Sotomayor 1/4 finalda

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında boks yarışlarının dördüncü gününə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan boksçularından dördünün mübarizə apardığı gündə yalnız bir qələbə qazanıldığı halda, üç təmsilçimiz məğlubiyyətlə üzləşib.

Komandamızın heyətində öncə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb. Bakı-2015-in bürünc mükafatçısı ukraynalı Nikola Butsenko ilə qarşılaşıb. Əliyev məğlubiyyətlə üzləşərək 1/4 finala yüksələ bilməyib.

İlk mərhələdən azad olan Məsud Yusifzadə (52 kq) 1/8 final döyüşündə ukraynalı Dimitri Zamotayevlə üz-üzə gəlib. “Uruçye Arena”da baş tutan görüş Ukrayna boksçusunun qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin yeganə qadın boksçusu Məryəm Cəbrayılova da bu gün mübarizəyə qoşulub. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz macarıstanlı Vivyen Budai ilə üz-üzə gəlib. Gərgin keçən döyüş macar boksçunun qələbəsi ilə yekunlaşıb.

Lorenso Sotomayor isə 69 kq çəki dərəcəsində 1/8 final çərçivəsində Bosniya və Herseqovina təmsilçisi Adem Fetahoviçlə üz-üzə gəlib. 4:1 hesabı ilə qələbə qazanan boksçumuz 1/4 finala vəsiqə qazanıb. Sotomayor 1/4 finalda Patriot Behrami (Kosovo) ilə qarşılaşacaq. Bu döyüş iyunun 26-da baş tutacaq.

Sotomayor Avropa Oyunlarında mübarizəni davam etdirən 4-cü Azərbaycan boksçusudu. Ondan başqa, Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) də Minsk-2019-da məğlubiyyətsiz irəliləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button