Şotlandiya – Ukrayna oyunu təxirə salınıb?
Şotlandiya və Ukrayna milli komandaları arasında futbol üzrə 2022-ci il dünya çempionatına vəsiqə uğrunda keçirilməli olan pley-off oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Oyunun yeni tarixi qarşıdakı 48 saat ərzində açıqlanacaq. Hələlik məsələ ilə bağlı rəsmi məlumat yoxdur.
Daha əvvəl bu oyunun martın 24-də, Qlazqoda keçirilməsi planlaşdırılırdı.
Digər yarımfinal matçında Uels və Avstriya yığmaları qarşılaşacaq.
Ukrayna Futbol Assosiasiyası ölkədəki hərbi vəziyyətlə əlaqədar oyunun başqa vaxtda keçirilməsi üçün FİFA-ya müraciət edib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin