacaq. Amma onlarda ikinci heyət deyə bir şey yoxdur. Futbolçuları Avropanın bir sıra güclü komandalarında çıxış edir. Sözün düzü, bu oyunda xal qazanmaq elə də inandırıcı görünmür. Ancaq indiki dövrdə müəyyən süprizlər olur. Biz də milli komanda olaraq, bir neçə dəfə güclü komandalara qarşı yaxşı mübarizə aparıb, xal qazanmışıq. Yadınızdadırsa, Çexiya millisindən xal almağı bacarmışdıq. Xorvatiya ilə görüşdə yaxşı mübarizə aparmaq istəyirik. Xal ala bilsək, bizim üçün çox yaxşı nəticə olacaq.

– Premyer Liqanın vəziyyətiylə bağlı fikirləriniz nədir?

– Gərgin mübarizə gedir. Əsas yarış “Neftçi” və “Qarabağ” arasındadır. Ancaq digər komandalar da liderlərlə başa-baş mübarizə aparır. Əvvəl “Neftçi”, “Qarabağ” və “Qəbələ” arasında yarış gedirdisə, indi digər komandaların da gücləndiyini görürük. Bizim çempionat da artıq digər ölkələrin çempionatlarıyla bərabərləşir. Autsayder olan komanda liderlə oyunda yaxşı mübarizə apararaq, xal qazanır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button