Söyüşün savab olduğu gün
Əcəmi Əsədulla
Altı yaşım yeni tamam olmuşdu. Atamın yanımda olmadığı ilk doğum günü… Xeyr, atam sağdır. Sadəcə bir işlə əlaqədar Bakıya getmişdi.
Vaxt-vədə yetişdi, atam qayıtdı.
Altıncı doğum günüm atamdan uzaqda keçsə də, onun mənə ilk dəfə hədiyyə aldığı gün də həmin gün idi. İndi deyəcəksiz ki, hədiyyə nə idi? Papaq… Atam mənə papaq almışdı. Amma sıradan papaq deyildi. Papağın alına düşən hissəsinin tam ortasında adını deyə bilmədiyim, hərflərin arasından 5 ədəd “a” seçdiyim bir söz yazılmışdı. Və bir də loqo.
Kəndimizdə işıqlar tez-tez sönürdü. Qohumumuzgildə generator var idi. Sadəcə futbol olan günlərdə onu xodlayar və atamla məni çağırardı. May ayının ortasında, axşam saat 11-də telefon zəng çaldı. Həmin qohumumuz atamı çağırdı və dedi ki, gəl, aylarla davam edən bu söhbətə son qoyaq. Bu sözdən sonra qarşılıqlı gülüşdülər. Atam mənə ilk dəfə dedi ki, o aldığım papağı qoy başına, gedirik futbola baxmağa. Axı mən heç vaxt futbola baxmamışdım. Daha doğrusu, zəhləm gedirdi.
Yol aldıq qohumgilə. Yolda atamdan soruşdum ki, kimlər oynayacaq? Yenə o adını deyə bilmədiyim komandanın final oyunu olduğunu bildirdi. Finalın nə olduğunu soruşdum. Atam dedi ki, bu oyunu udsa, çempion olacaq. “Bəs çempion nədir” sualını verəndə isə “günah səni futbola aparandadır” deyə, qarşılıq verdi.
Çatdıq “hadisə” yerinə. Oyun yeni başlayırdı. Atamdan soruşdum ki, “bizimkilər” hansıdır? Həyəcanlı bir səslə “ağlar” dedi. Heç bir sual vermədən oyunu sona kimi izlədim. Ağ formanın üzərindəki loqo papağımdakı ilə eyni idi. O gecə ilk dəfə “Qalatasaray” dedim, əlavə vaxtın, penaltinin nə olduğunu öyrəndim. Həmçinin “çempion” nə deməkdir, onu bildim. Yaxşı ki, atam “çempion nədir” sualını cavablandırmadı.
Bu hadisədən sonra “Qalatasaray”lı oldum… Amma… “Bundan sonra mənə “Qalatasaray”lı olmağa daha da “qaz” verən nədir” deyə, özümə sual verirəm. Təbii ki, “Fənərbaxça” və “Fənər”lilər. Bu, bir aksiomdur: “No GS, No FB, Yes FB, Yes GS”. “Fənər” olmasa, “Cim-bom” olmaz, “Cim-bom” olmasa, “Fənər” olmaz.
“Bizim UEFA kubokumuz var”, “19 ildir bizi meydanımızda məğlub edə bilmirsiz”, “6-0”, “Sizin meydanda kubok qaldırmışıq” kimi naftalin qoxan söhbətləri bir kənara qoyaraq, anı yaşayıb, oyundan zövq alaq.
Hə, bir də, bu oyunların bəzəyi kreativ söyüşlərdir. Yetər ki, stresiniz, aqressiyanız içinizdə qalmasın, doyunca söyün. Təki ölüm olmasın.
Bizi Facebook-da izləyin