“Sözümüzü meydanda deyəcəyik” – “Araz-Naxçıvan”ın kapitanı
“Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.
Komanda.az xəbər verir ki, bunu futzal üzrə “Araz-Naxçıvan” klubunun kapitanı Emin Kürdov “Baku Fire” komandasına qarşı keçirəcəkləri Azərbaycan kubokunun final oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli qapıçı mövsümü major notlarla bitirmək istədiklərini söyləyib:
“Son oyundur. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var. “Araz-Naxçıvan” 15 ildir Azərbaycan kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədir. İdmanda hər bir titul, uğur əzizdir, qiymətsizdir”.
Azərbaycan yığmasının üzvü qarşılaşmanın maraqlı olacağını bildirib:
“Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.
Azərbaycan kubokunun final oyunu mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək.
Bizi Facebook-da izləyin